Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycandakı tolerantlıq mühitini yüksək qiymətləndirirəm

Azərbaycandakı tolerantlıq mühitini yüksək qiymətləndirirəm

 Azərbaycan dünyada multikultural və tolerantlıq ənənələri ilə yanaşı, həm də  müxtəlif dini konfessiyaların rahat və sülh şəraitində  birgə yaşadığı ölkə kimi tanınır. Odur ki, dünyanın aparıcı  dini liderlərinin   Bakıda  ikinci dəfə toplaşaraq  fikir mübadiləsi aparmaları olduqca önəmli hadisədir. Ölkəmizdə keçirilən dünya dini liderlərinin  II Bakı sammitində iştirak edən Avstriya Süryani Ortodoks Dini İcmasının rəhbəri, professor Emmanuel Aydın sammitin əhəmiyyəti barədə fikirlərini bölüşüb:
– Sözsüz ki, bu  sammitin və görüşlərin əhəmiyyəti böyükdür. Xatırladım ki, keçən il  Şeyxülislam həzrətləri Allahşükür Paşazadənin dəvəti ilə Vyanada keçirilmiş toplantıda iştirak etmişdim. Həmin toplantının nəticəsi olaraq, Bakıda bu sammit gerçəkləşdi. Dünya liderlərinin ­Bakıda  bir araya gəlməsi Prezident İlham Əliyevin qətiyyəti  nəticəsində baş tutdu. Dünyada sülh və əmin-amanlığın bərqərar olması üçün sammitin  əhəmiyyətini  yüksək qiymətləndirirəm. 
Sülh və ədalətin bərqərar olması ilə bağlı sammitdə çıxışım da nəzərdə tutulub. Bu mövzuda iki məsələyə toxunmaq istəyirəm. Dünyada etibarlı  sülhə nə üçün nail ola bilmirik?  Birinci əsas səbəb odur ki, bir sıra siyasətçilər öz şəxsi maraqlarından çıxış edərək və  ya iqtisadi məğlubiyyətlərini ört-basdır etmək üçün dini pərdə altında qarşıdurma yaradırlar. İkinci səbəb kimi problemlərlə üzləşən fərdlərin içində ədalət və sülhə olan inamın yoxa çıxdığını deyə bilərəm. Düşünürəm ki, həqiqətən, dünyada sülhün bərqərar olmasını dəstəkləyən  din xadimləri arasında koordinasiyanın olması çox önəmlidir. Azərbaycan və qonşu ölkələr arasında  sülhün olması bütün dünyaya da güvən və etimad yaradar.
Azərbaycanda, həqiqətən,  tolerantlıq mühitini, digər konfessiya nümayəndələrinə olan sayğı və hörməti görürəm. İlk dəfə olaraq, Azərbaycanda mövcud olan alban kilsələrinin qorunması  və udi icması haqqında eşitdim. Düşünürəm ki, Azərbaycanın bu istiqamətdə fəaliyyətini davam etdirməsi digər dünya ölkələri üçün də tolerantlıq baxımından nümunədir. Artıq ikinci dəfədir ki, ölkənizin təşkil etdiyi bu tədbirdə iştirak edirəm. Təqdirəlayiq haldır ki, Azərbaycanın iqtisadi gücü və nüfuzu bu cür beynəlxalq tədbir və toplantıların təşkilində yüksək rol oynayır.
Odur ki, II sammitin fəaliyyətini və müzakirə edilən məsələləri, din xadimləri arasında səmərəli fikir mübadiləsi aparılmasını yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu sammit müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrini verəcək. Azərbaycan xalqına səmimi qəlbdən sülh və əmin-amanlıq arzu edir, sammitin yüksək təşkilinə görə Prezident İlham Əliyev və Şeyxülislam  Allahşükür Paşazadəyə dərin təşəkkürümü bildirirəm.

 

Əfsanə BAYRAMQIZI, 
“Xalq qəzeti”

15 Noyabr 2019 02:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə