Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 100 il elm və təhsilin xidmətində

Bakı Dövlət Universitetinin Elmi Kitabxanası 100 il elm və təhsilin xidmətində

Azərbaycanın ­nüfuzlu elm və təhsil ocağı olan Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır. 2019-cu ildə təsis edilməsinin 100 yaşı tamam olan Bakı Dövlət Universiteti türk-müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi azərbaycançılıq məfkurəsinə daim sadiqlik ­nümayiş ­etdirmişdir. 

Bakı Dövlət Universitetinin əsas strukturlarından biri olan Elmi Kitabxana da universitetin təsis edildiyi tarixdə, 1919-cu ildə təşkil olunmuşdur. Azərbaycan xalqının milli sərvəti sayılan Bakı Dövlət Universitetinin 100 illik yubileyinə töhfələrdən biri Əməkdаr еlm хаdimi və Əməkdаr mədəniyyət işçisi, Prezident təqaüdçüsü, milli kitabxanaşünaslıq elminin banisi, tarix elmləri doktoru, “Şöhrət” оrdеnli professor Abuzər Xələfovun qələmə aldığı “Bakı Dövlət Universitetinin Elmi Kitabxanası – 100” monoqrafiyasıdır. 
Respublikamızın ən böyük və zəngin elmi kitabxanalarından biri olan BDU-nun Elmi Kitabxanasının yaranma tarixi və fəaliyyətinə həsr edilmiş bu monoqrafiya müəllifin öz sözləri ilə desək, “həyatda qazandığım bütün müvəffəqiyyətlərə görə borclu olduğum, doğma Azərbaycanımızın təhsil və elm məbədgahı kimi müqəddəsləşən Bakı Dövlət Universitetinin 100 illiyinə bir övlad yadigarıdır”.
Azərbaycanda ilk ali təhsil və elm məbədgahı olan universitetin yarandığı gündən bu günə qədər yaşamış şərəfli ömründə, əhəmiyyətli tarixi yolunda onun bir əsrlik kitabxanasının tədqiqinə ulu öndər Heydər Əliyevin “Bakı Dövlət Universiteti Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvətidir, milli iftixarıdır!”, Prezident İlham Əliyevin “Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə də universitet Azərbaycanda peşəkar kadrların hazırlanması işində çox böyük işlər görmüşdür!” kəlamları ilə başlaması monoqrafiyanın əhəmiyyəti və çəkisini daha da artırır. 
Kitabxanaşünas alim monoqrafiyada BDU-nun Elmi Kitabxanasının fəaliyyətini 7 fəsildə tədqiq edir. Fundamental və yüksək elmi-nəzəri sanballılığı ilə böyük əhəmiyyət kəsb edən monoqrafiyada Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra BDU-nun fəaliyyətinin yeni şəraitə uyğun qurulması: universitetin maddi-texniki bazasının möhkəmlənməsi, yüksək ixtisaslı kadr korpusunun yaradılması, tələbə qəbulunun artırılması, yeni fakültə və ixtisasların açılması və s. geniş işıqlandırılır. 
Elmi Kitabxananın XX əsrin 30–40-cı illərindəki fəaliyyəti, xüsusilə 1930-cu ildə SSRİ-də ali təhsil sisteminin yenidən qurulması və universitetin fakültələrinin ayrı-ayrı institutlara çevrilməsi ilə əlaqədar universitet kitabxanasının fondunun da yeni yaranan institutlar arasında bölüşdürülməsi, 1933-34-cü tədris ilində universitetin yenidən fəaliyyətə başlaması ilə əlaqədar onun əsaslı kitabxanasının da qismən bərpa edilməsi, kitabxananın Böyük Vətən müharibəsi və müharibədən sonrakı illərindəki fəaliyyəti professor A.Xələfovun elmi üslubundakı arxiv sənədlərinə sistemli müraciət, fasiləsiz axtarış, yeni fakt və sənədlərin elmi dövriyyəyə daxil edilməsi ilə tədqiq olunur.
Universitetin təəssübkeşi, qocaman alimi, peşəkar pedaqoqu A.Xələfov respublikanın müstəqilliyi şəraitində də bu ali təhsil ocağının kitabxanasının fəaliyyətinin təhsil prosesinin əsas aparıcı strukturlarından birinə çevrilməsini, milli ideologiya, dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında müstəsna xidmətlərini böyük iftixar hissi ilə qeyd edir: ­“Suverenliyini əldə etmiş müstəqil Azərbaycan dövlətinin qarşısında təhsilin yenidən qurulması, demokratikləşdirilməsi, milli zəminə, bəşəri dəyərlərə əsaslanan, cəmiyyətin və dövlətin inkişafına, maraq və mənafeyinə xidmət edən sistemin yaradılması kimi mühüm vəzifələr qoyulmuşdur”. 
Professor Elmi Kitabxananın müstəqillik illərindəki fəaliyyətini iki – 1991-2007-ci illəri və 2008-2019-cu illəri əhatə edən iki fəslə bölərək tədqiq edir. İlkin mərhələdə ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda ikinci dəfə hakimiyyətə gəlməsi ilə Azərbaycan təhsil sisteminin böhran vəziyyətindən çıxması, dərin təhsil islahatlarının aparılması, Azərbaycan təhsilinin müasir dünya təhsil sisteminə inteqrasiya edilməsi üçün əlverişli perspektivlər açılmasını xüsusilə vurğulayır. Sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən imzalanmış və ölkədə kitabxanaların qorunub saxlanmasını təmin edən, kitabxana siyasətinin formalaşdırılması zərurətini irəli sürən kitabxana işinə dair dövlət qərarları, sərəncamları, proqram və sənədləri haqqında ətraflı məlumatlar verilir. 
Müəllif tədqiqatını belə yekunlaşdırır: “Azərbaycan xalqının milli sərvəti, milli iftixarı olan Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının tarixinin öyrənilib ümumiləşdirilməsi bir daha göstərir ki, universitetin əsas atributlarının biri olan Elmi Kitabxana universitetin keçdiyi 100 illik şərəfli yolda, onun elm, tədris, mədəniyyət və maarifin inkişafı sahəsində apardığı böyük titanik fəaliyyətin əsas iştirakçılarından biri olmuş, universitetin bir saylı laboratoriyası rolunu bacarıqla və ləyaqətlə yerinə yetirə bilmişdir”.

 

Nigar İSMAYILOVA,
BDU-nun kitabxanaşünaslıq kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru

 

16 Noyabr 2019 22:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə