Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan çox etibarlı tranzit ölkəyə çevrilib

Azərbaycan çox etibarlı tranzit ölkəyə çevrilib

Son illər dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulur. Bu investisiyalar hesabına dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf etmişdir. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan işlərin təzahürüdür.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanın sosial-iqtisadi həyatının bütün sahələrində olduğu kimi, nəqliyyat sektorunda da irihəcmli layihələr reallaşdırılır, respublikamız beynəlxalq nəqliyyat dəhlizlərinin formalaşması prosesində fəal iştirak edir, eləcə də ölkənin tranzit potensialının artırılması istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidenti ­İlham Əliyevin dəmir yolunun yenilənməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr hazırda yüksək keyfiyyətlə yerinə yetirilir. Enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçirilməsi, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parkının yenilənməsi və digər mühüm tədbirlər beynəlxalq standartlara uyğun icra edilir. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmət səviyyəsinin müasir tələblərə çatdırılması, əlavə yüklərin cəlbi, habelə daşınan yüklərin mənzil başına təhlükəsiz və vaxtında çatdırılması üçün müasir texniki vasitələrin müasirləşdirilməsi uğurla gerçəkləşdirilir.

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovu qəbul edərkən bu barədə ətraflı bəhs edib. Bildirib ki, son illər dəmir yolu infrastrukturuna böyük investisiyalar qoyulur. Bunun sayəsində dəmir yolu infrastrukturu böyük dərəcədə inkişaf edib. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerdə qərarlaşıb. Bu, kifayət qədər yüksək göstəricidir, son illərdə aparılan genişmiqyaslı işlərin təzahürüdür: “Onu da əlavə etməliyəm ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə biz dünyada 31-ci yerdəyik. Yəni, Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir, keçən il yeni dəniz ticarət limanı, 2017-ci ildə Bakı-Tbilisi-Qars tarixi dəmir yolu istifadəyə verilib, daxili dəmir yolları müasirləşir. Bir sözlə, Davos hesabatında bizim yüksək yerə malik olmağımız reallığı əks etdirir. Ancaq bununla paralel olaraq biz gələcəkdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Çünki ölkəmizin uğurlu inkişafı, o cümlədən nəqliyyat infrastrukturundan asılıdır”.
Dövlətimizin başçısı nitqində hazırda Azərbaycanın etibarlı və önəmli tranzit ölkə kimi xidmətlər göstərdiyini, bunun beynəlxalq təşkilatların hesabatında da əks olunduğunu vurğulayıb. Ölkə rəhbəri sözügedən sistemi inkişaf etdirmək, mövcud sahənin potensialını daha da gücləndirmək üçün qonşu ölkələrlə münasibətləri dərinləşdirməyin, siyasi-iqtisadi əlaqələri yaxşılaşdırmağın zəruriliyinə toxunaraq, təkcə son aylar ərzində Rusiya, Türkiyə, İran prezidentləri və Gürcüstanın Baş naziri ilə görüşlərini xatırladıb. Bildirib ki, həmin görüşlərdə nəqliyyat sahəsində əməkdaşlıq məsələsinə də kifayət qədər vaxt ayrılıb. 
Prezident İlham Əliyev nitqində Azərbaycanın nəqliyyat sektorunun gələcəkdə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirəcəyini, qeyri-neft sahəsinin ümumi daxili məhsuldakı payının artmasına mühüm təsir göstərəcəyini diqqətə çatdırıb: “Biz hazırda Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş miqyasda istifadə edirik, keçən il təqribən 300 min tona yaxın yük daşınmışdır. Önəmli məsələ ondan ibarətdir ki, biz artıq təkcə Asiya ölkələrindən gələn yüklərlə kifayətlənmirik, eyni zamanda, Avropa məkanında da fəal əməkdaşlıq edirik və bəzi Avropa ölkələrinin bu yoldan istifadə etməsi artıq reallığa çevrilib. Biz artıq Çindən konteyner qatarları qəbul etməyə başlamışıq. Çin-Qazaxıstan-Azərbaycan-Avropa dəhlizi fəaliyyət göstərir. Eyni zamanda, son müddət ərzində Əfqanıstan-Türkmənistan-Azərbaycan-Avropa istiqamətinə yüklər daşınır. Biz Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolunu birləşdirə bilmişik. Bu da böyük imkanlar yaradır. Mənim Orta Asiya respublikalarının prezidentləri ilə keçirdiyim görüşlər əsnasında dəmir yolu daşınmaları haqqında kifayət qədər geniş fikir mübadiləsi aparılmışdır. Hazırda Özbəkistan və Tacikistanla bizim dəhlizimizdən istifadə imkanlarını müzakirə edirik və əminəm ki, bu istiqamətdə də uğurlar əldə olunacaq”.
Yeri gəlmişkən, xatırladaq ki, Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan regionun tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır və bu, ölkəmizi mühüm nəqliyyat-logistika mərkəzinə çevirir. Nəqliyyat-logistika və tranzit potensialının inkişaf etdirilməsi Azərbaycanın prioritet məsələlərindən biridir. Ölkəmizdə inkişaf etmiş nəqliyyat infrastrukturu yaradılır, nəqliyyat kompleksi xidmətlərinin keyfiyyəti artırılır. Bu istiqamətdə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Abşeron Logistika Mərkəzi kimi layihələr artıq həyata keçirilib, Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşdırılması davam edir, bu dəhlizlər müxtəlif ölkələri birləşdirir.
İnfrastruktur obyektlərinin yaradılması, multimodal logistika sistemlərinin təkmilləşdirilməsi etibarlı və təhlükəsiz nəqliyyat sisteminin fəaliyyəti, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Ona görə ki, nəqliyyat-logistika sistemlərinin inkişafı sayəsində daşımaların həcmini qat-qat artırmaq mümkün olur.
Bakı-Tbilisi-Qars qitələrarası daşımalar üçün geniş imkanlar açır. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələri, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edir.
Xatırladaq ki, bütün region üçün strateji əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılışı mərasimindən 2 il keçir. Bu nəqliyyat qovşağının açılışında Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı ­Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun xanımı Əminə Ərdoğan, Qazaxıstan, Gürcüstan, Özbəkistan, habelə Tacikistan və Türkmənistanın rəhbər şəxsləri iştirak ediblər.
Bakı-Tbilisi-Qars dəmir yolu Asiya və Avropanın dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. Bu xətt yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilir. Bu strategiya iki mühüm inkişaf istiqamətini əhatə edir: 60-dan çox ölkəni əhatə edən İpək Yolu iqtisadi kəməri və Dəniz İpək Yolu. İpək Yolunun uzunluğu 18 min kilometrdir. Söhbət şərqdən qərbə güzəştli şərtlərlə birbaşa malgöndərmələr üçün ticarət dəhlizi yaradılmasından gedir. Bakı-Tbilisi-Qars dəmir yolunu İpək yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır.
Prezident İlham Əliyev nitqində Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinə də çox böyük diqqət yetirdiyini xatırladaraq, bildirib ki, respublikamızın ərazisində bütün işlər yekunlaşıb, İran sərhədinə qədər uzanan dəmir yolunun tikintisi artıq 2 ildir ki, tamamlanıb. O cümlədən dəmir yolu körpüsü tikilib və hazırda Şimal-Cənub nəqliyyat dəhlizi işləyir: “ 2018-ci ildə bu dəhlizlə daşınan yüklərin həcmi 8 dəfə, bu ilin 9 ayında daha 70 faiz artmışdır. Yəni, böyük potensial var və eyni zamanda, Şimal-Qərb nəqliyyat dəhlizi işləyir. Rusiyadan, həmçinin İrandan gələn yüklər Qərb istiqamətinə Azərbaycan ərazisindən daşınır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin iştirakçıları bir çox ölkələrdir. Ancaq onların arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihədə iştirak edir və hər iki layihənin reallaşmasına öz dəyərli töhfəsini vermişdir. Bu, bizə gələcəkdə həm siyasi, həm iqtisadi dividendlər gətirəcək, artıq gətirir”. 
Dövlətimizin başçısı söhbətində ölkədaxili dəmir yollarının tikintisi və modernləşdirilməsi istiqamətində atılan addımlardan da bəhs edib. Qeyd edib ki, Bakı şəhərətrafı dəmir yolunun tikintisi uğurla aparılır. Bu, paytaxt qəsəbələrini şəhərin mərkəzi ilə bağlayan yollardır. 
Ölkə rəhbəri Qəbələ şəhərinə dəmir yolunun çəkilişi layihəsinin davam etdirildiyini, bunun nəticəsində bölgənin turizm ­potensialının daha da güclənəcəyini vurğulayıb. Eyni zamanda, Bakı-Yalama və Ələt-Astara dəmir yollarının vəziyyətinin qaneedici olmadığını da bildirib: “Çünki vaxtilə orada təmir işləri aparılmamışdır. Yollar tamamilə yenidən qurulmalıdır ki, qatarların sürəti artsın. Hazırda qatarlar saatda təqribən 40, maksimum 50 kilometr sürətlə gedir. Bu, böyük yükləri daşımağa və sərnişinlərə keyfiyyətli xidmət göstərməyə imkan vermir. Ona görə bizim məqsədimiz həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin dəmir yolu hissəsinin modernləşdirilməsidir. Elə etməliyik ki, qatarlar saatda minimum 140 kilometr sürətlə hərəkət edə bilsin. Artıq Bakı-Yalama və Ələt-Astara dəmir yollarının modernləşdirilməsi prosesi başlanmışdır”.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov ölkə rəhbərinin “Bu ilin sonuna qədər hansı işlər görüləcək və ən əsası, gələn il biz hansı işləri görməliyik?”–sualına cavabında əvvəlcə Bakı dairəvi dəmir yolu barədə məlumat verib. Bildirib ki, dövlət başçısının göstərişi ilə bu yolun yenidən tikintisinə başlanılıb. Yan yolları ilə birlikdə həmin xəttin ümumi uzunluğu 200 kilometrə yaxındır. Burada dəmir yolu üzrə işlərin 80 faizi, elektrik, rabitə və işarəvermə işlərinin isə 70 faizi yerinə yetirilib, 11 yeni, modern stansiya tikilib. Yol üzərində 18 piyada və 6 avtomobil keçidi inşa olunub. Bütün yolboyu çirkab və tullantı suları ləğv edilib. 
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri ölkə rəhbərinə Bakı-Gəncə dəmir yolunun vəziyyəti barədə məlumat verərək deyib ki, hazırda həmin xətlə hərəkət edən qatarların sürəti qanedici deyil, başqa sözlə, bu o deməkdir ki, sərnişinlər 4 saat ərzində mənzil başına çatırlar. Amma yol infra­strukturu həmin göstəricini 3 saata endirməyə imkan verir.
Cavid Qurbanov məlumatında, həmçinin Gəncə şəhərindən Ağstafaya qədər olan dəmir yolunda işlərin tamamlandığını, Ləki-Qəbələ dəmir yolunun tikintisinin davam etdirildiyini, yollar üçün dizel qatarlarının sifariş olunduğunu, Ələt-Astara dəmir yolunun yenidən qurulduğunu vurğulayıb.
Görüşdə ölkə rəhbəri Azərbaycan dəmir yollarının müasirləşdirilməsi ilə bağlı tövsiyələrini verib, bu sahədə görülən işlərin ölkə iqtisadiyyatına mühüm təsir göstərdiyini diqqətə çatdırıb.

 

Vaqif BAYRAMOV, 
“Xalq qəzeti”

15 Noyabr 2019 02:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə