Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Okeanın o tayında Gədəbəyin qardaşlaşdığı gözəl bir şəhər var...

Okeanın o tayında Gədəbəyin qardaşlaşdığı gözəl bir şəhər var...

Bir həftə bundan əvvələ qədər Azərbaycanda bu şəhəri tanıyanların sayı heç də çox deyildi. Söhbət Amerika Birləşmiş Ştatlarının Stilluater (Stillwater) şəhərindən gedir. Elə ki, noyabrın 8-də ABŞ-ın Oklahoma ştatına daxil olan həmin şəhərdə qardaşlaşma memorandumu imzalandı, hamı okeanın o tayında yerləşən və artıq bizimlə qardaşlaşan bu şəhər haqqında daha çox bilgi toplamağa çalışdı. Onu qeyd edək ki, Gəbəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin imzalanma mərasimində ən qədim insan məskənlərindən biri olan, gözəlliklər diyarı, hər qarışı tarixi abidələrlə zəngin Gədəbəyin mədəni irsi, böyük turizm və sənaye potensialı, folkloru, fauna və florası, rayonun tarixi ilə bağlı məlumatları iştirakçılarda hədsiz maraq doğurub. 

Gəbəbəydən hazırlanmış videoroliklər, broşürlər, rayonun tarixini, mədəniyyətini özündə təcəssüm etdirən, nəfis tərtibatlı kitab və jurnallar Stilluater Şəhər Şurasının rəhbərliyinə, o cümlədən iştirakçılara təqdim edilib. İbrahim Mustafayev deyəndə ki, 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 28 kilometr olan Gədəbəy-Qalakənd dəmiryolu çəkilmiş və həmin yola görə salınmış körpülər bu gün də tarixi abidə kimi qalmaqdadır, o zaman mərasimdə iştirak edənlərin üzündəki təəccüb hisslərini görməmək sadəcə mümkün deyildi. Necə də təəccüblənməyəsən ki, 1883-cü ildə Çar Rusiyası ərazisində – Gədəbəydə ilk su elektrik stansiyası tikildiyi və Avropanın mərkəzi şəhərləri sayılan London, Paris, Sankt-Peterburq şəhərlərində kerosin lampalarından istifadə olunduğu halda Gədəbəydə elektrik işığı yanırdı. 
Gədəbəyin qardaşlaşdığı şəhərin – Stilluaterin 1879-cu ildə heç izi-tozu da yox idi. Bu şəhərə rəsmi ad 1884-cü ildə verilib. Şəhərin yaranma tarixi isə 22 aprel 1889-cu ildən götürülür. 1917-ci ildə cəmi 3000 nəfər əhalisi olub və İkinci dünya müharibəsi zamanı 10 min nəfərə çatıb. Hazırda Stilluaterin əhalisinin sayı təxminən 50 min nəfərə yaxındır. Şəhər böyüklüyünə görə Oklahoma ştatının 50-yə yaxın iri şəhəri sırasında 10-cu yerdə dayanır. Bura hər il minlərlə turist gəlir. 
Şəhərdə iri sənaye müəssisələri, universitet, tədris ocaqları, tanınmış tibb müəssisələri var. Turizm üçün unikal obyektlər mövcuddur. Şəhərin hava limanının olması bura gələnlərin sayını daha da artırır. Stilluaterdə yerləşən Oklahoma Dövlət Universitetində 20 min nəfərdən çox tələbə təhsil alır. Bu ali məktəbin əməkdaşlarının sayı 5500 nəfəri keçir. 
Maraqlıdır ki, Azərbaycan ikinci ölkədir ki, onun şəhəri ilə Stilluater qardaşlıq memorandumu imzalayıb. İlk qardaşlaşdığı ölkə isə Yaponiya olub və o vaxtdan təxminən 35 ilə yaxın vaxt keçir. 1985-ci ildə “Gündoğar ölkə”nin birdən-birə iki şəhəri – Kameoka və Kioto ilə qardaşlaşan Stilluater indi də Azərbaycanın ucqar dağ rayonu olan Gədəbəylə əməkdaşlıq protokoluna imza atıb.
Qeyd edək ki, ABŞ-da bu hadisə mətbuatda mühüm hadisə kimi qiymətləndirilir. Bir sıra nüfuzlu saytlar, xəbər agentlikləri Gədəbəylə imzalanan mərasimdən geniş yazılar, reportajlar veriblər. Stilluaterin “Facebook” səhifəsinə daxil olub adıçəkilən tədbir haqqında yazılara və şəkillərə rast gəldik. Səhifədə oxuyuruq: “Ötən bazar günü Azərbaycanın Gədəbəy şəhəri ilə əməkdaşlıq haqqında sənəd imzaladıq. Bu, sıx iqtisadi və kənd təsərrüfatı üzrə əməkdaşlığın başlanğıcıdır”.
Səhifədə, həmçinin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin və Stilluater Şəhər Şurası üzvlərinin çıxışlarından sitatlar gətirilmiş, şəkillər yerləşdirilmişdir.
...Mən bu sətirləri qələmə alanda Bakıda axşam saat 7, Stilluaterdə isə səhər saat 10 idi. Məsafəmiz də heyrətedicidir. Stilluaterdən Gədəbəyə 11 min 263 kilometr məsafə var. Uzaqdır, uzaq olmağına, amma bu uzaqlığın özü gədəbəyliləri çox sevindirir. Çünki Amerika Birləşmiş Ştatları kimi, nəhəng bir ölkənin iri şəhəri ilə əməkdaşlıq etmək, qardaşlıq protokolu imzalamaq hər şəhərə qismət olmur. Heç yolun uzaqlığı da bizi narahat etmir. İnanıram ki, vaxt gələcək, Stilluater kimi Gədəbəyin özünün də aeroportu olacaq və nəinki ABŞ-dan, dünyanın hər yerindən bu füsunkar məkana turist axını olacaq.
Xatırlayırsınızsa, qəzetimizin ötən nömrələrinin birində “Gədəbəy nəyə qadir olduğunu bütün dünyaya sübut etdi” sərlövhəli yazı vermişdik. Burada söhbət iyulun sonlarında Gədəbəydə çox yüksək səviyyədə keçirilən və dünyanın 17 ölkəsindən gələn nümayəndələrin də iştirak etdiyi Milli Yaylaq Festivalından gedirdi və qeyd olunurdu ki, Azərbaycanın, Gədəbəyin tarixində ilk dəfə təşkil olunan bu tədbir bütün dünyaya səs saldı. O zaman biz Azərbaycanın bütün bölgələrindən gəlmiş 40 min nəfərdən çox qonağın qarşılanmasından tutmuş, tədbirdə iştirakına, bir çoxunun gecələməsinə kimi işlərin çox yüksək səviyyədə təşkilindən söhbət açmışdıq. Rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayevin yüksək təşkilatçılığı, digər nazirlik və baş idarələrin, ictimai təşkilatların, ayrı-ayrı şəxslərin bu işdə yaxından, özü də məsuliyyətlə iştirakı bizi qonaqların yanında üzüağ elədi. Bu, çox vacib məqamlardan biri idi və ona lazımi qiymət verməmək düzgün olmazdı.
İndi birdən-birə Amerika söhbətinin ortaya çıxması və belə bir tədbirə qoşulmaq təsadüfi deyil. Demək Yaylaq festivalı, az da olsa, öz işini gördü, əlinə düşən fürsətdən Gədəbəy bacarıqla yararlandı. Doğrudur, İbrahim Mustafayev bizimlə söhbət zamanı dedi ki, bütün bunlar cənab Prezidentimizin dünyada artan nüfuzunun nəticəsidir və Amerikada harada olurduqsa, onu hiss edirdik. Əcnəbilərin ağzından “Azərbaycan”, “İlham Əliyev”, “Baku” sözlərini tez-tez eşitmək bizim üçün çox xoş, fərəhləndirici idi.
İbrahim müəllim, gün o gün olsun ki, amerikalıların dilindən tez-tez “Gədəbəy, Gədəbəy” sözlərini də eşidək. O gün gələcək və özü də uzaqda deyil!

 

Hamlet Qasımov, 
“Xalq qəzeti”nin bölgə müxbiri

 

16 Noyabr 2019 22:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə