Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb

UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb

UNESKO Baş Konfransının 40-cı sessiyası çərçivəsində qurum üzrə Milli komissiyaların 6-cı regionlararası görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov iştirak edib.  

UNESKO-nun islahatlarına yönəlmiş strateji transformasiya prosesi, qurumun Afrika və gender bərabərliyi kimi qlobal prioritetləri, təşkilatın proqramları və üzv ölkələrin Milli komissiyalarının rolu və fəaliyyətinin müzakirə olunduğu görüşdə UNESKO rəsmiləri məsul olduqları müvafiq sahələr üzrə təqdimatla çıxış ediblər. 
Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək ölkəmizlə UNESKO arasındakı əlaqələrdə Afrikanın prioritet istiqamətlərdən biri olduğunu bildirib. O, Etimad Fondu vasitəsilə bir sıra Afrika ölkələrində qızların təhsili və gender bərabərliyi ilə bağlı mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. 
Elnur Sultanov vurğulayıb ki, Mədəniyyətlərarası Dialoq Forumu, Bakının evsahibliyi etdiyi UNESKO-nun İrs Komitəsinin 43-cü sessiyası ölkəmizin bu təşkilatla tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişafının göstəricisidir. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”nin mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində qlobal və nadir platformaya çevrildiyini vurğulayıb. Bu sahədə Azərbaycan-UNESKO əməkdaşlığına toxunaraq, Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ilk dəfə təşkil edilmiş Milli komissiyaların mədəniyyətlərarası dialoqun təşviqində rolu haqqında tədbir keçirildiyini diqqətə çatdırıb. 
Baş katib Azərbaycan Milli Komissiyasının yaradılmasının 25 illiyinin tamam olduğunu diqqətə çatdıraraq, onun müvafiq ölkələrin Milli komissiyaları və UNESKO Katibliyi ilə əməkdaşlığından məmnunluğunu ifadə edib.

 

Şəhla Ağalarova,
AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 

16 Noyabr 2019 22:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə