Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qanunun aliliyini qorumaq vəzifə borcumuz və şərəf işimizdir”

“Qanunun aliliyini qorumaq vəzifə borcumuz və şərəf işimizdir”

Xətai rayonunda Azərbaycanda prokurorluq orqanlarının yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli toplantı keçirildi. 
Tədbirdən əvvəl Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon prokurorluğunun əməkdaşları və ictimaiyyətin nümayəndələri Heydər Parkına gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib qarşısına gül dəstələri qoydular. 
İcra hakimiyyəti aparatının geniş akt zalında keçirilən toplantını Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açaraq bildirdi ki, qanun keşikçilərinin yubiley tədbiri xalqımız və ölkəmiz üçün çox əlamətdar bir günə – ­hazırda Qafqazın möhtəşəm siyasi və iqtisadi mərkəzinə çevrilmiş paytaxt Bakının bolşevik-erməni işğalından azad edilməsinin 100 illiyinə təsadüf edir.
Natiq prokurorluq orqanlarının dövlətin hüquq sistemindəki yerindən və ölkədə qanunun aliliyinin təmin olunmasındakı rolundan danışaraq  bildirdi ki, prokuror peşəsinə və bu vəzifəni daşıyan insanların zəhmətinə ümummilli lider  Heydər Əliyevdən dəqiq və yüksək qiymət vermək çox çətindir.Ulu öndər deyirdi: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız”. Prokurorluğu və onun əməkdaşlarının zəhmətini belə yüksək qiymətləndirdiyinə görə də Prezident Heydər Əliyev1998-ci il iyulun 17-də Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində prokurorluğun fəaliyyətə başladığı günün milli prokurorluğun yaradılması tarixi kimi qeyd edilməsi barədə sərəncam imzaladı.
R.Məmmədov prokurorluq orqanlarının müasir dövlətçiliyimizin möhkəmləndirilməsindən, ölkədə insan hüquq və azadlıqlarının, demokratik prinsiplərin bərqərar edilməsi sahəsindəki xidmətlərindən söhbət açaraq vurğuladı ki, Prezident İlham Əliyev bu mühüm dövlət təsisatının öz üzərinə düşən vəzifələri uğurla həyata keçirməsi üçün lazım olan bütün tədbirləri həyata keçirmiş və onun səmərəli fəaliyyətini təmin edən mükəmməl hüquqi baza yaratmışdır.  
Çıxışının sonunda rayon prokurorluğunun simasında ölkənin bütün prokurorluq orqanlarında çalışan insanları təbrik edən natiq çətin və şərəfli işlərində onlara uğurlar dilədi. Əmin olduğunu bildirdi ki, ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu strateji inkişaf konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsində prokurorluq orqanları, o cümlədən Xətai Rayon Prokurorluğu qüvvələrini heç zaman əsirgəməyəcəklər.
Tədbirdə geniş məruzə ilə çıxış edən Xətai rayon prokuroru Yusif İldırımzadə  qeyd etdi ki, Azərbaycan Prokurorluğu 100 illik fəaliyyəti dövründə şərəfli yol keçmişdir. Müstəqil Azərbaycan dövlətinin prokurorluq orqanlarının tarixinin Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etdiyini bildirən natiq qeyd etdi ki, ötən 100 ildə ölkəmizin prokurorluq orqanları qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydalarının qorunmasına xidmət edən orqana çevrilməklə zəngin inkişaf yolu keçib. Amma bu yolun ən parlaq inkişaf mərhələsi ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərə, xüsusilə onun 1993-cü ildə  müstəqil Azərbaycanın dövlət idarəçiliyinə qayıdışından sonra başlanıb. Həmin dövr, sözün əsl mənasında, prokurorluq orqanlarının fəaliyyətində yeni bir mərhələdir.
Natiq müstəqillik illərində ulu öndərin rəhbərliyi ilə Azərbaycan Respublikası Prokurorluğunun mükəmməl bir təsisata çevrilməsi üçün apardığı islahatlardan, qanunvericilik sisteminin və prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən geniş söhbət açdı. Qeyd edildi ki, məhz Heydər Əliyevin ciddi səyləri ilə müstəqil dövlətin prokurorluğunun fəaliyyəti beynəlxalq standartlara cavab verən yeni və müasir qanunvericilik aktları ilə tənzimləndi, prokurorluğun strukturunu, statusunu, funksiyalarını, işçilərinin fəaliyyətini dəqiq nizama salan, əməkdaşların sosial müdafəsinin yüksək səviyyədə təmin olunmasını özündə ehtiva edən mükəmməl qanun layihələri hazırlanıb qəbul edildi.
Çıxışda ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin  prokurorluğun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən də geniş söhbət açıldı. Qeyd edildi ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın reallaşdırılması nəticəsində  prokurorluq orqanlarının fəaliyyəti və strukturu son dərəcə təkmilləşdirilmiş, kadr potensialı gücləndirilmiş, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlıqlarının artırılması, habelə əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlara baxmayraq, ölkəmizdə qanunun aliliyini qorumaq vəzifə borcumuz və şərəf işimizdir.
Toplantıda çıxış edən Milli Məclisin deputaı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri  Hüseynbala Mirələmov, icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Pənah İmanov və başqaları prokurorluğun 100 ildə keçdiyi inkişaf yolu, prokurorluq orqanlarında qanunçuluğun qorunmasını, cəmiyyətdə bu dövlət təsisatına ictimai etimadın artdığını, nüfuzunun yüksəldiyini xüsusi qeyd edərək bu orqanlarda çalışan əməkdaşlara yeni-yeni nailiyyətlər arzuladılar. 
Sonda rayon prokurorluğunun fərqlənən bir neçə əməkdaşına Xətai Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları təqdim edildi. 

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti” 

19 2018 01:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Dekabr 2018 | 12:57
Vaqonlar dezinfeksiya olunur
11 Dekabr 2018 | 12:54
Mövsümün meyvəsi...

Ən son xəbərləri səhifəmizdən də izləyin