Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Həzrət Məhəmmədin dünyaya bəxş etdiyi ümumbəşəri əxlaqi dəyərlər” mövzusunda seminar

“Həzrət Məhəmmədin dünyaya bəxş etdiyi ümumbəşəri əxlaqi dəyərlər” mövzusunda seminar

 Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Həzrət Məhəmmədin dünyaya bəxş etdiyi ümumbəşəri əxlaqi dəyərlər” mövzusunda seminar keçirilib. Bu barədə Aİİ-nin mətbuat xidmətindən bildirilib.

Tədbirin moderatoru Aİİ-nin Elm və innovasiyalar üzrə prorektoru Aqil Şirinov bildirib ki, xalqın mədəniyyətinin inkişafında və formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Hər bir xalqın milli-mənəvi aləminin formalaşmasına dil, din və adət-ənənə kimi amillər həlledici təsir göstərir. Əxlaqi dəyərlər insanların bir-birinə sevgisi, məhəbbəti, şəfqəti, mərhəməti, qarşılıqlı qayğı və yardımetmə hissidir.

A. Şirinov ali təhsil müəssisəsində ardıcıl olaraq keçirilən konfrans, seminar, dəyirmi masa  və təlimlərin təşkil olunmasında məqsədin gənclərimizə milli- mənəvi dəyərlərimizin və vətənpərvərlik ruhunun aşılanmasına, onların peşəkar mütəxəssis kimi yetişməsinə töhfə verməkdən ibarət olduğunu vurğulayıb.

Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov “Həzrət Məhəmmədin dünyaya bəxş etdiyi ümumbəşəri əxlaqi dəyərlər” mövzusunda məruzə edib. Həzrət Peyğəmbərin ümumbəşəri əxlaqı təşviq edən bir çox kəlamlarının olduğunu, eləcə də “İslam gözəl əxlaqdır”, “Möminlərin iman baxımından ən kamil olanı əxlaqı gözəl olandır” hədislərinin insanları kamil əxlaqa səslədiyini qeyd edib. V. Səmədov islamın ədalət, əhdə sadiqlik, əfv etmək, düzgünlük, sevgi, qardaşlıq, mərhəmət kimi gözəl əxlaqı təşviq etdiyini, haqsızlıq,  həsəd və s. bu kimi mənfi xüsusiyyyətləri pislədiyini nəzərə çatdırıb.

Tədbirdə iştirak edən türkiyəli yazar Əhməd Turqut Həzrət Peyğəmbərin “Mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim” kəlamına diqqət çəkərək bildirib ki, İslam dini insanlara nəzakətli olmağı və yüksək əxlaqi keyfiyyətlər nümayiş etdirməyi tövsiyə edir. O, Qurani-Kərimi təkcə oxumaqla kifayətlənməməyi, onu həyatımıza tətbiq etməyin vacibliyini vurğulayıb.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 Noyabr 2019 16:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə