Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva rusiyalı həmkarı ilə görüşmüşdür

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva rusiyalı həmkarı ilə  görüşmüşdür

Sankt-Peterburqdakı  “Lendok” Açıq Film Studiyasında Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ilə Rusiya Federasiyasının Mədəniyyət nazirinin müavini Pavel Stepanov arasında görüş keçirilmişdir.

Görüşdə Rusiya Mədəniyyət Nazirliyi və Dövlət Kinofilm Fondunun səlahiyyətli rəsmiləri, ölkəmizin nümayəndə heyəti və Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulluğunun əməkdaşları iştirak etmişlər.

Görüş zamanı Rusiya Mədəniyyət nazirinin müavini ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən danışmışdır. Pavel Stepanov Azərbaycan nümayəndə heyətinin səfəri münasibətilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı əsərinin motivləri əsasında çəkilmiş və Rusiya Dövlət Film Fondunun arxivində saxlanılan “Arşın mal alan” filminin müasir kino texnologiyaları vasitəsi ilə təmizlənmiş və rus dilində olan versiyasını diqqətə çatdırmaqdan şərəf duyduğunu qeyd etmişdir.

Sevda Məmmədəliyeva öz növbəsində rusiyalı həmkarına minnətdarlığını bildirərək, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında çoxşaxəli mədəni əlaqələrin tarixi, bugünkü inkişafı və gələcək əməkdaşlıq perspektivlərindən bəhs etmişdir. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş filmin dünya kino sənətinə böyük töhfə verdiyini xüsusilə qeyd etmişdir.

Daha sonra Azərbaycan nümayəndə heyətinin VIII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda məhsuldar işi, fəal iştirakı, həmçinin teatr sahəsində gələcək əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazılarının hədiyyə edilməsi haqqında protokol imzalanmışdır.

Görüşün sonunda Pavel Stepanov  Azərbaycan Mədəniyyət Nazirliyinə Rusiya teatr tamaşalarının yazıları ilə yanaşı “Arşın mal alan” filminin ilk afişasının surətini hədiyyə etmiş və qonaqları kinostudiyada yenilənmiş “Arşın mal alan” filminin nümayişinə baxmağa dəvət etmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Noyabr 2019 16:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə