Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı sammiti dünyaya mühüm mesajlar çatdırır

Bakı sammiti dünyaya mühüm mesajlar çatdırır

Milli Məclisin ­deputatı, professor Musa Qasımlı Dünya dini liderlərinin II sammitinin də Bakıda keçirilməsini Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası ­dialoqun inkişafına ­verdiyi növbəti töhfə adlandıraraq bildirdi:

– Nüfuzlu dini liderlərin və bu sahə ilə bağlı görkəmli mütəxəssislərin  Azərbaycan paytaxtında növbəti görüşü bir daha göstərir ki, Bakı sammiti mühüm mesajların dünyaya çatdırılması üçün ciddi platformadır. Bu gün ayrı-ayrı regionlarda gedən mürəkkəb etnik-dini proseslər bu məsələlərin nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirə edilməsi zərurətini yaradır. Azərbaycan isə məhz bu zərurətdən doğan məsələlərin həllinə layiqli töhfə verməyə çalışır.
Əsrlər boyu Azərbaycanda müxtəlif etnik və dini qrupların nümayəndələri mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar. Prezident İlham Əliyev də sammitdə çıxışı zamanı bu məsələni xüsusi vurğuladı. Bildirdi ki, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Dövlət başçısı “Bizim qədim tariximizi əks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar”  deməklə Azərbaycanda dövlət-din münasibətlərinin mövcud durumu barədə dünya ictimaiyyətini bir daha məlumatlandırdı.
Haqlı olaraq bildirildi ki, dünya multikulturalizminin mərkəzlərindən biri kimi tanınan Azərbaycanda heç vaxt antisemitizmə və ayrı-seçkiliyə yol verilməyib, ölkəmizdəki dini icmaların milli-mədəni və dini dəyərləri qorunub saxlanılıb. Bunun nəticəsidir ki, Azərbaycanda müsəlmanlarla yanaşı, qeyri-müsəlmanların da dini bayramları yüksək səviyyədə keçirilir, dövlət bu icmalara dəstək göstərir.
Musa Qasımlı sonda Dünya dini liderlərinin sammitinin məhz Azərbaycanın təşəbbüsü ilə keçirildiyini vurğulayaraq dedi:
 Dünya dini liderlərinin II sammiti kimi nüfuzlu bir beynəlxalq tədbirin yenidən Bakıda təşkil edilməsi ölkəmizin dini problemlərlərin həlli istiqamətində atdığı ən önəmli addımlardan biridir. Dünya dini liderlərinin II sammiti ölkəmizin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə verdiyi töhfələrin məntiqi davamıdır.

 

Hazırladı:
R.TAHİR,
“Xalq qəzeti”

 

15 Noyabr 2019 22:54 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə