Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Özbəkistan bizim ümumi evimizdir"

Özbəkistan dövlətinin layihəsi ilə hər il ölkədə yaşayan millətlərin milli mədəniyyət mərkəzlərinin bədii kollektivlərinin ifasında sülh, dostluq və mehribanlığın möhkəmlənməsinə, harmonik inkişaf etmiş nəslin tərbiyəsinə göstərilən qayğıya həsr olunmuş festival keçirilir.

"Özbəkistan bizim ümumi evimizdir" adlı festivalda Azərbaycan Mədəniyyət Mərkəzləri də təmsil olunur. Bu barədə Mədəniyyət Nazirliyindən bildiriblər.

Festival BMT-nin Baş Məclisinin qərarı ilə 1997-ci ildən hər il noyabrın 16-da dünyada qeyd olunan Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə təşkil olunur.  Bu tarixin Özbəkistanda qeyd edilməsi də yaxşı ənənəyə çevrilmişdir.

"Türkiston" Sarayında təşkil olunan festivalda Özbəkistan, Azərbaycan, Türkiyə, Ukrayna, Qazaxıstan, Tacikistan, Rusiya, Koreya, Polşa və digər xalqların milli mərkəzləri çıxışlar ediblər.

Ölkəmizi bu tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblı, Azərbaycan saz ustası İlham Abdullayev təmsil ediblər. Onlar Azərbaycan milli rəqslərini, habelə sazda milli havalarımızı ifa ediblər.

Tədbirdə çıxış edən Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Xarici ölkələrlə millətlərarası münasibətlər və dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov bütün iştirakçılara təşəkkürünü bildirərək belə tədbirlər xalqlar arasında dostluğun möhkəmlənməsinə, onların vətənləri olan Özbəkistana bağlılığının artırılmasına yönəltməklə yanaşı, gənclərin ictimai həyatda aktiv iştirakına dəstək olduğunu qeyd edib. O, respublikada yaşayan müxtəlif millətlərin dilinin, mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılmasına, onların ölkənin inkişafına töhfələrinin artırılmasına dövlətin böyük dəstəyinin olduğunu söyləyərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacib olduğunu deyib. Sədr Rustambek Qurbanov etnoslararası həmrəylik və dinlərarası tolerantlıq hisslərinin daha da möhkəmləndirilməsində  həyata keçirilən işlərdən danışıb.

Tədbir konsertin bütün iştirakçıları tərəfindən "Özbəkistan bizim Vətənimizdir" mahnısının ifası ilə başa çatıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 Noyabr 2019 12:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə