Ən son xəbərlər
Finlandiyanın paytaxtı Helsinki şəhərində Azərbaycanın görkəmli dramaturqu, şair və nasir Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə bu adda tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya şurasının əlaqələndiricisi və Azər-Türk Gənclər təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutub.
Cəfər Cabbarlının nəvəsi, Cəfər Cabbarlı ev muzeyinin direktoru, Azərbaycan yazıçısı, şair, jurnalist Seyfəddin Dağlının qızı Qəmər Bağırova tədbir iştirakçılarına görkəmli dramaturqun həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.
Sonra Cəfər Cabbarlının ömür yolundan və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Azərbaycanın Əməkdar artisti Rəşad İlyasov Cəfər Cabbarlının şeirlərinə bəstələnmiş mahnılar səsləndirib. Müğənnini İsveçdən gələn "Qarabağ” rəqs qrupu müşayiət edib.
Tədbir Helsinkidə yaşayan azərbaycanlılarla yanaşı, yerli sakinlər və bu ölkədə fəaliyyət göstərən rus və türk diaspor nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.
Həmçinin tədbirdə Azərbaycan musiqisini və mədəniyyətini finlər arasında təbliğ edən Cahangir Ələkbərov və onun həyat yoldaşı, Azərbaycanın Xalq artisti bəstəkar Rauf Hacıyevin qızı Natella Ələkbərova iştirak ediblər.
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə