Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan dinlərarası dialoqun inkişafına öz töhfələrini verir”

“Azərbaycan dinlərarası dialoqun inkişafına öz töhfələrini verir”

Azərbaycan paytaxtı növbəti dəfə böyük beynəlxalq tədbirə – Dünya dini liderlərinin II Bakı sammitinə evsahibliyi  edir. Sammitdə müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, dini konfessiya və təriqət liderləri iştirak edirlər. Dünən Azərbaycan Prezidenti İlham Əliyev də tədbirdə çıxış edib.
Əməkdaşımız tədbir iştirakçıları ilə görüşərək onların fikirlərini öyrənib. Türkiyənin baş ravvini İshaq Haleva bildirib:
– Biz Azərbaycanın böyük beynəlxalq tədbirlər keçirmək sahəsində zəngin təcrübə topladığını yaxşı bilirik. Dünya dini liderlərinin növbəti sammiti də Azərbaycan rəhbərliyi, eləcə də Qafqaz Müsəlmaları İdarəsi tərəfindən yüksək səviyyədə hazırlanıb. Buna görə azərbaycanlı dostlarımıza ürəkdən təşəkkürümüzü bildiririk.
Qeyd etməliyəm ki, Azərbaycan dünyada multikultural dəyərlərə, zəngin tolerantlıq ənənələrinə malik ölkə kimi tanınır. Ona görə də rəsmi Bakı və ölkənin dini rəhbərliyi bu ənənələrin dünyada daha geniş yayılmasına, dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqinə daim öz töhfələrini verməyə çalışır. Dünya dini liderlərinin II Bakı sammiti də bu məqsədə xidmət edir.
Bu gün dünyanın ictimai-siyasi mənzərəsinə yaxından nəzər saldıqda nələr görürük: müharibələr, münaqişələr, böyük insan axını ilə müşayiət olunan miqrasiya prosesləri, günahsız, dinc insanların kütləvi şəkildə qurban getməsi, yaralanması və s. Bu problemlərin bir çoxu da dini zəmində baş verir. Nə yaxşı ki, Azərbaycan kimi multikultural ölkələr var. Burada bütün dinlərin və etnik ­qrupların nümayəndələri bir-biri ilə dostluq və mehriban qonşuluq şəraitində yaşayırlar. Bu baxımdan, biz Bakını alqışlayırıq! Bakı bizə təlqin edir ki, dünya adlanan ümumi evimizi təhlükələrdən qorumalı, müxtəlif dinləri təmsil edən xalqlar arasında dialoq yaratmalıyıq. Bu isə dünyada etibarlı sülh və əmin-amanlıq deməkdir. 

 

Söhbəti yazdı: 
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

15 Noyabr 2019 02:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə