Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dini və ya milli fərqə görə nifrətin, ayrı-seçkiliyin olmadığı ölkə – Azərbaycan!

Dini və ya milli fərqə görə nifrətin, ayrı-seçkiliyin olmadığı ölkə –  Azərbaycan!

Mən əminəm ki, bu zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq. Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir.
Prezident İlham Əliyevin
Dünya dini liderlərinin II sammitindəki nitqindən.
Bakı, 14 noyabr, 2019-cu il


Dövlət başçımızın növbəti beynəlxalq tədbirdə də dilə gətirdiyi “dini ayrı-seçkiliyə yol verməmək” ifadəsi Azərbaycan xalqının canında – qanında olduğu kimi, dövlətimizin də əsas qanununda öz əksini tapır. ­Prezident İlham Əliyev hələ on il qabaq – 2010-cu il aprelin 26-da Bakıdakı “Gülüstan” sarayında Dünya dini liderlərinin sammitindəki nitqində demişdi ki, Azərbaycan dini və milli ­dözümlülüyün böyük və şərəfli tarixi ilə tanınır.

Dünyanın 35 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 250-dək nümayəndənin qatıldığı həmin sammitdə sivilizasiyalararası dialoq, dünyada sülhün və əmin-amanlığın bərqərar olması, mövcud təhdidlərin aradan qaldırılması, dinlərarası dialoqa yeni impuls verilməsi, terror və ekstremizm, habelə dünya iqtisadi böhranı ilə bağlı məsələlər müzakirə olunmuşdu. Prezident xatırlatmışdı ki, ölkəmizdə 1000-dən çox məscid, 22 kilsə, altı sinaqoq digər dini məbədlər fəaliyyət göstərir.
Təxminən on ildən sonra – Dünya dini liderlərinin II sammitində isə dövlət başçımız ölkəmizdəki ­dini – etnik­ müxtəlifliyi bizim böyük sərvətimiz adlandırdı və əlavə etdi ki, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır: “Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən, onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar. Qeyd etməliyəm və biz fəxr edirik ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir”.
Ekspertlərin fikrincə, bu istiqamətdə müzakirələr aparılarkən bizim fəxrlə yada sala biləcəyimiz başqa bir dəyər də vardır. Bu isə dünyanın dini liderlərinin və görkəmli ziyalıların Azərbaycandakı tolerantlığa verdiyi qiymətdir. Prezident noyabrın 14-dəki sammitdə həmin məsələni daha aydın və konkret şəkildə dilə gətirdi ki, beynəlxalq təşkilatlar, eyni zamanda, dünya dini liderləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirlər. Azərbaycana bir neçə dəfə səfər etmiş Zati-müqəddəsləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Azərbaycana səfər etmiş Roma Papası Fransisk, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxslər Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında dəfələrlə öz sözlərini demişlər. Bu sözlər, bu yüksək qiymət bizim üçün çox dəyərlidir və bu, reallığı əks etdirir.

 

 

Maraqlıdır ki, ölkəmizdə keçirilən digər beynəlxalq tədbirlər kimi dini liderlərin sammiti də ənənəvilik statusu qazandı. Belə ki, Bakı ­humanitar forumları da ənənəvi olaraq keçirilir, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da BMT tərəfindən dəstəklənir. Prezident xatırlatdı ki, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, dünya dini liderlərinin zirvə görüşləri, yəni, bütün bu tədbirlərin bir məqsədi var -- dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, ­multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi vermək. Çünki biz yaxşı görürük və mətbuatdan da izləyirik ki, dini zəmində, etnik zəmində, məzhəb zəminində bir çox xoşagəlməz hallar -- münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik.
O ki qaldı, dünyanın dini liderlərinin Azərbaycanda keçirilən tədbirləri dəstəkləməsinə, həmin arqumentimizi noyabrın 14-də eşitdiyimiz bəzi fikirlərlə əsaslandıra bilərik. Məsələn, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Bakı sammitindəki çıxışında dedi ki, son illər Bakıda və bir çox ölkələrdə Azərbaycanın himayədarlığı altında müasirliyin çətin suallarına birlikdə cavab vermək məqsədilə çoxsaylı dinlərarası və mədəniyyətlərarası tədbirlər keçirilir və bu, çox əhəmiyyətli addımdır.
Rusiyanın dini lideri xatırlatdı ki, bu gün Yer kürəsinin ayrı-ayrı nöqtələrində müxtəlif münaqişələr və terrorçuluğun indiyədək görünməmiş tüğyanı ilə hamını kədərləndirib: “Terrorçular günahsız dinc insanların qanını axıdır. Şri-Lanka, Yeni Zelandiya, Suriya, İraq, Əfqanıstan, Fransa -- bunlar son iki ildə dünyanı sarsıdan terror aktlarının törədildiyi ölkələrin heç də tam siyahısı deyil. Etiraf etməliyik ki, ənənəvi dinlərə qarşı müharibə gedir. Bu müharibə şəhər və kəndlərdə, informasiya məkanında, ən vacibi isə insanların şüurlarında və qəlblərində aparılır. Ən təhlükəlisi budur ki, bu müharibədə ön sıralarda gənc nəslin nümayəndələri döyüşürlər. 
Patriarx Bakı sammitinin arzu olunan nəticələri verəcəyinə nikbinliklə baxdığını bildirdi: “Əminəm ki, dini liderlər dialoq yolu ilə bu gün bəşəriyyətin rastlaşdığı problemlərə ciddi təsir göstərə bilərlər. Bizim səsimiz o vaxt inandırıcı olar ki, birlikdə və həmrəyliklə səslənsin. Əminəm ki, biz birlikdə Tanrı qarşısında cavabdeh olduğumuz sülhyaradıcı vəzifəmizi yerinə yetirə bilərik. Səmimi qəlbdən arzu edirəm ki, bugünkü sammit bunun təsdiqinə çevrilsin”.
Sammit çərçivəsində eşitdiyimiz daha maraqlı fikirlərdən birini isə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataeadzenin dilindən eşitdik. Daha doğrusu, gürcü diplomat Prezident Salome Zurabişvilinin məktubunu oxudu. Dost ölkənin dövlət başçısının məktubunda qeyd edilirdi ki, gürcülər və azərbaycanlılar fərqli dinlərin nümayəndələridir. Lakin buna baxmayaraq, bizi yaxın dostluq əlaqələri birləşdirir. Bu münasibətlərin qorunub saxlanılmasında və möhkəmləndirilməsində mən hər zaman Azərbaycanın və Gürcüstanın dini liderlərinin şəxsi rolunu görürəm: “İnanıram ki, bu dostluq heç zaman sarsılmayacaq, onu qoruyub saxlayacağıq və bununla regionumuzu daha da gücləndirəcəyik. Məhz bizim region üçün sülh, inkişaf xüsusi əhəmiyyət kəsb edir”. 
Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini Malkolm Honlayn isə Azərbaycandakı tolerant mühiti hamıdan yaxşı qiymətləndirdi: “Biz bütün dünyada çox vaxt digər dinləri hədəfə almaqla dini motivasiyalı, nifrət zəminində cinayətlərin sayının kəskin şəkildə artdığının şahidi oluruq. Biz xristianların, müsəlmanların, bütün dinlərin nümayəndələrinin hədəfə alındığını görmüşük. Biz xüsusilə yəhudilərə münasibətdə nifrət – antisemitizm aktlarının artmasının şahidi olmuşuq. Yəhudi inancından olan fərdlər və təsisatlar fiziki zorakılıq, ayrı-seçkilik və qısnama aktlarının hədəfinə çevriliblər. Bunun şahidi olmadığımız yerlərdən biri məhz bura -- Azərbaycandır”.
Sonda qeyd edək ki, noyabrın 15-də Dünya dini liderlərinin II sammitinin Bakı Bəyannaməsi qəbul edilib. Bəyannamədə Azərbaycan dövlətinin beynəlxalq əməkdaşlığın inkişafına, din-dövlət münasibətlərinin formalaşmasına, sivilizasiyalararası və dinlərarası əlaqələrin möhkəmləndirilməsinə, müxtəlif milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin qorunmasına mühüm önəm verdiyi vurğulanıb. Bundan başqa, Azərbaycan Prezidentinin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı prosesi”, “Multikulturalizm” və “İslam həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin əhəmiyyəti, o cümlədən Dünya dini liderlərinin I Bakı sammitinin, habelə, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələri qeyd edilib. 
Dünyanın müxtəlif regionlarını təmsil edən xristian, müsəlman, yəhudi, buddist, induist və digər dini birliklərin rəhbərləri və dini konfessiya təmsilçilərinin müasir dünyanı təhdid edən problemlərə dair birgə mövqeyinin bildirilməsi, o cümlədən dinlərarası və sivilizasiyalararası həmrəyliyin vacibliyinin bütün dünyaya nümayiş etdirilməsi məqsədilə belə tədbirlərin davamlı əsaslarda təşkil olunmasının əhəmiyyəti vurğulanıb. 
Eləcə də, dünyada terrorizmin, müxtəlif zəminlərdə ayrı-seçkiliyin, ksenofobiyanın, dini və etnik zəmində dözümsüzlüyün artması, terrorçu və ekstremist qruplaşmalar tərəfindən dini dəyərlərin məqsədyönlü şəkildə təhrif olunması, mədəni, dini və tarixi irsin dağıdılması, eləcə də qaçqınların, məcburi köçkünlərin və miqrantların humanitar fəlakət həddinə çatmış kütləvi axını nəticəsində dünyada sülhün, qlobal dialoqun və bəşəri həmrəyliyin bərqərar olmaması ilə bağlı dərin narahatlıq ifadə edilib.
Bəli, dünyada dini, milli və ya digər hansısa fərqə görə nifrətin, ayrı-
seçkiliyin olmadığı ölkənin adı – Azərbaycandır!

 

İttifaq MİRZƏBƏYLİ, 
“Xalq qəzeti”

 

 

16 Noyabr 2019 22:27 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə