Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cəlil Məmmədquluzadənin nəticələri Azərbaycana gəliblər

Cəlil Məmmədquluzadənin nəticələri Azərbaycana gəliblər

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin dəvəti ilə görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin nəticəsi Martin Cavanşiri və Pşemslav Cavanşiri Bakıya gəliblər.

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları noyabrın 17-də akademik İsa Həbibbəyli ilə görüşüblər. Görüşdə qonaqlara böyük demokrat yazıçının zəngin ədəbi-bədii yaradıcılığı, Azərbaycanda dövlət səviyyəsində onun şəxsiyyətinə və irsinə göstərilən yüksək ehtiramdan bəhs olunub. Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.

Görüş zamanı 1942-ci ildə Azərbaycandan getmiş Mirzə Cəlilin oğlu Ənvər Məmmədquluzadənin mühacirət həyatından və onun dünyanın müxtəlif ölkələrində yaşayan övladlarının və nəvə-nəticələrinin taleyindən geniş söz açılıb.

Daha sonra akademik İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin nəslinin davamçılarına babaları Cəlil Məmmədquluzadəyə həsr edilmiş kitabları və böyük yazıçının metal üzərində döymə üsulu ilə işlənmiş portretini hədiyyə edib.

Polşadan gəlmiş qonaqlar Şəhidlər xiyabanını ziyarət edib, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi ilə tanış olub, həmçinin İçərişəhəri gəziblər.

Qonaqlar Cəlil Məmmədquluzadənin ev muzeyinin yenidən qurulmasından sonra açılış mərasimində iştirak ediblər.

Cəlil Məmmədquluzadənin nəslinin davamçıları Azərbaycanın bir qrup ziyalıları ilə birlikdə bu gün böyük demokrat yazıçının Fəxri xiyabandakı məzarını ziyarət edib, əklil qoyublar.

 

“Xalq qəzeti”

18 Noyabr 2019 14:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə