Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İqtisadi islahatlar ölkənin inkişafını daha da sürətləndirir

İqtisadi islahatlar ölkənin inkişafını daha da sürətləndirir

İslahatlara alternativ yoxdur. Mən yeni iqtisadi model ­haqqında öz andiçmə mərasimimdə fikirlərimi ifadə etmişəm. Əsas konturlar o vaxt müəyyən olunub. Ondan sonra aparılan islahatlar, o cümlədən kadr islahatları bu məqsədi güdür. 
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Bu ilin doqquz ayı üzrə makroiqtisadi göstəricilərin təhlili Azərbaycan iqtisadiyyatında müsbət meyillərin getdikcə güclənməsindən xəbər verir. Bu meyillər sosial-iqtisadi sabitliyin təmin olunması, iqtisadi islahatların sistemli şəkildə aparılması, xarici investisiya qoyuluşlarının həcminin artması, tələb olunan miqdarda əcnəbilərə məxsus müəssisələrin yaradılması və s. amillərlə əlaqədardır.

Prezident İlham Əliyevin yanında cari ilin doqquz ayına həsr olunan iqtisadi müşavirədə də hesabat dövründə əldə edilən uğurlar, eyni zamanda, qarşıya qoyulan vəzifələr diqqətə çatdırılıb. Bildirilib ki, bu müddətdə qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çox olub. Qeyri-neft sənayesi 15 faizdən, kənd təsərrüfatı 7 faizdən çox artıb. Xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edib. “Doing Business” hesabatına görə, Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer alıb. Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 130 milyon manat güzəştli şərtlərlə kreditlər verilib. Minimum əmək pensiyası 200 manata çatdırılıb ki, bununla da ölkəmiz MDB məkanında alıcılıq qabiliyyəti indeksi üzrə birinci yerdə qərarlaşıb. Eyni zamanda, mövcud potensialın ili daha yüksək nailiyyətlərlə yekunlaşdırmağa imkan verəcəyi xüsusi vurğulanıb.
Yeni iqtisadi modelə transformasiya zamanı mikro, kiçik və orta sahibkarlığın meyarları yenilənib, “Yaşıl dəhliz”in qaydalarının qəbulu, biznesə başlama, lisenziya və icazələr, yoxlamalar, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, əmlakın qeydiyyatı və xarici ticarət üzrə islahatlar aparılıb, həmçinin yeni sənaye, aqro və texnoparklar, sənaye məhəllələrinin yaradılmasına başlanılıb. Vergi və gömrük islahatlarında sahibkarların vergi yükünün optimallaşması, vergi bazasının genişləndirilməsi, leqallaşma, rəqəmsallaşma və vergi-gömrük administrasiyası ilə sahibkarların münasibətlərinin daha da sivil səviyyəyə qaldırılması əsas vəzifələr kimi qarşıya qoyulub. Beynəlxalq ictimaiyyət tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlara ən yüksək qiymət Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi olub. Bundan başqa, 2017-ci il və 2018-ci ilin ilk dörd ayında təkcə “Doing Business” hesabatı üzrə 30-a yaxın normativ hüquqi akt qüvvəyə minməklə 70-dən çox islahat tədbiri reallaşdırılıb. “Doing Business 2019” hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmaqla MDB-də lider mövqeyinə yüksəlib. 

Yeni iqtisadi modelə transformasiya zamanı institusional və struktur islahatları diqqət mərkəzində saxlanılıb. Transformasiya çərçivəsində “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya” qəbul edilib, həmçinin KOB-un İnkişafı Agentliyi, “DOST” Mərkəzi, TƏBİB, DAİM təsis olunub, turizm, qida, aqrar kredit və inkişaf agentlikləri, “Aqrar tədarük və təchizat” ASC, Rəqəmsal Ticarət Qovşağı kimi qurumlar yaradılıb. Beləliklə, dövlətimizin başçısının yeni iqtisadi modellə bağlı tapşırıqlarına uyğun olaraq institusional strukturlarlar mütəmadi şəkildə yenilənib. Vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstərilməsi üçün dövlət xidmətlərini tam elektronlaşdırmaq, dövlət informasiya ehtiyatlarının analitik təhlilini aparmaq və nəticələrindən dövlət və özəl sektorun istifadəsi imkanlarını yaratmaq məqsədilə dövlət informasiya ehtiyatlarının, həmçinin sistemlərinin formalaşdırılması, idarə olunması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi sahəsində vahid yanaşmanın, standartların tətbiqi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi üçün “Elektron hökumət”in əhatə dairəsi genişləndirilib, “bir pəncərə” prinsipindən 7/24/365 prinsipinə keçid sürətləndirilib.
Yeni mərhələdə qarşıda duran əsas vəzifələrdən biri də sahibkarlıq fəaliyyətinin genişləndirilməsidir. Bu məsələ İqtisadiyyat Nazirliyində diqqət mərkəzində saxlanılır. Hazırda nazirlikdə investisiya qanunvericiliyinin daha da təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanır. 
Yeri gəlmişkən, İqtisadiyyat Nazirliyində artıq özəl sərmayə qoyuluşunun prioritetliyi nəzərə alınaraq, iqtisadiyyatın investisiya cəlbediciliyinin stimullaşdırılması üçün investisiya fəaliyyəti haqqında yeni qanun layihəsi və birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya, “Azərbaycana sərmayə” (“İnvest in Azerbaijan”) və “Azərbaycanda ilk” (“First in Azerbaijan”) təşviq mexanizmləri, ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair Tədbirlər Planı hazırlanıb.
Bundan başqa, Türkiyə, Çin və digər ölkələrdə Azərbaycanın investisiya imkanlarının geniş təqdimatı nəzərdə tutulur. Növbəti illərdə özəl investisiyalarin orta hesabla 11 faizlik artımı gözlənilir.
Son illərdə sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə kredit ayrılmasına da xüsusi əhəmiyyət verilib. Belə ki, cari ilin 9 ayında özəl sektorun inkişafı, iş adamlarının fəaliyyətlərinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib. Bu dövrdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 450 milyon manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər hesabına 130 milyon manat, o cümlədən 857 kiçik və orta həcmli layihəyə 24 milyon manat güzəştli kredit ayrılıb. 
Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3800-dək yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli kreditlərin 74 faizi aqrar sektorun, 26 faizi sənaye istehsalı və digər sahələrin, 66 faizi regionların, 34 faizi isə Bakı qəsəbələrinin payına düşür. Cari ilin 9 ayı ərzində fondun güzəştli kreditlərindən istifadə etməklə yaradılan 19 müəssisə istifadəyə verilib.
Sonda bir məqamı da qeyd etmək yerinə düşərdi. Belə ki, hazırda mühüm önəm verilən struktur islahatlarının gerçəkləşdirilməsi də iqtisadi inkişafı sürətləndirir. Belə bir mühüm məsələyə xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyev çıxışlarında dəfələrlə vurğulayıb ki, bu islahatların aparılmasına ciddi ehtiyac var. Bu səbəbdən də daha çevik, operativ idarəetmə mexanizminin yaradılması bundan sonra da davam etdiriləcək. Çünki hazırda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Belə halda isə struktur islahatlarının həyata keçirilməsi zəruridir. Bu cür şəraitdə şübhəsiz ki, daha səmərəli işləmək və iqtisadi inkişaf templərini daxili resurslar hesabına reallaşdırmaq mümkündür.

 

 “Xalq qəzeti”

 

 

16 Noyabr 2019 22:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə