Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İyirmi doqquz il bundan əvvəl Naxçıvanda Azərbaycanın üçrəngli Dövlət bayrağı qaldırıldı və Muxtar Respublikanın adında “Sovet Sosialist” sözlərindən imtina edildi

İyirmi doqquz il bundan əvvəl Naxçıvanda Azərbaycanın üçrəngli Dövlət bayrağı qaldırıldı və Muxtar Respublikanın adında “Sovet Sosialist” sözlərindən imtina edildi

Doğma Vətən torpağına heç də yenidən hakimiyyətə qalxmaq... üçün yox, ancaq və ­ancaq ­respublikanın bu ağır və çətin dövründə ­xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcumu yerinə yetirməyə, azadlıq uğrunda mübarizəyə ­qoşulmağa gəlmişəm. Məni bir azərbaycanlı kimi bu ­hüququmdan heç kəs məhrum edə bilməz.
Heydər Əliyevin Azərbaycan SSR Ali Sovetinin
12-ci çağırış I sessiyasındakı çıxışından.
9 fevral 1991-ci il


XX əsrin 80-ci illərinin sonlarında – keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovun hakimiyyəti zamanında İttifaq rəhbərliyi açıq-aşkar müsəlman respublikalarının inkişafına lazımi şərait yaratmır, milli ayrı-seçkilik toxumu səpir, bəzi respublikaların xalqları ilə ikinci dərəcəli vətəndaşlar kimi rəftar edirdi. Uydurma “yenidənqurma” öz acı bəhrələrini verir, bir xalqın digər xalq üzərində hökmranlığına şərait yaradırdı. Həmin dövrdə SSRİ-nin ali rəhbərliyində mühüm vəzifədə çalışan ulu öndər Heydər Əliyev bu ayrı-seçkiliyə biganə qalmadı. O, bu məsələdə tutduğu prinsipial və qətiyyətli mövqeyini Sov.İKP MK Siyasi Bürosunun və SSRİ hökumətinin tərkibindən istefası ilə büruzə verdi. 

Heydər Əliyevin öz etirazını bu şəkildə bildirməsi Mixail Qorbaçova və onun ətrafındakı millətçi erməni dairələrə Azərbaycana qarşı məkrli təzyiqləri göstərməkdə sanki fürsət verdi. Bundan sonra respublikamıza qarşı təzyiqlər daha da gücləndi. Millətlər arasında ədavət yaratmaqda peşəkar olan Mixail Qorbaçov Azərbaycanı parçalamaq, etnik münaqişəyə cəlb etmək məqsədi ilə tezliklə qondarma Dağlıq Qarabağ problemini ortaya atdı. Xalq öz haqlı etiraz səsini qaldıraraq azadlıq, istiqlaliyyət istəyini bəyan edəndə isə tarixə qanlı 20 Yanvar faciəsi kimi həkk olunmuş dəhşətli hadisə törədildi. Bakı küçələrində əliyalın əhalinin üzərinə sovet tankları yeridildi.
Bu qanlı hadisəyə ilk etiraz səsini qaldıran da ulu öndər Heydər Əliyev oldu. Faciənin ertəsi günü Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələn Heydər Əliyev bu qırğını “ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata ­keçirilmiş” qanlı cinayət adlandırdı. 
Həmin dövrdə bütün respublikada olduğu kimi, Naxçıvanda da vəziyyət çox gərgin idi. Erməni separatçılarının Dağlıq Qarabağda törətdikləri vəhşiliklər, respublika rəhbərliyinin çaşqınlığı, Kremlin Azərbaycana qarşı qərəzli mövqeyi ölkəni böhran həddinə gətirib çıxarmışdı. SSRİ-nin sütunları laxlayır və artıq özünün son günlərini yaşayırdı. Respublikanın itaətkar və səbatsız rəhbərliyi isə müstəqilliyin əldə edilməsi üçün taleyin bəxş etdiyi nadir tarixi fürsətdən istifadə etməkdə acizlik göstərir, Bakının küçə və meydanlarını qana boyamış SSRİ rəhbərliyinin tapşırıqlarını yerinə yetirirdi.
Hələ o vaxt Heydər Əliyev öz uzaqgörənliyi ilə İttifaqın dağılacağını qabaqcadan görür və Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunacağı günə, azadlıq aşiqlərinin müqəddəs arzularına – müstəqilliyə, suverenliyə qovuşacaqlarına qəlbən inanırdı.
Heydər Əliyevin Sovet İttifaqındakı böyük nüfuzundan xoflanan başda Mixail Qorbaçov olmaqla, ətrafındakı şovinistlər ulu öndərin hər addımını nəzarətdə saxlamağa, ölkədə gedən proseslərdən onu təcrid etməyə ­çalışırdılar. Kremlin bütün təzyiqlərinə baxmayaraq, Heydər Əliyev Azərbaycana qayıtmaq istəyini gizlətmirdi. Mərkəz isə bu istəyin reallaşmasına bütün vasitələrlə mane olur, süni əngəllər yaradırdı. Onu gözləyən ciddi təhlükələrə baxmayaraq, xalqının taleyinə, Vətənin dözülməz şəraitdə qalmasına biganə qala bilməyən böyük siyasətçi 1990-cı il iyulun 20-də Vətənə döndü. Ancaq onun Bakıda yaşamasına imkan verilmədi və iyulun 22-də Heydər Əliyev doğulub boya-başa çatdığı Naxçıvana getdi.
Naxçıvan əhalisi ulu öndəri – öz xilaskarını böyük izdihamla qarşıladı. Xalqın ağır və dözülməz şəraitdə olduğu, iqtisadi, siyasi, sosial, hərbi və mənəvi böhran keçirdiyi bir dövrdə dahi şəxsiyyətin Naxçıvana qayıtması əhalidə böyük ruh yüksəkliyi, gələcəyə inam yaratdı. Heydər Əliyevin nüfuzu nəinki Naxçıvanda, hətta respublikada, ondan kənarda da kifayət qədər yüksək idi. Bu isə o dövrkü iqtidarı və rəsmi Moskvanı ciddi narahat edirdi. Əslində isə Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtmaq üçün deyil, öz doğma Vətəninə dönmüşdü. 
Həmin vaxt respublikaya rəhbərlik edənləri də Heydər Əliyev fenomeni çox narahat edir, ona qarşı hər cür təzyiqdən istifadə olunur, doğma elində-obasında da rahat buraxmırdılar. Ancaq 1990-cı il sentyabrın 30-da Azərbaycan SSR xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri zamanı əhali bu böyük siyasətçini birmənalı şəkildə dəstəklədi. Seçkilərin birinci turunda Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan ­SSR-nin, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR-nin xalq deputatı seçildi.
Ulu öndər Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Belə bir ağır vaxtda Naxçıvanda milli dövlətçilik ənənələrini bərpa etməyə başladı. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu. 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin 12-ci çağırış birinci sessiyasında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul edildi. SSRİ kimi imperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanda qəbul edilən bu qərarlar böyük cəsarət tələb edirdi. Bununla ümummilli liderimiz milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük və cəsarətli addımı atdı. 
Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu, üçrəngli bayrağı məhz ulu öndərin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Muxtar Respublikanın ali qanunvericilik orqanında Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qaldırıldı. Heydər Əliyevin sədrliyi ilə keçən həmin tarixi ­sessiyada Muxtar Respublikanın rəsmi adından “Sovet Sosialist” sözləri çıxarıldı, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək “Ali Məclis” adlandırıldı.
Həmin dövrdə Naxçıvanda qəbul edilən qərarlar nəinki Azərbaycanda, bütün ­dünyada böyük əks-səda doğurdu. Nəhəng imperiyanın tərkibində olan muxtar respublikada atılan cəsarətli addımlar ölkəmizdə və beynəlxalq aləmdə böyük rəğbətlə, alqışlarla qarşılandı. Çünki həmin günə qədər kimliyindən və tutduğu vəzifəsindən asılı olmayaraq, heç kim belə bir qərar layihəsini nə hazırlamışdı, nə də qəbul edilməsinə cəhd göstərmişdi. 29 il əvvəl Naxçıvan parlamentində qəbul edilən bu tarixi qərar 70 il yaşamış böyük bir imperiyanın əsaslarını sarsıtdı.
Naxçıvan Ali Məclisinin qərarında əksini tapmış təklifə uyğun olaraq,1991-ci il fevralın 5-də Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və Dövlət bayrağı haqqında qərar qəbul etdi. Bu dövrdə, sözün həqiqi mənasında, Naxçıvan parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün nümunə oldu.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

 

16 Noyabr 2019 22:22 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə