Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qarabağın Ermənistan olması barədə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir”

“Qarabağın Ermənistan olması barədə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir”

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindən biri ­Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə yönəlib. Ölkə başçısının bu istiqamətdə həyata keçirdiyi tədbirlər Ermənistanı dünya birliyində işğalçı ölkə kimi tanıdıb. 

Dövlətimizin başçısı bu yaxınlarda Soçidə keçirilmiş "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı münaqişənin nizamlanması məsələsini bir daha gündəmə gətirdi və bildirdi ki, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT-nin bütün dünya tərəfindən qəbul edilmiş Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı çərçivəsində həll olunmalıdır. Ölkə başçısı Ermənistan baş nazirinin son vaxtlar səsləndirdiyi sərsəm bəyanatlara da münasibət bildirib. Qeyd edib ki, Nikol Paşinyan tez-tez təkrarlayır ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır: “İndi deməliyəm ki, “Dağlıq Qarabağ xalqı” məfhumu mövcud deyil. Dağlıq Qarabağın əhalisi var, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət idi. Azərbaycan üçün hansı həll variantının məqbul olmasına gəldikdə isə, o, Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünün bərpa olunmasından, qaçqınların və məcburi köçkünlərin öz doğma torpaqlarına, o cümlədən, Dağlıq Qarabağa qayıtmasından ibarətdir. Bu, Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”.
BMT Təhlükəsizlik Şurasının qətnamələri də birmənalı olaraq atəşkəsin imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən geri çəkilməsini tələb edir. Lakin Ermənistan tərəfi bu vaxta qədər beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik edir, 25 ildən artıqdır ki, işğal etdiyi Azərbaycan ərazilərindən öz ordusunu geri çəkmir. Dünya birliyinin bu ədalətsizliyə göz yumması hələ də baş alıb gedən ikili standartların bariz nümunəsidir. Xalqımız zaman-zaman ikili standartlar bəlasının acısını çəkib və bu gün də çəkməkdədir. 
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olan Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun bu günlərdə İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər onun da ikili standartlar mərəzindən xilas ola bilməməsinin göstəricisidir. Həmin brifinqdə səsləndirdiyi fikirlərə toxunmadan Sergey Lavrovun bir ay əvvəl “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması haqqında sualı cavablandırarkən səsləndirdiyi fikirləri xatırlatmaq istərdik: “Qarabağın Ermənistan olması barədə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir”. Bu, baş nazir Nikol Paşinyanın Xankəndidə keçirilən mitinqdə “Qarabağ Ermənistandır, nöqtə" bəyanatına verilən cavab idi. 
Bu fikir rusiyalı diplomatın münaqişə ilə bağlı Ermənistana sərt təpkisi kimi qiymətləndirildi. Xüsusilə də İrəvanda Avrasiya İqtisadi Birliyi forumunun keçirildiyi günlərdə rəsmi Moskvanın yeni geosiyasi konturlardan bəhs etməsindən, sentyabrın 30-da Rusiyanın Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının açılmasından sonra Sergey Lavrovun cavabı Ermənistanın həyata keçirdiyi qeyri-konstruktiv siyasət fonunda tam nüfuzdan düşməsi, hətta işğalçı ölkəyə tərəfdaş olan dövlətlərin də etibarını itirməsindən xəbər verirdi.
Sergey Lavrov həmin tədbirdə Soçidə Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında ona ünvanlanmış sualı cavablandırarkən bildirmişdi: “ATƏT-in Minsk qrupunun həmsədrləri sıx dostluq şəraitində çalışırlar. Onlar bu il üç dəfə xarici işlər nazirləri ilə görüşüblər, o cümlədən bu ilin aprelində mənim iştirakımla Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirilib. İndi vəziyyət bir il əvvəlkindən sakitdir. Lakin siyasi proses yavaşıyıb və hələlik, bu ləngiməni aradan qaldıra bilmirik. Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistan olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir”.
S. Lavrov deyib ki, bu, az sayda hallardan biridir ki, bizim məsələyə baxışımız tamamilə eynidir, bizim baza sənədlərimiz var: “Bizim dəfələrlə müzakirə olunmuş baza prinsiplərimiz var. Bu prinsiplər əsasında məsələnin həllini axtaracağıq”.
Həm beynəlxalq təşkilatlar, həm də ATƏT-in Minsk qrupu həmsədr dövlətləri münaqişədə tərəf ölkələr kimi Ermənistanı və Azərbaycanı tanıyır. S. Lavrov da çox yaxşı bilir ki, bu vaxta qədər qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdə də “Dağlıq Qarabağ xalqı”ndan söhbət getmir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildən etibarən qəbul etdiyi və hüquqi öhdəlik daşıyan 4 qətnaməsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması tələb olunur. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. 2015-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi “Çıraqovlar Ermənistan hökumətinə qarşı” işi çərçivəsində qəbul olunmuş qərarda da qeyd edilir ki, Ermənistan Dağlıq Qarabağ və ətraf rayonlar üzərinə nəzarəti həyata keçirir. Dövlətimizin başçısının da dəfələrlə qeyd etdiyi kimi, münaqişənin həlli, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür.
Rusiyanın Xarici İşlər naziri tərəfindən səsləndirilən fikir və Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilin martında danışıqlar formatını dəyişməklə bağlı açıqlamaları vasitəçilik missiyasının və Rusiya da daxil olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinin son bəyanatının ruhuna tamamilə ziddir.
Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasını həyata keçirən həmsədr dövlətlərdən və nüfuzlu beynəlxalq təşkilatlardan ədalətli mövqe gözlənildiyi bir vaxtda ikili standartlara yol verilə bilməz.

 

Əliqismət BƏDƏLOV, 
“Xalq qəzeti”

15 Noyabr 2019 02:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə