Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək etimada əsaslanan Azərbaycan–Rusiya münasibətləri dinamik inkişaf edir

Yüksək etimada əsaslanan Azərbaycan–Rusiya münasibətləri dinamik inkişaf edir

“Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə mənim çoxsaylı görüşlərim bizim dostluq, mehriban qonşuluq əlaqələrimizin daha da möhkəmlənməsində çox mühüm rol oynayır. Bu yaxınlarda–ötən ay mən Rusiya Prezidentinin dəvəti ilə Soçidə “Valday” Diskussiya Klubunun işində iştirak etdim və həmin səfər çərçivəsində Rusiya Prezidenti ilə də görüşümüz oldu. Biz münasibətlərimizin çox geniş gündəliyinə bir daha nəzər saldıq və əlaqələrimizin bütün istiqamətlər üzrə durmadan inkişaf etdiyini bir daha gördük. Əlbəttə, Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir”.


Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edərkən, Şimali Qafqaz respublikalarının dini liderlərinin Azərbaycanda tez-tez qonaq olduqlarını, qarşılıqlı əlaqələrlə bağlı mühüm məsələlərin müzakirə edildiyini  vurğulayaraq bildirib ki, keçirilən görüşlər, ­fikir mübadilələri Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsi üçün mühüm önəm daşıyır. Bu, eyni zamanda, uğurla inkişaf edən və artıq çoxdan bəri strateji tərəfdaşlıq səviyyəsinə çatan ­Rusiya–Azərbaycan münasibətlərinin mühüm amilidir.

Dövlətimizin başçısı daha sonra deyib: “Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinlə mənim çoxsaylı görüşlərim bizim dostluq, mehriban qonşuluq əlaqələrimizin daha da möhkəmlənməsində çox mühüm rol oynayır. Bu yaxınlarda – ötən ay mən Rusiya Prezidentinin dəvəti ilə Soçidə “Valday” Diskussiya Klubunun işində iştirak etdim və həmin səfər çərçivəsində Rusiya Prezidenti ilə də görüşümüz oldu. Biz münasibətlərimizin çox geniş gündəliyinə bir daha nəzər saldıq və əlaqələrimizin bütün istiqamətlər üzrə durmadan inkişaf etdiyini bir daha gördük. Əlbəttə, Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir”. Azərbaycan Prezidenti, eyni zamanda, Şimali Qafqaz və Azərbaycan xalqları arasında çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixinin olduğunu, bunun   Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə verdiyini, mövcud əlaqələrin inkişafı üçün Rusiya-Azərbaycan münasibətlərinin həlledici rol oynadığını diqqətə çatdırıb.  
Xatırladaq ki, son vaxtlar ölkələrimiz arasında ikitərəfli münasibətlər daha səmərəli və keyfiyyətli olub. Bu gün Rusiya ilə Azərbaycanı dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir, qarşılıqlı əlaqələr geniş istiqamətlər üzrə inkişaf edir. İqtisadi əlaqələr getdikcə genişlənir. Məsələn, iki ölkə arasında əmtəə dövriyyəsi   son 8 ayda 25 faiz artıb. Bu, MDB ölkələri ilə Rusiyanın qarşılıqlı ticarətində ən yaxşı göstəricidir. 
Onu da deyək ki, Cənubi Qafqaz dövlətləri arasında Rusiya Azərbaycana  ən çox investisiya yatırıb, bu isə ölkələrimizin iqtisadi münasibətlərinin strateji xarakter daşımasına dəlalət edir.
Təbii ki, respublikanın onunla qonşuluqda yerləşən regionlarla əlaqələri daha sıxdır. Bu,  Şimali Qafqaz respublikalarının timsalında daha qabarıq nəzərə çarpır. Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edərkən müfti İsmayıl Berdiyev  bildirib ki, biz hər dəfə bura gələndə Azərbaycanda necə dəyişikliklər baş verdiyini görürük: “ Burada hər yer gözəldir, xaricdə belə şey yoxdur. Bütün bunlar Sizin sayənizdə mümkün olub. Axı, mən Bakını sovet dövründə də, Elçibəyin zamanında da görmüşəm. İndi tamamilə başqadır. Siz nə edirsinizsə, Azərbaycan xalqı üçün edirsiniz”.  
Dövlətimizin başçısı görüşdə  Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya–Azərbaycan münasibətlərindən danışarkən, Dünya dini liderlərinin II sammitinin əhəmiyyətindən də bəhs edib: “Sammit həm də qlobal miqyaslı hadisədir. Mənim fikrimcə, bu qəbildən olan və bu səviyyədə təmsil olunmuş sammit dünya arenasında nadir hadisədir. Əlbəttə, Zati-müqəddəsləri, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin iştirakı və onun dünən səslənən çox müdrik kəlamları bu tədbirə xüsusi əhəmiyyət verir. Lakin onu da qeyd etməliyəm ki, Rusiya nümayəndə heyəti 70-ə yaxın ölkədən olan nümayəndə heyətlərinin ən böyüyüdür. Əlbəttə, dünən sammit masası arxasında bizim qardaşlarımızı, Şimali Qafqazın dini liderlərini görmək çox xoş idi. Bu insanlar öz respublikalarında, bütün Qafqazda və Azərbaycanda çox böyük nüfuz sahibləridir. Sizi yaxşı tanıyırlar, sizə hörmət edirlər və biz sizə fəaliyyətinizə görə təşəkkür edirik”. 
Görüşdə dövlətimizin başçısı bildirib ki, bugünkü Azərbaycan Heydər Əliyevin qəhrəmancasına fəaliyyətinin nəticəsidir. Ulu öndər Azərbaycanın inkişafı üçün həmişə çox böyük səy göstərirdi: “Sovet dövründə, 1969-cu ildə Azərbaycana rəhbərlik edəndə o, cavan idi, 46 yaşı vardı. O, Azərbaycanı inkişaf səviyyəsinə görə SSRİ-də ən axırıncı yerdən ən qabaqcıllar sırasına çıxardı. O vaxt Rusiya Federasiyasından başqa cəmi iki respublika – Azərbaycan və Belarus ümumittifaq xəzinəsinə aldıqlarından çox verirdi. Rusiya Federasiyası sırf şərti mənada müttəfiq respublika idi. O, dövləti və respublikanı yaradan qurum idi. Bütün digər respublikalar dotasiya alırdı. Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan bütün göstəricilər üzrə ən yüksək yerlərə çıxdı–həm sənayedə, həm kənd təsərrüfatında, həm elektronikada, həm infrastrukturda, həm də regionların inkişafında. Təsadüfi deyil ki, bizim xalqımız böyük çətinliklərlə, faciə ilə üzləşəndə insanlar, ilk növbədə, Heydər Əliyevə müraciət etdilər. Xalqımız 1993-cü ildə onu Azərbaycana rəhbərliyə dəvət etməklə, əslində, bizi fəlakətdən xilas etdi”. 
Prezident İlham Əliyev görüşdə, eyni zamanda, Azərbaycanın həmin dövrdə üzləşdiyi ağır vəziyyətdən,  o zaman hakimiyyətin tam iflasa uğradığından, təsadüfi adamların hərbi çevriliş yolu ilə ölkə rəhbərliyinə gəlmələrindən, respublikamızda vətəndaş müharibəsi təhlükəsi yarandığından və ulu öndərin xilaskarlıq missiyasından da danışıb:  “O vaxt Heydər Əliyevin yaşı az deyildi, 70 yaşı vardı. O, xalqı fəlakətdən xilas etmək üçün gəldi və bunu etdi. Biz belə yollar keçmişik. Ona görə biz bunların hamısını xatırlayırıq və qiymətləndiririk. Gərək gənc nəsil bunu bilsin. Çünki o vaxt onlar balaca idilər və ya heç doğulmamışdılar. Buna görə də möhtərəm şeyx də, biz də çalışırıq ki, bu həqiqət hamıya məlum olsun və bunu xatırlayanlar unutmasınlar. Çünki yaxşı olana çox tez vərdiş edirlər. Buna görə biz bütün bunları xatırlayırıq və öz müstəqilliyimizin, ləyaqətimizin, öz yolumuzun – inkişaf, əməkdaşlıq, tərəqqi yolunun qədrini bilirik”.
Dövlətimizin başçısı söhbətində Rusiya Prezidenti ilə  yaxın, etimada əsaslanan münasibətlər olduğunu, bu etimad səviyyəsinin isə iki ölkə arasında əməkdaşlığın dinamik inkişafına müsbət təsir göstərdiyini də diqqətə çatdırıb. 

 

V.BAYRAMOV, 
“Xalq qəzeti”

16 Noyabr 2019 22:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə