Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ürəyimizi şəkərli diabetdən qoruyaq

Ürəyimizi şəkərli diabetdən qoruyaq

Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda Respublika Endokrinologiya Mərkəzinin mütəxəssisləri, respublikanın aparıcı kardioloq, endokrinoloq və dietoloqlarının iştirakı ilə “Ümumdünya Diabet Günü”nə həsr edilmiş “Ürəyimizi şəkərli diabetdən necə qoruyaq” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə institutun direktoru, tibb üzrə elmlər doktoru Gülnaz Dadaşova açaraq, bu gün şəkərli diabetdən kardiovaskulyar ağırlaşmaların rast gəlmə tezliyinin artmasını, statistikaya görə dünyada şəkərli diabeti olan hər 3 xəstədən 2-nin bu ağırlaşmalardan və insultdan dünyasını dəyişdiyini qeyd etmişdir. O, hər il  Ümumdünya  Diabet Gününə həsr edilmiş müxtəlif tədbirlərin, aksiyaların keçirilməsinin ictimaiyyətin bu xəstəliyin fəsadları, ağırlaşmaları, onların müalicə və profilaktikası barədə məlumatlandırılmasına təsir etdiyini deyib.

ATU-nun daxili xəstəliklər kafedrasının professoru, Əməkdar həkim, tibb üzrə elmlər doktoru Tamfira Əliyeva çıxış edərək, diabet günü ilə bağlı tədbirlərin zəruruliyi haqqında danışıb.

Həkimləri Təkmilləşdirmə İnstitutunun terapiya kafedrasının müdiri, tibb üzrə elmlər doktoru, professor Valeh Mirzəzadə şəkərli diabetin  epidemiologiya və fəsadları haqqında qısa məlumat verərək, bu konfransın məhz akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçirilməsini təqdirəlayiq addım kimi qiymətləndirib. Respublika Endokrinologiya Mərkəzinin direktor müavini Babək Salek elmi-praktik konfransın əhəmiyyətini qeyd edib.

 Elmi-Tədqiqat Kardiologiya İnstitutunun böyük elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli, endokinoloq Fəridə Yaqubova, dietoloqlar Emil Hidayətli və Sumarə Qaracayeva çıxış edərək, şəkərli diabet və onun ağırlaşmalarının qarşısının alınması, müalicəsi, profilaktikasına dair məqamlar, dietologiya və nutrisiologiyanın əsaslarını vurğulamışlar.

Konfransın sonunda məruzələr ətrafında müzakirələr aparılmış, endokrinoloq və kardioloqların sıx əməkdaşlıq etməsinin zəruri olduğu qeyd edilmişdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Noyabr 2019 16:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə