Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naftalanda bərpa mərkəzi təmirdən sonra istifadəyə verilib

Naftalanda bərpa mərkəzi təmirdən sonra istifadəyə verilib

Naftalandakı Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi Cavid Əbdül-Qədirov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Rüstəm Ağayev, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova qeyri-hökumət təşkilatlarının nümayəndələri, əlilliyi olan şəxslər iştirak ediblər.

C.Əbdül-Qədirov bildirib ki, dövlət başçısının tapşırıqlarına əsasən, reabilitasiya mərkəzlərində müasir tələblərə uyğun şərait yaradılır. Bu müəssisədə də müasir tələblərə cavab verən bərpa müalicəsi şəraiti yaradılıb.    Xidmət rəisi mərkəzdə il ərzində 600-dək əlilliyi olan şəxsə xidmət göstəriləcəyini diqqətə çatdırıb.  Müəssisə yeni müasir tibbi-reabilitasiya aparatları, avadanlıqlarla da təchiz edilib. Burada əlilliyi olan şəxslərə effektiv  fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin Naftalan nefti ilə sınanmış müalicə prosedurları tətbiq ediləcək. Yeni qurulan “Reabilitasiya” altsistemi əlilliyi olan şəxslərin reabilitasiyası işinin təşkilində bərpa müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyaları arasında elektron müstəvidə məlumat mübadiləsinə imkan verir və əillərin bu müəssisələrə qəbulu komissiyalar tərəfindən  həyata keçiriləcək.

A.Cabbarova ölkəmizdə əlillərin reabilitasiyası üçün geniş imkanlar yaradılmasının, müasir tələblərə uyğun reabilitasiya müəssisələrinin açılmasının Prezident İlham Əliyev tərəfindən həssas qruplara xüsusi qayğının bir nümunəsi olduğunu bildirib.

Çıxış edənlər ildən-ilə gücləndirilən sosial müdafiə tədbirlərindən razılıqla bəhs edib, əlillərin rifahının yaxşılaşdırılması sahəsində aparılan mühüm işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.  

Sonra mərkəzdə yaradılan şəraitə baxış olub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

18 Noyabr 2019 12:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə