Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur”

“Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur”

Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına, Şirvan şəhərinə və Zərdab rayonuna  yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edən zamanı Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, ümumən qəbuldakı nitqi, istər cəmiyyətşünaslıq baxımından, istər konkret istimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi dəyərlər baxımından diqqətəlayiq olub, özünə xəlqi, konstruktiv münasibət tələb edir. 
 

Xəlqi və konstruktiv münasibət sözlərini təsadüfdən işlətmirəm. Prezidentin yeni təyin etdiyi icra başçıları ilə görüşünün ardından bəlli müxalif media orqanları öz şakərlərinə sadiq qalaraq, qarayaxmaya başlayıblar. Yenə yaxşıda yaman görmək, yenə uğur sözünü “suz” sözsonluğu olmadan təsəvvür edə bilməmək və s. Amma niyə axı?  Təkmilləşmə, inkişaf, tərəqqi, yeni təyinatlar və yeni kadrlarla yeni dövr… Bu gedişat azərbaycanlı olan kəsi niyə narahat etsin ki? Bəlkə, hər yenilik onları öz siyasi hikkələrindən, iddialarından bir qədər də uzaqlaşdırır -- ona görə? Bəlkə, məhz şakər dediyimiz nəsnə aktiv fazaya keçib? Yaxşı, hətta, belə isə özünə jurnalist, tədqiqatçı, ziyalı, nə bilim, politoloq deyən kəs, azca düşüncəyə dalıb da, özü öz sözünə çəki-düzən verə bilməzmi? Kadr dəyişikliyi getmir – irad, giley eşidirik. Kadr islahatı gedir – yenə giley, irad…  Bəs necə olsun? Nə isə, söhbətin bu tərəfi suallarla bəzəkli olsa da, özlüyündə önəmli dərəcədə aydındır.   
Bəli, ölkədə kadr islahatları davam edir. Prezidentin sözləri ilə desək, “kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, is-lahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir.”
İstər son təyinatlar, istər bundan bir qədər öncəki təyinatlar və onlara verilən konstruktiv reaksiyalar, bir həqiqəti ortaya qoydu: dövlət, cəmiyyət, bütövlükdə ölkəmiz yeniliklərə qərarlıdır. Bunun üçün həm siyasi iradə mövcuddur, həm də, cəmiyyətin istəyi, inamı. 
Mən uzun illər gənclər sektorunda çalışmışam. Gənclərlə iş, dövlət qulluğunda və ictimai fəaliyyətimdə mənim üçün aparıcı xətt təşkil edib. Odur ki, istər-istəməz, gənc kadrların irəli çəkilməsi, onlara güvən olması, bir vətəndaş kimi də, necə deyərlər, gənclərlə iş sahəsində ixtisaslaşmış bir şəxs olaraq da, şəxsən mənim üçün çox doğmadır, xoşdur. 
Gənclik enerjisinin, yeni təfəkkürün dünya tarixində, bizim öz tariximizdə, çağdaş zəmanədə nələr etdiyini az-çox bilirik. Onu da bilirik ki, Azərbaycan gəncliyinin əksəriyyəti şüurlu, peşəkar vətəndaşlardır. Onlar çağdaş dövrün çağırışlarına biganə qalmayan, yeni dönəmin ritmini anlayan, milli ahəngi də gözləməklə irəli getməyin zəruriliyini başa düşən gənclikdir. Ən əsası, gənclərimiz bütün yabançı elektronik, dırnaqiçi sənət, yad musiqi, geyim-keçim, qida və s. təsirlərə baxmayaraq, cövhərdə, canda öz soykökünə bağlıdır, vətənpərvərdir. Yetər ki, onlarla düzgün iş qurulsun, onlarla ədalətli davranılsın, onların təşəbbüsləri diqqətə alınsın, müraciətləri vaxtlı-vaxtında cavab tapsın, gənclər-idman strukturları, gənclər evləri dövləti məsuliyyətin idrakında olsun. Bu planda, məsələn, gənclər hərəkatının veteranları fəxri ünvanını daşıyan həmkarlarımı, gənclər hərəkatında təmənnasız xidmətləri olan dostları xatırlayıram. Onların bilik-bacarığı, vətənpərvərliyi bəllidir, təcrübələri şübhə doğurmur və qəti əminəm ki, onların bu keyfiyyətləri məhz bu günümüzün dəyi-şiklikləri ilə çox səsləşir. 
Bunları niyə yazıram? Cənab Prezidentin gənclərlə işi vurğulaması, vətənpərvərlik tərbiyəsinin önəmini qeyd etməsi ürəyimizdən xəbər verir. Biz bu mövqenin, Prezident tapşırığının könül-könül, kollektiv-kollektiv, kənd-kənd, şəhər-şəhər, nəhayət,  ölkə boyunca doğuracağı yeni dalğanı görürük, sevinirik. Və güvənirik!
Gəlin bu yerdə Prezidentin yeni təyin olunan icra başçıları ilə görüşdəki sözlərini xatırlayaq: “Müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar.” 
Bəli, dövlət başçısı məhz təcrübə ilə yeniliyin sintezini uğurların əsas bazası kimi qiymətləndirdi. Dövlət başçısı məhz Vətənə bağlılığı ön plana çəkdi. Bu yalnız yeni icra başçılarına deyil, elə bilirəm, hamımıza, bütün cəmiyyətə verilən ismarıcdır. İdeoloji iş, gənclərlə iş, ümumən vətənpərvərlik işinin, dini maarifçiliyin və s. günümüzdəki önəmi məhz bu sözlərdə cəm olub. Hər kəs öz yerində, öz işində məsuliyyətli olsa, necə deyərlər, sabitqədəm olsa, bu, elə vətənpərvərlikdir! Bakıda, Şəkidə, Ləkidə -- fərq etməz, insan öz işini yaxşı görür, məsuliyyətini dərk edirsə, bu, Şuşaya, Laçına, Kəlbəcərə bayraq sancmağımıza xidmət dəyərindədir.
Hamı elliklə siyasətlə məşğul olmalı deyil. Hamı eyni işi görməli deyil. Hər kəs öz könlündə, öz yerində, öz işində ümumi işə töhfə versin, yetər.
Bu anlamda, Zərdabımız, Şirvanımız, Xətaili, Yasamallı, Suraxanılı Bakımız öz yeni başçıları ilə dövlətə, dövlətçiliyə, qüdrətli Azərbaycan strategiyasına töhfələrlə seçilməsini istəyirik və inamla gözləyirik.
Dövlətimizin bayrağı uca olsun!

 

Əkbər QOŞALI,
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri

16 Noyabr 2019 22:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə