Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 447 Bakı şəhəri, 15 noyabr 2019-cu il
 
“Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında
“Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanının 3.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
 
 
Əli Əsədov 
Azərbaycan Respublikasının Baş Naziri 
 
 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 15 noyabr

tarixli 447 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi

 

QAYDASI

 

1. Bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin 6.4-cü və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin 5.5-ci bəndlərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra - Komissiya) nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsi qaydasını müəyyən edir.

2. Ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin saathesabı ödənilməsi məbləği bir saat üçün 15,0 manat müəyyən edilir.

3. Ekspertiza işlərinə cəlb edilən ekspertlərin əməyinin ödənilməsi üçün sərf olunan vaxta əsasən saat normaları aşağıdakı kimidir:

3.1. ekspert şurası üzvlərinin ekspert şurasının iclasında iştirakı - 3 saat;

3.2. fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya və sənədlərin ekspertizası - 12 saat;

3.3. elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya və sənədlərin ekspertizası - 16 saat;

3.4. xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 8 saat;

3.5. xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş elmlər doktoru elmi dərəcəsi haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 12 saat;

3.6. professor elmi adı almaq üçün təqdim olunmuş sənədlərin ekspertizası - 6 saat;

3.7. dosent elmi adı almaq üçün təqdim olunmuş sənədlərin ekspertizası - 4 saat;

3.8. xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş dosent elmi adı haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 2 saat;

3.9. xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya xarici ölkələrdə verilmiş professor elmi adı haqqında sənədlərin təkrar attestasiya əsasında tanınması üçün təqdim olunmuş sənədlərin ekspertizası - 4 saat.

4. Ekspert şurasının sədri, sədr müavinləri və elmi katiblərinin ekspert şurasının iclasında iştirakına bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilən saat normasının ikiqat əmsalı tətbiq edilir.

5. Ekspertiza işlərinə cəlb edilən ekspertlərin əməyinin ödənilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

6. Ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin saathesabı ödəniş haqları Komissiyanın xərclər smetasında bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

7.  “Ekspertiza işlərinə cəlb edilən ştatdankənar ekspertlərin əməyinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 16 iyun tarixli 99 nömrəli Qərarının müddəaları Komissiyanın nəzdində yaradılan ekspert şuralarının tərkibinə daxil edilən ekspertlərin əməyinin ödənilməsinə şamil edilmir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə