Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyənin Boylam Psixiatrik Xəstəxanasının professoru ATU-da

Türkiyənin Boylam Psixiatrik Xəstəxanasının professoru ATU-da

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Türkiyənin Boylam Psixiatrik Xəstəxanasının professoru, psixiatr Ertuğrul Köroğlu ilə görüşüb.

Türkiyəli professor Ertuğrul Köroğlu təmsil etdiyi xəstəxana barədə məlumat verib. Ankarada yerləşən Boylam Psixiatrik Xəstəxanasında ruhsal xəstəliklərlə yanaşı, bir sıra alkoqol qəbulu ilə bağlı yaranmış xəstəliklər, eləcə də, narkoloji problemlər üzrə ixtisaslaşmış mütəxəssislərin çalışdığını bildirib: “Müəssisəmiz 51 yataqlı özəl xəstəxanadır. Türkiyənin ən böyük psixiatrik xəstəxanasıdır. Mən Azərbaycanla da sıx əməkdaşlıq edirəm. Ayda bir dəfə Xəzər Universitetinin magistrantları üçün dərslər keçirəm. Sizinlə də əlaqələrimizin sıx olmasını arzu edirəm”.

Rektor rəhbərlik etdiyi təhsil ocağı barədə qonağı məlumatlandırıb. O, ATU-nun nəzdində 4 klinikanın olduğunu qeyd edib. Rektor Azərbaycanda tibb, həmçinin psixiatriya sahəsində müntəzəm yeniliklərin həyata keçirildiyini vurğulayıb: “Mənim müəllimim Ağabəy Sultanov deyirdi ki, tibbdə sahələri dəyişmək olur. Məsələn, kardioloq cərrah olur, terapevt sahəsini dəyişərək, pulmanoloq olur və s. Amma psixiatriyaya təsadüfi adam düşə bilməz, düşərsə də bu işi yarımçıq tərk edər”.

G.Gəraybəyli rektorluqla yanaşı, həkim kimi də fəaliyyət göstərdiyini, həftədə iki dəfə xəstəxanada xəstələri müayinə etdiyini, eləcə də, kafedrada mühazirələr oxuduğunu qeyd edib: “10 il respublikanın baş psixiatrı olaraq çalışmışam. İstər universitetdə, istərsə də digər yerlərdə psixiatriya sahəsinin inkişafı üçün əlimdən gələni edirəm. Bir sıra təkliflər hazırlayıb Səhiyyə Nazirliyinə təqdim etmişəm. Gələn ildən magistraturada klinik psixologiya ixtisası açılacaq. Sizi universitetimizdə “Visiting Professor” kimi görməkdən məmnun olarıq”.

Görüşdə psixiatriya sahəsindəki yeniliklərdən, Azərbaycan Tibb Universiteti ilə Boylam Psixiatrik Xəstəxanası arasında gələcək əməkdaşlıqdan danışılıb.

Qeyd edək ki, görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev də iştirak edib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

16 Noyabr 2019 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə