Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yemək borusu xəstəliklərinin müalicəsi üçün xaricə getməyin

Yemək borusu xəstəliklərinin müalicəsi üçün xaricə getməyin

Bu gün geniş yayılan patologiyalar içərisində yemək borusu xəstəlikləri xüsusi yer tutur. Döş qəfəsi cərrahiyyəsinə aid olan bu xəstəliklərin bəzən müxtəlif mütəxəssislər tərəfindən xaotik müalicəsi mövzunu bir qədər də aktuallaşdırır. Ona görə də yemək borusu xəstəliklərinin müayinəsi, əsasən də cərrahi yola müalicəsi barədə  ATU-nun Tədris Cərrahiyyə Klinikasının torakal cərrahı, tibb üzrə fəlsəfə doktoru, Avropa və Ukrayna Torakal Cərrahlar Assosiasiyasının üzvü Arif Ağayev söz açır.

O, 2010--2014-cü illərdə professor M.Bağırovun rəhbərliyi altında torakal cərrahiyyə ixtisası üzrə aspiranturada oxuyub. 2008--2014-cü illərdə paralel olaraq Kiyev şəhəri 17 saylı şəhər xəstəxanasının “Döş qəfəsi travmaları və politravmalar” şöbəsində növbətçi torakal cərrah vəzifəsində çalışıb. “Qida borusu divertikullarının diaqnostikası və cərrahi müalicəsi” mövzusunda dissertasiya müdafiə edib. Bildirir ki, yemək borusunda olan bütün cərrahi patologiyalarla məşğul olur: “Təəssüf ki, bu barədə cəmiyyətimizdə birtərəfli, yanlış fikirlərlər mövcuddur. Yemək borusunun mürəkkəb orqan olması xüsusilə qabardılır, yemək borusu xəstəliklərindən əziyyət çəkənlərə xaricdə müalicə olunmaq məsləhət görülür. Və yaxud da ağırlaşan xəstələrə “şansınız yoxdur” deyilir. Amma unutmamalıyıq ki, istənilən xəstənin şansı həmişə var”.

Tədris Cərrahiyyə Klinikasında döş qəfəsi cərrahiyyəsi üzrə ixtisaslaşmış bir mərkəzin fəaliyyət göstərdiyini vurğulayan A.Ağayevin sözlərinə görə, son 4 ildə mərkəzə yemək borusu patologiyası ilə təxminən 100 xəstə müraciət edib. Ümumilikdə ilə 25--30, aya 3--5 patologiya düşür. Son 6 ayda isə müraciət edənlərin sayı xeyli çoxalıb: “Müraciətlərin böyük qismi yemək borusunda xoşxassəli, bədxassəli şişlər və yaxud digər törəmələrlə bağlıdır. Yemək borusunun bədxassəli törəmələri ümumi problemin 40 faizini əhatə edir. Onları cərrahi üsullarla müalicə edirik. Azərbaycanda bu cür əməliyyatlar bir neçə müəssisədə, o cümlədən ATU-nun Tədris Terapevtik Klinikasında uğurla icra olunur. Nəticələrimiz də dünyanın öncül klinikaları səviyyəsindədir. Demək olar ki, klinikamızda yemək borusu patologiyasından ölüm halları baş verməyib”.

A.Ağayev “yemək borusu xəstəliklərinin müalicəsi çox çətindir” düşüncəsinin artıq köhnəldiyini, problemlərin invaziv üsullarla həll olunduğunu deyir: “Bizim klinikada bu patologiyaların diferensial diaqnostikası dəqiqliklə aparılır. Əminliklə deyirəm ki, yemək borusu xəstəliklərinin cərrahi yolla müalicəsi üçün xaricə üz tutmağa ehtiyac yoxdur”.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

15 Noyabr 2019 11:59 - SƏHİYYƏ
SƏHİYYƏ
5 Dekabr 2019 | 15:02
Bakıda unikal əməliyyat

Köhnə versiyamızdan xəbərləri izlə