Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqa və müstəqil dövlətçiliyə həsr olunmuş ömür yolu

Xalqa və müstəqil dövlətçiliyə həsr olunmuş ömür yolu

Əksinqilabla Mübarizə Təşkilatı denikinçilərə, erməni-daşnak casuslarına və digər təxribatçılara qarşı sərbəst mübarizə apara bilirdi. Xüsusən, erməni casuslarına qarşı mübarizədə uğurlu əməliyyat işləri aparılırdı. Lakin təşkilatın əməkdaşları bolşeviklərə qarşı mübarizədə çətin problemlərlə üzləşirdi. ­­ƏMT-də işləyən 17 nəfər “hümmət”çi əməkdaş, başda Mirfəttah Musəvi olmaqla, bolşeviklərin ölkə daxilindəki fəaliyyətinə açıq və ya gizli şəkildə mane olurdular.
 

“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”ndan 


Dayım Mirfəttah Musəvi haqqında qələmə aldığım bu sətirlərin əvvəlində Azərbaycan dövlətinə, xüsusən, möhtərəm ­Prezidentimiz İlham Əliyevə ailəmiz və ­qohum-əqrabamız adından dərin təşəkkürlərimizi çatdırmaq istəyirəm. Çünki məhz dövlət ­başçımızın sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi keçirilmiş, ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmişdir. Bu yubiley ilə bağlı medal təsis edilmiş və AXC Parlamentinin 100 illiyi yüksək səviyyədə qeyd olunmuşdur.

Eyni zamanda, “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı hazırlayanlara və bu mükəmməl əsərin ərsəyə gəlməsinə kömək edən hər kəsə dərin minnətdarlığımız vardır. Çünki həmin ensiklopediyada dayımın keçdiyi həyat yolu daha müfəssəl şəkildə qələmə alınmışdır. 
Mirfəttah Mirəli oğlu Musəvi 1891-ci ildə Şuşa şəhərində doğulmuşdur. İbtidai təhsilini Ağdamda alaraq, Aşqabada qohumlarının yanına köçmüşdü. Mirfəttah burada gimnaziya təhsili almaqla yanaşı, siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil etmişdi. 1917-ci ildə Şuşaya qayıdaraq ictimai-siyasi fəaliyyətini davam etdirən M. Musəvi 1918-ci ildə Bakıya gəlir, “Hümmət” təşkilatına daxil olur. O, AXC Parlamentində “Hümmət” fraksiyasının üzvü kimi tez-tez alovlu nitqlər söyləyirdi. 
Ensiklopediyanın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xüsusi Xidmət və Təhlükəsizilik orqanlarının yaradılması və fəaliyyəti” adlı bölməsində qeyd edilir ki, bu orqanlar Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumlarıdır.
Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin Hərbi və Daxili İşlər nazirliklərinin üzərinə böyük vəzifələr düşürdü. Böyük dövlətlərin Qafqazda, o cümlədən Azərbaycanda maraqlarının toqquşması da gənc Cümhuriyyətin möhkəmlənməsinə mane olurdu. Həmin dövrdə keçmiş Rusiya imperiyasının bütövlüyünü qoruyub saxlamağa çalışan Denikin ordusu, bolşeviklər və onların birbaşa himayəsi ilə əzəli Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” dövləti yaratmağa can atan erməni bolşevik daşnakları da Azərbaycana qarşı böyük təhlükə yaradan qüvvələr idilər. Belə mürəkkəb daxili və beynəlxalq şəraitdə ölkədə ordu quruculuğu ilə yanaşı, xüsusi xidmət və təhlükəsizlik orqanlarının yaradılması da gənc Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında olduqca vacib vəzifə kimi dururdu.
Bütün bunları nəzərə alan Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu il fevralın 25-də “Hərbi nazirliyin ştatları haqqında” Qanun qəbul etdi. Qanunda Hərbi Nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq olunmuşdu. Nazirliyin General-Kvartirmeyster İdarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması da nəzərdə tutulmuşdu. 1919-cu il martın 28-də hərbi nazir, general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərargahının General-Kvartirmeyster İdarəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradılmışdı. Yeni fəaliyyətə başlamış bölmə ölkədə kəşfiyyat və əks-kəşfiyyatın təminatına məsuliyyət daşıyırdı. Bolşeviklər, erməni-daşnak casusları, denikinçilər və s. barədə toplanmış əməliyyat məlumatları Hərbi Nazirliyin rəhbərliyinə, eləcə də Azərbaycan hökumətinə təqdim olunurdu. Həmin məlumatlar ölkənin müxtəlif ərazilərini, hərbi birləşmələrin dislokasiya yerlərini əhatə edirdi.
Baş Qərargahın General-Kvartirmeyster İdarəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi fəaliyyətini 1919-cu il iyunun 11-dək davam etdirmişdir. Həmin gün ölkədə ancaq əks-kəşfiyyatın təminatı ilə məşğul olacaq qurum – Əksinqilabla Mübarizə Təşkilatı yaradılmış, kəşfiyyat işi isə General-Kvartirmeyster İdarəsinin tərkibində saxlanılmışdır. Əks-kəşfiyyatla məşğul olan şəxslər də ƏMT-nin sərəncamına verilmişdi. Göstərilən dəyişikliklərə baxmayaraq, Hərbi Nazirliyin kəşfiyyat bölməsi ilə ƏMT sıx əməkdaşlıq edirdilər.
ƏMT öz fəaliyyətini “Azərbaycan Respublikası əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri haqqında” Əsasnaməyə uyğun qurmuşdu. 22 maddədən ibarət olan əsasnamədə əks-kəşfiyyat xidmətinin hüquq və vəzifələri göstərilmişdi. Bakı və onun ətrafinda təşkilatın 8 rayon bölməsi təsis edilmişdi. Rayon bölmələrinə ƏMT-nin mərkəzi aparatının əməkdaşları rəhbərlik edirdilər. 
İlk vaxtlar ƏMT-yə əməkdaşların qəbulunda partiya prinsipi əsas gotürülürdü. Belə ki, ƏMT əməkdaşlarının üçdəikisi “Müsavat”, üçdəbiri isə “Hümmət” partiyasından olmalı idi. Eyni zamanda, təşkilatın rəhbərinin “Müsavat”dan, müavininin isə “Hümmət”dən təyin edilməsi nəzərdə tutulmuşdu. Təşkilatın ilk rəisi “Müsavat” Partiyasının, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin və onun aqrar komissiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanlı təyin edilmişdi. Rəis müavini vəzifəsini isə “Hümmət” partiyasının üzvü Mirfəttah Musəvi yerinə yetirirdi. ƏMT denikinçilərə, erməni-daşnak casuslarına və digər təxribatçılara qarşı sərbəst mübarizə apara bilirdi. Xüsusən erməni casuslarına qarşı mübarizədə uğurlu əməliyyat aparılırdı. Lakin təşkilatın əməkdaşları bolşeviklərə qarşı mübarizədə çətin problemlərlə üzləşirdi. ƏMT-də işləyən 17 nəfər “Hümmət”çi əməkdaş, başda Mirfəttah Musəvi olmaqla, bolşeviklərin ölkə daxilindəki fəaliyyətinə qarşı mübarizəyə açıq və ya gizli şəkildə mane olurdular.
Tarix elmləri doktoru Ataxan Paşayevin “Açılmamış səhifələrin izi ilə” (Bakı, 2001-ci il) kitabında oxuyuruq: “Denikin ordusunun Azərbaycana qarşı təxribatı ilə əlaqədar ƏMT-nin saxladığı və həbs etdiyi şəxslərin əksəriyyəti erməni idi. ƏMT rəhbərinin müavini M.Musəvinin 1919-cu il avqustun 7-də tərtib etdiyi protokoldan aydın olur ki, onun həbsə aldığı Yevgeni Rojdestvenski soyadlı zabit ingilis komandanlığında Denikinin nümayəndəsi polkovnik Lazarevin yanında işləyir, Azərbaycan Ordusunun sayı və mövqeləri barədə məlumatlar toplayır. O, çoxlu erməni zabitinin də onlarla birlikdə işlədiyini bildirir. Denikinçilər Bakıda təbliğat aparmaq, təxribatlar törətmək üçün bütün vasitələrdən istifadə edirdilər... Lakin təəssüflər olsun ki, gənc Azərbaycan Cümhuriyyəti Hökuməti, Denikin təhlükəsindən fərqli olaraq, bolşevik təhlükəsinə ciddi əhəmiyyət vermirdi. Buna görə də, Denikin təhlükəsi sovuşan kimi, 1920-ci ilin martında ƏMT ləğv olundu. Bu səhv addım idi. Aprel işğalı bunu sübut etdi”.
... Mirfəttah Musəvi və onun yaxın silahdaşı Haşım Əliyev (sənədlərdə Aşum Aliyev kimi göstərilir) 1919-cu il sentyabrın 5-də naməlum şəxslər tərəfindən öldürüldükdən sonra rəis müavini vəzifəsinə Mahmud bəy Səfikürdski təyin edilmişdi. Məmmədbağır bəy Şeyxzamanlı 1919-cu il avqustun 20-də vəzifəsindən istefa vermiş, elə həmin gün Məmmədbağır bəyin qardaşı Nağı bəy Şeyxzamanlı ƏMT-nin yeni rəisi təyin olunmuşdu.
ƏMT-nin fəaliyyət göstərdiyi 11 iyun 1919-cu ildən 6 mart 1920-ci ilədək təşkilatda təxminən 120-dək əməkdaş çalışmışdır. Təşkilatda azərbaycanlılarla yanaşı, türklər, ruslar, ukraynalılar və gürcülər də işləyirdilər. Ermənilər bu təşkilata işə götürülmürdü.
Bu qurum Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 6 mart 1920-ci il tarixli qərarı ilə fəaliyyətini dayandırmışdır.
Mən, övladlarım və qohumlarımız fəxr edirik ki, ilk müstəqil Azərbaycan dövlətinin təhlükəsizliyinin qorunmasında məhz bizim əzizimiz Mirfəttah Musəvinin də xidmətləri olmuşdur.

 

Elmira HÜSEYNOVA, 
 iqtisad elmləri doktoru, professor

 

 

16 Noyabr 2019 22:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə