Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsimi məqbərəsi bizi gözləyir..

Nəsimi məqbərəsi bizi gözləyir..

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söz dühalarımızdan biri – İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı 15 noyabr 
2018-ci il və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması haqqında 11 yanvar 2019-cu il tarixli sərəncamları, təbii olaraq, zəngin poeziyası və faciəvi taleyi ilə yaddaşlarda iz salmış dahi şairin əbədiyyətə qovuşduğu, ədalətsiz müharibənin od-alovları içərisində olan Suriya torpaqları, Hələb şəhərindəki məqamının hazırkı vəziyyəti ilə bağlı düşüncələrə də işıq salmaq zərurəti yaradır. Bəs bütün dövrlər üçün “mülki-cəhan”, “Həqqə məkan”, “şərhü bəyan” Nəsimimiz, beləcə “cahana”, “kövnü məkana” sığmaz şairimiz indi Hələbdəki məkanında necədir?

 Bu sual və ona müxtəlif cavablar yubiley təntənəsinə qədər də – 2011-ci ildə Suriyada müharibə başlanandan gündəmdədir. Dünya virtuallaşıb, informasiyalar sərhəd tanımır. Bizim media vasitələrinin bir çoxunda qərib şairimizin məqamının müharibəyə, döyüşlərə sinə gərdiyini yazıb, bu məzmunda məlumatları yaysa da, olanlar bunun əksini deyir. Hələbdə olanlar, Nəsiminin məqamının yerləşdiyi ərazini tanıyanlar, əlbəttə ki, məsələyə “həqqi əyan” ağlı ilə qiymət verirlər. Çünki döyüşlər Hələbin əsas yolunun üstündə gedirdisə və daha təsirlisi, Qaladan şəhərə, yaxud şəhərdən Hələbin Türkiyə – Kilis qapısına doğru olan səmti terrorçular tutmuşdularsa, burada diqqəti cəlb edən və görünən bir nöqtədə yerləşən Şeyx İmadəddin Nəsimi məqbərəsi necə zərər görməyə bilərdi?
 Hələbdə ünümüz çatan, “o tərəflərə” – Mədinə bazarına, Zəkəriyyə peyğəmbərin məscidinə və s. həsrət qalmiş, o tarixi yerlərin gülləbəran edildiyini yaxşı bilən insanlar da bunu bildirirdilər. Lakin Hələbdən bir yazı, bir səlahiyyət sahibi bu haqda məlumat vermirdi.
 Təxminən iki il əvvəl həmin ərazi milləti, dili, rəngi belə yad – gəlmə olan işğalçılardan təmizləndi. Dağıdılmış tarixi abidələr və bütünlükdə mədəniyyət şəhəri Hələb bərpa olunmağa başladı. Bu zaman ara-sıra sosial şəbəkələrdə Nəsiminin təkyəsinin zərər çəkmiş olduğu da qeyd olundu. Bu qeydlərin ardınca da nəsimişünaslığa iddialı şəxslərin əsassız təkzibləri, onlara inanan bəzi saytların fakta söykənməyən yanlış məlumatları yaymaları müşahidə olundu. Heç kim özünə və bunu yayanlara sual vemədi ki, “getmisən, gözünlə görmüsən ?”... 
 Əlbəttə, əzizlərimizin məzarı kimi, Nəsiminin məzarı da bizim hər birimiz üçün əziz məqamdı. Heç kəs istəməzdi ki, bu məqama xətər toxunsun. Ancaq müharibə müharibədir. Dağıntılar da, qurşunlar da təbii hadisədir. Bu baxımdan mən nə qədər acı olacağını anlasam da, Nəsiminin məqamının sorağındaydım. 
 İmadəddin Nəsimi haqqında çağdaş ərəb dilli mənbələrin yazarlarını, xüsusən də dahi şairin ərəb dünyasında ən məşhur tədqiqatçısı Əbdülfəttah Rəvvas Qələçini indi bütün dünyanın maraqla izlədiyi Facebook sosial şəbəkəsində axtararkən bir çox Suriya ziyalıları, o şəhərin rəsmi qurumları, o cümlədən Hələb şəhərinin baş inşaat mühəndisi – bu şəhərin bir çox qəsəbələrinin, tikililərinin qurucusu, hazırda Səudiyyə Ərəbistanında Ər-Riyad şəhərində layihə rəhbəri olaraq çalışan Əbdülrəhman Əl-Jasserlə yazışmalar apardım. O, mənə imkan daxilində söz dahimiz İmadəddin Nəsiminin məqamını ziyarət edib, onun bugünkü vəziyyəti haqqında məlumat verəcəyinə, məni 81 yaşlı, Suriyada müharibə başlarkən vətəni tərk etməmiş, bütün ərəb Nəsimi tədqiqatçılarından ən üstünü hesab etdiyi Əbdülfəttah Rəvvas Qələçi ilə əlaqələndirəcəyinə söz verdi. Əbdülrəhman Əl-Jasserlə öz səhifəsində minlərlə insanın diqqət ayırdığı Hələb tarixi abidələrindən, mədəniyyət mərkəzlərindən fotolar, məlumatlar paylaşdıqca ara-sıra rəylərimlə mənə vermiş olduğu sözü xatırladırdım. Bir paylaşmasındakı fotonun altında “Avropada yollar Romaya, Hələbdə şeirə aparır” – yazmış Əbdülrəhman Əl-Jasserə mən “Hələbdə şeir də Nəsimiyə aparır...” rəyimi ünvanladıqda, o “fotolarının Nəsimi məqamından 5000 metr irəliyə aid olduğunu, oralara müharibənin yaratdığı dağıntılar səbəbindən getməyin çox çətinliyi barədə və təəssüf ki, “Nəsiminin” məqamı da zərər çəkib” cavabını yazdı. Ancaq o, bu istəyimi – fotolar göndərməsi xahişimi yerinə yetirəcəyinə təkrar söz verdi.
 Nəhayət, mənim Əbdülrəhman Əl-Jasserlə yazışmalarım nəticə verdi və Hələbin tanınmış ziyalılarından olan, şəhərin baş inşaat mühəndisi mənə bu gün minlərlə izləyicinin maraqla oxuduğu “Təsəvvüf şairi İmadəddin Nəsimi” məqaləsini yolladı. 
 Məqalədə İmadəddin Nəsimi məqbərəsinin bugünki vəziyyəti haqqında qeydləri təqdim etməzdən öncə Əbdülrəhman Əl-Jasserin çəkdiyi fotolar haqqında lakonik şərhimi diqqətə çatdırmaq istəyirəm.
 Belə ki, Əbdülrəhman Əl-Jasserin çəkdiyi şəkillər mənim ərəb dilli çağdaş tədqiqatlarda Nəsimi irsinin təhliləri mövzusunu araşdırarkən və eləcə də hələbli insanlardan Nəsimi məqamı fotolarını istəyərkən əldə etdiyim şəkillərin, demək olar ki, çoxundan fərqli və yenidir. Həmçinin, peşəkar mütəxəssis olan Əbdülrəhman Əl-Jasser onların elmi şərhini həm Ərəb Ensiklopediyasına, eləcə də Əbdülfəttah Rəvvas Qələçi tədqiqatlarına əsaslanmaqla müfəssəl və dolğun şəkildə verməklə ərəb memarlıq tarixinin müharibədə nə qədər “sarsılmış” olsa da öz tarixi gözəlliyini qoruduğunu nümayiş etdirir. 
 Bir məsələni də diqqətə çatdırmaq istərdim. Belə ki, Əbdülrəhman Əl- Jasserlə bir neçə ay davam edən yazışmalarımızın son nəticəsi – bu məqalənin ərsəyə gəldiyi gün mən ona “Hələbdə düşmənlərin dağıtdığı Zəkəriyyə peyğəmbərin məscidində, Nəsiminin “təkyəsi”ndə bərpa işlərinin” getdiyini bildirdikdə, o mənim məlumatımın bir az yanlış olduğunu dedi və əlavə etdi ki, – “Həzrət Zəkəriyyə və Böyük Əməvilər” məscidlərinin bərpasına başlanılmışdır, İmadəddin Nəsiminin məqamına gəlincə, hələ ki bu görünmür, yəqin ki, ona da növbə çatacaqdır”. Bu məlumat təbii UNESKO tərəfindən qəbul edilmiş qərar – Nəsiminin 650 İllik yubileyinin bütün dünyada əks-səda doğurması təntənəsini yaşayan bir azərbaycanlı olaraq məni həm kövrəltdi, həm düşündürdü. Həmsöhbətim elə bil ürəyimi oxuyubmuş kimi “Azərbaycan bərpa işlərini öz üzərinə götürəcəkmi?” sualını mənə verdi. Cavabım “bu haqda heç bir məlumatım yoxdur”, – oldu. 
 Yeri gəmişkən qeyd edim ki, Hələbdə və ümumiyyətlə, ərəb ədəbiyyatı və elmi sahəsində İmadəddin Nəsimi adı gələndə ilk yada düşən qocaman alim və yazıçı Əbdülfəttah Rəvvas Qələçi (daha dəqiq desək – Qalaji) də mənim suallarımı cavablandırarkən: “Burada hökumət hazırda ən vacib tikililəri – bombardman nəticəsində sökülmüş binaları, məktəbləri, xəstəxanaları məktəbləri bərpa edir, Zəkəriyyə məscidinin və Əməvilərin məqbərəsinin təmiri ilə çeçenlərin Mədinə bazarındakı iş adamları məşğuldur” – dedi. Dahi şairimiz İmadəddin Nəsiminin məqamının təmir-bərpa işlərini bizim ölkənin boynuna götürməsini ərklə açıq və birmənalı şəkildə bildirdi. Əlavə olaraq deyim ki, erməni lobbiçilər də Hələbdəki kilsələrini təmir etməkdədirlər. 
 Buradaca diqqəti yarım əsr əvvəllərə gedib çıxan Suriya – Azərbaycan əlaqələrinə, xalqımızın ulu öndəri Heydər Əliyevin Suriyaya səfəri zamanı Nəsiminin məzarını ziyarət etməsi ilə bu məqamın abadlaşdırılması ilə bağlı müsbət ruhlu qaynaqlara yönəltmək istəyirəm. Azərbaycanla Suriya arasındakı əlaqələrin tarixi İpək Yolu üzərindən başlayıb. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bu ölkəyə 1972-ci ildə rəsmi səfər etməsi, Suriya Ərəb Respublikasının Prezidenti Hafiz Əsədlə görüşləri ilə əsaslı bünövrəyə çevrilmişdir. Həmçinin Hafiz Əsəd də 1984-cü ildə SSRİ-yə səfəri zamanı Azərbaycana gəlmiş, əlaqələr möhkəmlənmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan və Suriya arasında əlaqələr 1992-ci ilin 28 mart tarixindən başlayır.11 aprel 1997-ci ildən isə iki ölkə arasında əməkdaşlıq yüksək rəsmi səviyyə qazanmışdır. Bundan sonra ulu öndər Heydər Əliyev Dəməşq şəhərində Azərbaycan səfirliyinin açılması haqqında qərar qəbul etmişdir. Həmin ilin 9 dekabr tarixində Tehranda 8-ci İslam Sammitində Heydər Əliyevlə Hafiz Əsədin görüşləri olmuş, Azərbaycan Prezidenti Suriya liderinə davam edən Dağlıq Qarabağ münaqişəsi, bu istiqamətdə atılan addımlar haqqında məlumat vermişdir.
 2008-ci il may ayının 16-da Suriyanın Dəməşq şəhərində fəaliyyətə başlayan Azərbaycan səfirliyi iki ölkə arasında əlaqələrin güclənməsində həlledici addımlar atmışdır. Suriyanın hazırkı prezidenti Bəşər Əsəd 2009-cu ildə Azərbaycana rəsmi səfərə gəlmiş, Prezident İlham Əliyevlə görüşmüş, bu qarşılıqlı görüşlərin real yekunu olaraq iki hökumətin Nazirlər Kabinetləri arasında müxtəlif sahələri əhatə edən 14 bənddən ibarət Saziş imzalanmışdır. 
 Bu istiqamətdə mədəniyyət əlaqələri də əsas təşkil edirdi. Belə ki, 2009-cu ilin noyabrın 17–20-də Suriyanın Hələb şəhərində Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş müştərək elmi konfrans keçirilmişdir. Nəsiminin bu şəhərdə olan məzarının restavrasiyası və həmin ərazinin yenidən qurulması haqqında ümumi razılaşma əldə edilmişdir. 
 Bu haqda Azərbaycan mətbuatı, eləcə də ərəb rəsmi mediası geniş yazılar vermişdir. Azərbaycanın Suriyada səfiri olmuş Mahir Əliyevin modern.az saytına verdiyi “Azərbaycanın Suriyadakı ilk səfiri: “Suriya müftisi Nəsiminin qətlinə görə xalqımızdan üzr istədi” müsahibədə də ciddi məlumatlar vardır. Səfir müxbirin “Bəs qəbrin yenidən bərpasının mümkünlüyü barədə hansı nəticə hasil olundu? – sualını cavablandırarkən demişdir ki, Qədim şəhər qoruğunun rəisi ilə danışdıq və o, orada daşı daş üstünə qoymaq ixtiyarlarının olmadığını bildirdi. Bunun üçün mütləq UNESKO ilə razılığa gəlinməlidir – dedi. Çünki qəbirin yerləşdiyi ərazi UNESKO-nun maddi-mədəniyyət irsinə daxil edilib. Ərazi tarixi abidə kimi qorunur. Ancaq onların razılığı ilə bu məsələyə baxmaq olardı. Bu zaman biz təkliflərimizi bildirdik. Çəkdiyimiz şəkilləri Bakıya göndərdik. Biz şəkillərdə hər yeri ayrı-ayrılıqda dəqiqliyinə qədər təsvir etmişdik. ... Yerli – suriyalı arxitektorlar məsələni öz aralarında müzakirə etdilər. Təxminən belə bir plan cızıldı. Məqbərəni dəyişdirmək olar, ancaq çox hündürə qaldırmaq olmaz. Çünki məqbərənin UNESKO tərəfindən qəbul edilmiş ölçüləri var. Memarlıq abidələrini ortaya incəsənət əsərləri kimi çıxartmaq olmaz. Azərbaycan Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev administrativ qrupun rəhbəri idi. Bir az keçəndən sonra cənab Prezidentin məsələ ilə bağlı sərəncam imzaladığı və qəbrin bərpası üçün maliyyə vəsaiti ayırdığı xəbəri verildi” ( (https://modern.az/az/news/198722 ).
 İndi, Suriya Ərəb Respublikasında müharibə alovlarının hələ də səngimədiyi, təbii olaraq ölkənin iqtisadi vəziyyətinin ağır olduğu bir vaxtda səfir Mahir Əliyevin vurğuladığı fikir budur: “Bunun üçün mütləq UNESKO ilə razılığa gəlinməlidir”. 
Fikrimizcə, UNESKO, eləcə də milli-mənəvi dəyərlərimizə, xalqımızın yetirdiyi dahilərə daim xüsusi diqqət ayıran, onların unudulmaması üçün tarixi işlər həyata keçirən Azərbaycan Respublikasının əlaqədar qurumları Hələb şəhərində uyuyan qərib dahimizin müharibədən zərər çəkmiş məqamının bərpası işləri ilə də bağlı mühüm addımlar ata bilərlər. Bu, UNESKO xətti ilə qeyd edilən İmadəddin Nəsiminin 650 illik yubileyinə ən layiqli tövhələrdən biri olardı.

 

Xatirə Quliyeva, 
“Nəsimi” Suriya – Azərbaycan Dostluq Cəmiyyəti” İctimai Birliyinin təsisçisi və sədri, fəlsəfə elmləri doktoru 

16 Noyabr 2019 22:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə