Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

VIII Sankt-Peterburq Mədəniyyət Forumunda Azərbaycan da iştirak edib

VIII Sankt-Peterburq Mədəniyyət Forumunda Azərbaycan da  iştirak edib

Rusiya Milli Kitabxanasının Asiya və Afrika ədəbiyyatları şöbəsində “Koreyaya Pəncərə” layihəsi çərçivəsində “Koreya Mədəniyyəti Kabineti”nin təntənəli açılış mərasimi baş tutub. Tədbirdə Koreya Respublikasının Sankt-Peterburqdakı baş konsulu Kvon Donq Sok, Mədəniyyət üzrə vitse-konsul Çon Kvonse, həmçinin Koreya Milli Kitabxanasının icraçı direktor So Xe Ran ilə birgə bir sıra kitabxanaların nümayəndələri, o cümlədən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov da iştirak edib.

Tədbirin açılışı Koreyanın təbiəti və turizm məkanlarına dair “Koreyaya pəncərə: adaların gözəlliyi” adlı sərgi ilə başlayıb. Sərgidə texnoloji tərəqqi və təbiətə qayğı, əsrlər boyu davam edən ənənələr və son tendensiyaları birləşdirən ölkənin tarixi və mədəniyyətindən bəhs edən əsərlər nümayiş olunub.

Daha sonra tədbir Rusiya Milli Kitabxanasının əsas binasında“Rəqəmsal əsrdə kitabxanaların və nəşriyyatların beynəlxalq əlaqələri” mövzusuna həsr edilmiş simpoziumla  davam edib.

Professor K.Tahirov “Azərbaycan Milli Kitabxanasının beynəlxalq əlaqələri” mövzusunda çıxış edərək, Milli Kitabxananın son illərdə genişlənən beynəlxalq əlaqələrindən, o cümlədən beynəlxalq kitabxana təşkilatlarında təmsilçiliyindən, beynəlxalq kitab mübadiləsi imkanlarından istifadədən, beynəlxalq kitab sərgilərində və elmi konfranslarda iştirakdan, habelə Bakıda beynəlxalq elmi konfransların, simpoziumların, treninqlərin  keçirilməsindən bəhs edib.

Sonda istifadəçilərin məlumat istəklərini təmin etmək üçün istifadə olunan rəqəmsal mənbələrin artması, eləcə də mədəni irsin qorunmasında müasir informasiya texnologiyalarının rolu baxımından kitabxanaların fəaliyyəti ilə əlaqəli məsələlər müzakirə edilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

16 Noyabr 2019 12:23 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə