Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Abdullah Mətuq Əl-Mətuqa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub

Abdullah Mətuq Əl-Mətuqa Tarix İnstitutunun fəxri doktoru diplomu təqdim olunub

Noyabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında BMT Baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Mətuq Əl-Mətuqa institutun fəxri doktoru diplomu təqdim olunub.
Görkəmli ictimai xadim Abdullah Mətuq Əl-Mətuq bu fəxri ada Azərbaycan-Küveyt dostluq əlaqələrinin inkişafında və Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda müdafiəsindəki böyük xidmətlərinə görə layiq görülüb.
Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycanın xarici siyasətində İslam ölkələrinin mühüm yer tutduğunu bildirib: “Azərbaycan ilə Küveyt dost və qardaş ölkələrdir. Bu günlərdə Küveytdə olduq və orada institutun ərəb dilindəki nəşrlərinin təqdimatını keçirdik”. 
Yaqub Mahmudov Abdullah Mətuq Əl-Mətuqun ictimai, siyasi fəaliyyətindən, xeyriyyəçilik işlərindən söz açıb, onun hər zaman Azərbaycan dövlətinin və xalqının yanında olduğunu deyib. Bildirib ki, görkəmli ictimai xadim Abdullah Mətuq Əl-Mətuq zəngin həyat yolu keçib. Onun İslam dünyasının müdafiəsində mühüm xidmətləri var, xeyriyyəçilik işlərini isə xüsusi qeyd etmək lazımdır. Hər zaman İslam ölkələrinin problemləri ilə məşğul olan Abdullah Mətuq Əl-Mətuqun Azərbaycana sevgisi böyükdür. Xalqımızın yaxın dostu Abdullah Mətuq Əl-Mətuq ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevlə dəfələrlə görüşüb. O, hər zaman, ölkəmizin çətin anlarında belə Azərbaycanın yanında olub.
Akademik, həmçinin Azərbaycan həqiqətlərindən danışıb. Diqqətə çatdırıb ki, müasir Ermənistanın ərazisi tarixi Azərbaycan torpaqlarıdır: “Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Erməni vandalları İrəvan xanlığının torpaqlarında, o cümlədən İrəvan şəhərində 300-dən çox məscidi yerlə yeksan ediblər. Hazırda erməni vandalizmi işğal altında olan Qarabağ torpağında da davam edir. Orada məscidlərimiz və digər tarixi abidələrimiz məhv edilib, bəzi məscidlərimizdə isə donuz saxlanılır”.
Qeyd olunub ki, bu gün Tarix İnstitutunun nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurub. 
İki ölkə arasında möhkəm dostluq və qardaşlıq münasibətlərindən söz açan Abdullah Mətuq Əl-Mətuq Küveytin hər zaman bütün sahələrdə Azərbaycan dövlətinin və xalqının yanında olduğunu söyləyib. O, ölkəmizə hər səfərində Azərbaycanın sürətlə inkişaf etdiyini deyib. Qonaq bildirib ki, bütün Azərbaycan həqiqətlərini öz səlahiyyətləri çərçivəsində bəyan və müdafiə edir: “Prezident İlham Əliyevlə görüşlərim olub. O, müasir dünyanın böyük dövlət xadimlərindən biridir. Hazırda Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edirəm”.
Abdullah Mətuq Əl-Mətuq institutun fəxri doktoru diplomuna layiq görüldüyündən məmnunluğunu bildirib və bunun gələcəkdə humanitar sahələrdə və xeyriyyəçilik fəaliyyətində stimul olacağını vurğulayıb. 
Tədbirdə çıxış edən tarixçi alimlər qonağa Azərbaycan həqiqətlərini beynəlxalq miqyasda müdafiə etdiyinə görə təşəkkür ediblər.

 

AZƏRTAC

15 Noyabr 2019 22:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə