Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaçmazda 8 yaşayış məntəqəsində yolun yenidən qurulması yekunlaşır

Xaçmazda 8 yaşayış məntəqəsində  yolun  yenidən qurulması yekunlaşır

Vətəndaşların mənzil başına rahat çatması üçün hamar yol əsas şərtlərdəndir. Bu mənada ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir.Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolu yenidən qurulması yekunlaşmaq üzrədir. Yolun ümumi uzunluğu 35.9 km təşkil edir.

Sözügedən avtomobil yolu bir neçə istiqamət üzrə yenidən qurulur.  Bu yolun 20.5 km uzunluğa malik Xaçmaz-Əbilyataq və 7.7 km olan Qarğalıq kənd hissələridir, həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarıdır. Giriş yollarının da ümumi uzunluğu 7.7 km-dir.

Hazırda yolun 200 min m2-dən çox hissəsinə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.

Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu 8 yaşayış məntəqəsində yaşayan 6 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Çünki yolun yenidən qurulması ilə əhali istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat şəkildə gedib-gələ biləcəklər, yetişdirdikləri məhsulları xarab olmadan bazarlara çıxara biləcəklər. Bununla da sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının inkişafı hədəflənir.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

18 Noyabr 2019 15:58 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə