Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

400-dən çox məktəbli Qusar və Qubanın görməli yerlərini gəzib

400-dən çox məktəbli Qusar və Qubanın görməli yerlərini gəzib

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində 400-dən çox məktəbli Azərbaycanın şimal qapısı sayılan Qusar və qədim Quba ilə tanış olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 15-də Gəncə, Şirvan, Şuşa, Laçın, Xocavənd, Cəbrayıl, Zəngilan və Qubadlı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri Qusar rayonunun görməli yerlərini gəziblər.
Məktəblilər Qusar şəhərinin girişindəki Bayraq Meydanında qarşılanıblar. Onlara rayon haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Qusar rayonu təkcə təbii gözəllikləri ilə deyil, həm də qədim mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə də məşhurdur. Yayda göz oxşayan meşələr, qışda qara bürünmüş dağ və dərələr buraya gələnlərin diqqətini çəkir. 
Sonra tur-aksiya iştirakçıları “Şahdağ” Turizm Mərkəzi ilə tanış olublar. Məktəblilərə buradakı otellər və müxtəlif xidmətlər barədə ətraflı məlumatlar verilib. Tur-aksiya iştirakçıları mərkəzin xidmətlərindən pulsuz yararlanmaq imkanı qazanıblar.
Məktəblilər günün ikinci yarısında Həzrə kəndində Şeyx Cüneyd türbəsini ziyarət edib, şəhərdəki Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin irsini və çoxşaxəli fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.
Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyinə, Olimpiya İdman Kompleksinə və rəsm qalereyasına ekskursiya ediblər.
Sumqayıt, Mingəçevir, Yevlax, Naftalan, Kəlbəcər və Xocalı məktəblərinin şagirdləri isə Qubanın görməli yerlərini gəziblər.
Qədim Qubaya ekskursiya dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayıb. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, Qudyalçayın üzərindəki Tağlı körpü ilə tanış olublar.
Qəsəbədəki sinaqoqla tanışlıq zamanı şagirdlərin diqqətinə çatdırılıb ki, uzun illərdir buradakı yəhudilər azərbaycanlılarla birlikdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan çox sinaqoq inşa olunub.
Zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, məbəd 1802-ci ildə tikilib. Bu məscid təkcə Qubada deyil, şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.
Tur-aksiya iştirakçıları şəhərdə fəaliyyət göstərən “Azərxalça” ASC-nin Quba filialında xalça toxunması prosesini də izləyiblər.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı tur-aksiyanın iştirakçıları ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Daha sonra məktəblilər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin Quba şəhərindəki “ABAD Factory” İstehsalat Kompleksi ilə yaxından tanış olublar.
Günün ikinci yarısında məktəblilər Quba rayonu ərazisində, Xınalıq yolu üzərindəki dağ şəlaləsinə ekskursiya ediblər.
Tur-aksiya iştirakçıları, həmçinin “Quba Palace” mehmanxana kompleksində və buradakı qolf klubunda da olublar.

15 Noyabr 2019 22:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə