Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 41 fərdi yaşayış evi verilib

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə  41 fərdi yaşayış evi verilib

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların yeni mənzillərlə təminatı tədbirləri davam etdirilir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 9 rayonda  (Hacıqabul, Ucar, İmişli, Qazax, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab)  41 fərdi yaşayış evi  bu kateqoriyalardan olanlara təqdim edilib.

Hacıqabul və Ucar rayonlarında fərdi yaşayış evlərinin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilməsi tədbirlərində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizin dayanıqlı inkişafı proseslərinin güclü sosial siyasətlə tamamlandığını bildirib. O, Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayıb. Ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını, təkcə bu il reallaşdırılan iki sosial paketin 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olduğunu qeyd edib.

M.Kərimli diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq, sosial cəhətdən həssas qruplarla bağlı sosial proqramlar ildən-ilə geniş miqyas alır. Əgər 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil həmin insanlara təqdim edilibsə, bu il 934 mənzil və fərdi yaşayış evinin şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilməsi planlaşdırılıb. Cari ilin ötən dövründə onlardan 300-ə yaxın mənzil və fərdi ev artıq təqdim olunub.

Nazir müavini ümumilikdə bu vaxta qədər  nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6951 mənzilin və fərdi evin verildiyini vurğulayıb. O, bu istiqamətdə tədbirlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyini deyib.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan vətəndaşlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmalarından, sosial təminatlarının gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını ifadə ediblər. Onlar göstərilən yüksək qayğıya, eyni zamanda, müasir tələblərə uyğun inşa etdirilmiş fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Noyabr 2019 13:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə