Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır

Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır

Paytaxtımız bu gün yenə dünyanın diqqət mərkəzindədir. Ölkəmizdə son illərdə bir-birinin ardınca mədəniyyətlərarası və dinlərarası dialoq, milli-dini tolerantlıq üzrə beynəlxalq konfranslar keçirilib, nüfuzlu din xadimləri paytaxtımıza səfər ediblər. Bu dəfə isə ölkəmizdə müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı sammiti keçirilib. Misir Ərəb Respublikasından sammitə qatılmış, uzun illər həmin ölkədə işləyən həmyerlimiz Seymur Nəsirov dedi: 

– Bakının bu sammitə evsahibliyi etməsi ölkəmizə göstərilən yüksək etimadın nəticəsidir və belə tədbirlər ölkələr arasında münasibətlərin daha da yaxşılaşmasına və dinlərarası dialoqun davamlı olaraq aparılmasına töhfə verir. Sammitdə 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak etmişlər. Sammitin əsas məqsədi beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan ksenofobiya, islamofobiya, xristianofobiya, antisemitizm kimi təhlükələrin qarşısının alınması üçün siyasi, ictimai və dini liderlərin birgə səylərinin artırılmasının və qlobal dialoqun gücləndirilməsinin vacibliyini bir daha bəyan etmək idi. 
 Bu gün danılmaz faktdır ki, ölkəmiz dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınır. Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Həm də Azərbaycan özünün qədim dinlərarası ənənələrinı bütün dövrlərdə nümunəvi şəkildə göstərmişdir. Buna görə də Bakıda belə mötəbər tədbirin keçirilməsi təbiidir. 
 Azərbaycanda bütün dinlərin, bütün etnik qrupların nümayəndələri ta bineyi-qədimdən bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Dövlət başçısının dediyi kimi, “Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir”. Qədim tariximizi əks etdirən dini abidələrimiz Azərbaycanın ulu diyar olmasının sübutudur. Ölkə Prezidenti sammitdəki dərin məzmunlu nitqində bu məsələyə toxunaraq demişdir: “Müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar. Qeyd etməliyəm və biz fəxr edirik ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir”.
 Xüsusi olaraq vurğulaya bilərik ki, bizim ölkədə bütün dinlərə və dini abidələrə həmişə hörmətlə yanaşılıb, dini ayrı - seçkiliyə yol verilməyib. Məscidlərimizə olan münasibət eyni ilə digər dini məbədlərə -- pravoslav kilsələrinə, sinaqoqlara, katolik kilsələrinə də göstərilib. Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəməyib. Dövlət başçımız bu barədə danışarkən demişdir: “Dövlətin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmiş və ya yenidən tikilmişdir. Beləliklə, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir. Biz İslam dininə sadiqik. Öz dinimizi təbliğ edirik, eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Beləliklə, ölkəmizdə çox gözəl ictimai ab-hava vardır”.
 Məhz dövlət başçısının ölkədə yaratdığı bu ictimai ab-hava, multikultural dəyərlərə göstərdiyi münasibətin nəticəsidir ki, dünya dini liderləri Azərbaycanda toplaşdılar. Sammit iştirakçıları beynəlxalq sabitliyə və təhlükəsizliyə ciddi təhdid olan təhlükələrin qarşısının alınması üçün ölkədə ciddi iş aparıldığına şahid oldular. Bunlar isə Azərbaycan dövlətinin demokratik yolla inamla addımladığını, islami dəyərlərə olduğu kimi, digər dini dəyərlərə də hörmətlə yanaşdığını, haqqın, ədalətin tərəfində olduğunu sübut edən faktorlardır.

 

Hazırladı:
Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 

15 Noyabr 2019 22:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə