Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Parisdə AZƏRBAYCAN-İSESKO əməkdaşlığı müzakirə olunmuşdur

Parisdə AZƏRBAYCAN-İSESKO əməkdaşlığı müzakirə olunmuşdur

Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-ya üzv ölkələrin mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Parisdə səfərdədir. Səfər çərçivəsində Əbülfəs Qarayevin İSESKO-nun baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Maliklə görüşündə Azərbaycan-İSESKO əlaqələri, əkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə edilmişdir.

Nazir Əbülfəs Qarayev təşkilatın baş direktorunu vəzifəyə təyin edilməsi münasibətilə təbrik edərək ötən dövr ərzində Azərbaycan-İSESKO əlaqələrinin inkişafı barədə qısa məlumat vermiş və bildirmişdir ki, bu əməkdaşlığın inkişafında Azərbaycanın Birinci Vitse-Prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və şəxsən Prezident cənab İlham Əliyevin böyük töhfələri olmuşdur. Azərbaycan İSESKO ilə çoxsaylı beynəlxalq layihələr həyata keçirmiş, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam Mədəniyyətinin Paytaxtı seçilmiş, 2009-cu ildə Bakıda İslam ölkələrinin Mədəniyyət Nazirlərinin Toplantısı, 2015-ci ildə İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclası keçirilmişdir.

İSESKO ölkə başçısının qlobal təşəbbüsü olan və hazırda BMT tərəfindən qəbul olunan “Bakı Prosesi”-nin əsas tərəfdaşlarındandır və bu təşəbbüs çərçivəsində 2011-ci ildən təşkil edilən 5 Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarında rəsmi tərəfdaş qismində iştirak etmişdir.

Nazir Azərbaycan-İSESKO əlaqələrinin yüksək səviyyədə olduğunu bildirmiş və yeni mərhələdə də bu əlaqələrin davamlı olaraq inkişaf edəcəyinə inamını ifadə etmişdir.

İSESKO-nun baş direktoru nazir Əbülfəs Qarayevə təşəkkür edərək əlaqələrin bundan sonra da inkişaf edəcəyinə və özündə yeni elementləri ehtiva edəcəyinə əmin olduğunu bildirmiş, həmçinin əlaqələrin inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirdiyini qeyd etmişdir. O, İSESKO-da aparılan islahatlar və bir çox layihələr barədə məlumat vermiş və qeyd etmişdir ki, bu gün İSESKO və UNESKO arasında 5 layihənin həyata keçirilməsi ilə bağlı sənəd imzalanacaqdır. Bu layihələrin həyata keçirilməsi ilə bağlı digər beynəlxalq qurumlarla da iş aparılır.

Əbülfəs Qarayev İSESKO-da aparılan islahatları təqdir etdiyini bildirmişdir. Nazir Bakı şəhərinin UNESKO tərəfindən “Yaradıcı şəhər” elan edilməsi barədə məlumat verərək gələcəkdə İSESKO çərçivəsində də bənzər layihələrin həyata keçirilə biləcəyini qeyd etmişdir.

Görüş zamanı nazir İSESKO-nun baş direktorunu Azərbaycana dəvət edib.

 

“Xalq qəzeti”

 

18 Noyabr 2019 17:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə