Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avtomobillərə plyonka qadağası götürülməlidir

Deputat Çinqiz Qənizadə bu fikirdədir

Avtomobillərə plyonka qadağası götürülməlidir

“Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda, minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may-15 noyabr müddətində həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

Azərbaycan ərazisində avtonəqliyyat vasitələri sahiblərinə və sürücülərə ştorka və jalüz (görünüşü və şəffaflığı məhdudlaşdıran örtük) istifadə üçün verilmiş mövsümlük icazənin müddəti başa çatsa da, hələlik mövcud məhdudiyyət aradan götürülməyib.  Bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcəyi gözlənilir.

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru i Çingiz Qənizadə  bu məsələ ilə əlaəqdar bildidir ki, bu qadağanın ləğv olunması ilə bağlı hələ qərar yoxdur: “Mən çox istəyirəm ki, bu qərar ləğv olunsun.  Hesab edirəm ki, bu qadağanın qoyulması yanlışdır. Ola bilər 15-20 il öncə cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində bu qadağa  lazım idi. Çünki ölkədə radikal qüvvələr var idi. Onlar müxtəlif vasitələrlə  ictimai-siyasi sabitliyi pozurdular. Amma indi zaman dəyişib, cənab Prezident  İlham Əliyev turizmin inkişafı ilə bağlı mövqe ortaya qoyub. Hər il ölkəyə çoxlu sayda  turistlər gəlir. Biz o turistlərə deyə bilmərik ki, hansı ayda jalüzlərdən istifadə etmək olar, hansı ayda yox”

Ç.Qənizadənin fikrincə,  Avropa Komissiyasının qərarına görə, arxa yan şüşələrə pərdə vurulması sürücünün öhdəsinə buraxılır. Belə olan halda nəyə görə qadağalar qoymalıdır?  Biz Avropaya inteqrasiya ediriksə, bu qadağanı  da ləğv etməliyik. Fikrimcə, ölkədə  100 minə yaxın sürücü  bu qadağanın təsiri altına düşür. Mən bunun ləğvinin tərəfdarıyam. Ən azı şifahi göstəriş səviyyəsində bu qadağa dayandırılmalı, insanlar hansısa formada cərimələnməməlidirlər.

Deputatın sözlərinə görə,  Milli Məclisdə bu məsələ ilə bağlı dəfələrlə məsələ qaldırılıb ki, müvafiq qurumlar bununla bağlı addımlar atsın: “Çox təəssüf ki, laqeydlik var. Yəqin ki, növbəti iclaslarda bu məsələ yenidən qaldırılacaq. Eyni zamanda,  hazırda heç bir problem yaratmayan plyonkaların və pərdələrin hətta qanunda olsa belə, sökülməsinin tərəfdarı deyiləm. İnsanlara əziyyət vermək olmaz”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
”Xalq qəzeti”

16 Noyabr 2019 12:46 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə