Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya hərbçiləri Suriyada ABŞ bazasını nəzarətə götürüblər

Rusiya hərbçiləri Suriyada ABŞ bazasını nəzarətə götürüblər

Rusiyanın hərbi polisi Suriyanın Kobani şəhəri yaxınlığındakı ABŞ hərbi bazasını nəzarətə götürüb. Bu barədə hərbi polis əməkdaşına istinadən TASS  məlumat yayıb. 

Məlumata görə, bir müddət əvvəl Hələb əyalətinin şimalındakı Metras yaşayış məntəqəsi rayonunda olan səhra aerodromu Suriya hökumət qüvvələrinin nəzarəti altına keçib. Burada ABŞ-ın Suriyadakı qüvvələrinin hərbi bazası yerləşib. Amerika hərbçiləri aerodromdan özlərinin Suriyadakı bazalarına və yerli tərəfdarlarına hərbi-texniki avadanlıqlar çatdırmaq üçün istifadə ediblər.
İki gün əvvəl isə ABŞ hərbçiləri bazanı tələsik tərk ediblər. Ardınca Rusiya Hərbi Kosmik Qüvvələrinin vertolyotları uçuş-enmə zolağına zərər yetirilməsinin qarşısını almaq üçün operativ surətdə bazaya enib. “Bizim hərbi dəstələr patrul xidmətinə başlayaraq, aerodromun və hərbi bazanın ərazisini nəzarətə götürdü. Hazırda minaaxtaranlar ərazidə partlayıcı maddələrin olub-olmadığını yoxlamaqla məşğuldurlar. Bilmirik ki, keçmiş sahibləri burada hansı sürprizlər qoyublar”, – deyə hərbi polis əməkdaşı bildirib. 
Onun sözlərinə görə, ABŞ hərbçiləri burada uzun müddət qalmaq niyyətində olublar. Ona görə də ərazidə hər cür rahatlığa malik, kondisionerlərlə, müstəqil enerji sistemləri və 100 nəfərədək şəxsi heyətin təminatı üçün mobil gigiyenik komplekslərlə, eləcə də fitnes zalları ilə təchiz edilmiş modullar  yaradıblar.
Tərəflərin barışdırılması üzrə mərkəzin rəisi Sergey Jmurin jurnalistlərə bildirib ki, mərkəzdəki dəstələr artıq Metrasda yaşayanların dinc həyata qayıdışına kömək etməyə başlayıblar: “Biz onların dinc həyatını təmin etmək üçün humanitar yardımlar gətirməyə, tibbi yardım göstərməyə başlamışıq. Tezliklə burada yerli sakinlərə humanitar yardımların çatdırılması mərkəzi yerləşdiriləcək”.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

 

15 Noyabr 2019 22:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə