Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Quba soyqırımı haqqında yeni kitab

Quba soyqırımı haqqında yeni kitab

Bu günlərdə “Azərbaycan” nəşriyyatı yazıçı-jurnalist Müzəffər Məlikməmmədovun “Qanlı dərə. 1918-ci il Quba faciəsi” kitabının ikinci nəşrini çapdan buraxmışdır.  Erməni vandallarının və  bolşeviklərin 1918-ci ildə Quba qəzasında törətdikləri qırğınların izi ilə 40 ildən çox axtarış aparmış müəllifin bu kitabı Azərbaycan, Türkiyə, Dağıstan və Rusiya arxivlərinin sənədləri, həmin dövrün mətbuat materialları, işğalçılarla döyüşmüş insanların və qanlı hadisələrin canlı şahidi olmuş adamların xatirələri əsasında qələmə alınıb.

Quba soyqırımının ilk tədqiqatçısı olan Müzəffər Məlikməmmədovun 2009-cu ildə işıq üzü görmüş “Qanlı dərə. 1918-ci il Quba faciəsi” kitabının birinci nəşri nəinki respublikamızda, eləcə də onun hüdudlarından kənarda geniş əks-səda doğurmuşdur. 2015-ci ilin mart ayında İsveçrənin Azərbaycanlılar Konqresinin soydaşlarımızın 1918-ci ilin Mart soyqırımı ilə bağlı bu ölkənin siyasi partiyalarının liderləri və İsveçrə parlamentinin üzvləri ilə birgə keçirdiyi mərasimdə digər sənədlər və kitablarla yanaşı, “Qanlı dərə. 1918-ci il Quba faciəsi” kitabı da erməni cəlladlarının törətdikləri vəhşilikləri tutarlı faktlarla sübuta yetirən mənbə kimi təqdim olunmuşdur. Respublikamızın müxtəlif ünvanlarından, xüsusən də şimal bölgəsindən çox sayda oxucunun müraciətindən sonra müəllif kitabın əlavələr olunmuş və tamamlanmış ikinci nəşrini çapa hazırlamışdır. 
Xatırladaq ki, Quba soyqırımı tarixə ən dəhşətli qırğınlardan biri kimi düşüb. 1918-ci ildə işğalçı erməni-bolşevik qoşunları Quba qəzasında 167 kəndi dağıtmış, bunlardan 27-ni əhalisi ilə birlikdə yandırmış, 16 mindən çox müsəlmanı qətlə yetirmişdir. Təpədən-dırnağadək silahlanmış nizami qoşun hissələrinə qarşı igidliklə döyüşən qubalılar, ləzgilər və başqa millətlərin nümayəndələri işğalçıların kütləvi soyqırımının qarşısını almışlar. Ona görə də ulu öndər Heydər Əliyev 1998-ci ilin oktyabrın 3-də Qusar rayonu seçiciləri ilə görüşü zamanı  demişdir: “Qanlı dərə”də 1918-ci ildə qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb onları darmadağın etmişlər”.
Uzun illər apardığı tədqiqatlara əsasən, müəllif Quba qəzasının 1918-ci ildə erməni qaniçənlərinə və 1920–1928-ci illərdə bolşevik işğalçılarına qarşı döyüşlərdə fərqlənmiş yüzlərlə qəhrəman övladının siyahısını tərtib etmişdir. Kitabın “Quba qəzasının şəhər və kəndlərinə vurulmuş ziyan sənədlərdə” adlı yeni bölməsində talanlara və qırğınlara məruz qalmış şəhər və kəndlərin minlərlə sakininin siyahısı verilmişdir. Burada o vaxt  insanlara vurulmuş ziyan, şəhər və  kəndlərdə ermənilərin  vəhşicəsinə qətlə yetirdiyi insanların adları və soyadları göstərilmişdir. Eyni zamanda, qırğın və talanlara məruz qalmış azərbaycanlıların yaşadıqları kəndlərin, ləzgi, tat, qrız və cek kəndlərinin tam siyahısı verilmişdir.
Yeni nəşrdə, ilk dəfə olaraq, Quba qəzasında baş vermiş döyüşlər rəngli sxemlərlə oxuculara təqdim olunmuşdur. Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun çəkdiyi həmin sxemlər o vaxt işğalçılara qarşı döyüşlərin necə aparıldığı və qələbənin necə qazanıldığı barədə  aydın təsəvvür yaradır.
Kütləvi tirajla, nəfis tərtibatda çap olunmuş irihəcmli kitabın redaktoru tanınmış yazıçı-jurnalist Sədaqət Kərimova, hərbi məsləhətçisi ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov, sponsoru respublikamızın neçə-neçə qələm sahibinin kitablarının çapına yardım etmiş iş adamı Sabir Fərzəliyevdir.
1918-ci ildə erməni daşnaklarının və bolşeviklərin Quba qəzasında törətdikləri soyqırımın 100 illiyi ilə əlaqədar qələmə alınmış kitab həmin dövrdə işğalçılara güclü müqavimət göstərmiş, qeyri-bərabər və amansız döyüşlərdə həlak olmuş Quba, Qusar, Xaçmaz, Dəvəçi və Siyəzən rayonlarının qəhrəman övladlarının xatirəsinə ithaf olunmuşdur.

 

R.TAHİR, 
“Xalq qəzeti”

16 Noyabr 2019 22:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə