Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerikada milli musiqimizi təbliğ edən azərbaycanlı

Amerikada milli musiqimizi təbliğ edən azərbaycanlı

Renara Rəhimova Bakı şəhərində dünyaya gəlib. 8-ci sinifədək 6 nömrəli orta məktəbdə oxuyub. 1988-1992-ci illərdə indiki Asəf Zeynallı adına Bakı Musiqi Kollecində təhsil alaraq piano müəllimi ixtisasına yiyələnib.

1992-1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında əvvəlcə piano və vokal sənəti üzrə bakalavr, 1997-1999-cu illərdə isə vokal üzrə magistr dərəcələrinə yüksəlib.

1999-2005-ci illərdə 23 və 35 nömrəli musiqi məktəblərində müəllim, eyni zamanda, 2002-ci ilədək Azərbaycan Dövlət Akademik Musiqili Teatrda solist, 2001-2005-ci illərdə isə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında konsertmeyster – vokalist kimi çalışıb. 2005-ci ildən ABŞ-ın Şimali Karolina ştatının High Point şəhərində yaşayır...

Renara xanım ABŞ-da məskunlaşandan sonra yaratdığı studiyada fərdi piano dərsləri keçməklə yanaşı, yəhudilərin sinaqoqunda fəaliyyət göstərən kvartetdə solist kimi də çalışır. 2018-ci ildən isə High Point şəhər Müqəddəs Mariya Musiqi Akademiyasında vokalist və pianoçu tələbələrə pianonun sirlərini tədris edir. Eyni zamanda, simfonik kopellanın solistidir. Bir sıra beynəlxalq müsabiqələrdə iştirak edərək, finala çıxa bilib. Bir neçə dəfə solo konsertləri baş tutub...

Solo konsertlərində Qara Qarayevin, Fikrət Əmirovun bəstələrini tez-tez ifa edən xanım, həm də yağlı boya ilə rəsm çəkməyi xoşlayır. Gül-çiçək əkib-becərməkdən zövq alır. Mütaliə etməkdən yorulmur. O qədər mərhəmətlidir ki, imkansız ailələrdən olan uşaqları da unutmur, onlara pianodan təmənnasız dərs keçir. İndiyədək neçə-neçə istedadlı şagirdinin qocalar evlərində solo konsertini təşkil edib...

Deyir ki, Amerika möhtəşəm ölkədir: "Dünyanın hər yerindən insanlar axışıb gəlir. İstərdim ki, azərbaycanlıların da sayı artsın. Və bütün dünya xalqları bizim necə istedadlı, bacarıqlı millət olduğumuzu görsün"...

 

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

18 Noyabr 2019 16:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə