Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədədir

Ölkəmizdə millətlərarası münasibətlər yüksək səviyyədədir

Azərbaycanda millətlərarası münasibətlər və din sahəsində reallaşdırılan dövlət siyasəti beynəlxalq hüquq normalarına və zəngin tarixi köklərə əsaslanır. Hazırda isə respublikamızda millətlərarası münasibətlərin demokratik prinsiplər əsasında tənzimlənməsi, müstəqil Azərbaycanın milli siyasəti azsaylı xalqların hüquq və mədəni irsinin qorunması sahəsində özünü daha qabarıq büruzə verir.  
Yeri gəlmişkən, xatırladım ki, bu gün Azərbaycanda  80-dən çox azsaylı xalq yaşayır və həmin xalqlar qafqazdilli, irandilli, türkdilli qruplara aid olub, ölkə əhalisinin etno-konfessional tərkibinə daxildirlər. Onların sırasında udiləri, ingiloyları, xınalıqları, qırızları, buduqları, tatları, talışları, rusları, ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar. Bu azsaylı xalqların bir hissəsi Azərbaycanın köklü əhalisi olub, başqa bir hissəsi isə tarixin müxtəlif mərhələlərində baş verən sosial-siyasi proseslərin nəticəsi olaraq ölkə torpaqlarında məskunlaşmışlar. 
Qeyd edim ki, əcdadlarımızın keçdiyi tarixi yol multikultural ənənələrin yaranması üçün zəmin olub, Azərbaycan xalqında tarixən konfessiyalara olan tolerantlıq mədəniyyətini formalaşdırıb və millətlərarası münasibətlərin inkişafına təsirsiz ötüşməyib. Elə bunun nəticəsdir ki, ölkəmizdəki etno-milli müxtəliflik indiyə qədər də özünü qoruyub saxlayır.
Onu da vurğulayım ki, Azərbaycan Respublikası dünyada azsaylı dövlətlərdən biridir ki, multikulturalizmi dövlət siyasətinə çevirib. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ölkədə olan tarixi tolerantlıq ənənələrinin qorunması və inkişafı üçün real şərait yaradıb. Son 16 il ərzində  Azərbaycan Respublikasının multikulturalizm siyasətinin uğurla həyata keçirilməsində Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılıb.  
Dövlətimizin başçısı çıxışlarında multikulturalizmin dövlət siyasəti olmasını dəfələrlə qeyd edib və onun bizim üçün böyük əhəmiyyətə malik olduğunu vurğulayıb: “Bəzi ölkələrdə, ümumiyyətlə, yüksək səviyyədə bəyan edirlər ki, multikulturalizm siyasəti fiaskoya uğrayıb. Bu, çox təhlükəli meyildir. Düşünürəm ki, Azərbaycanın nümunəsi bunun tam əksini göstərir. Onu göstərir ki, öz mədəniyyətinə, tarixinə bağlı olmaqla bərabər, eyni zamanda, başqa xalqların və dinlərin nümayəndələrinin mədəniyyətinə də hörmətlə yanaşmaq olar. Təsadüfi deyil ki, Bakı bu sahədə beynəlxalq əməkdaşlığın özünəməxsus mərkəzinə çevrilib… Əlbəttə, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə kimi belə bir nümunə göstərir ki, sosial sifariş və dövlətin düzgün siyasəti olanda bütün bu məsələləri bacarıqla həll etmək mümkündür”.
Bütün bunların nəticəsidir ki, hazırda dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan ölkəmizdə sivilizasiyalararası və dinlərarası dialoqa mühüm töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Bakıda Dünya dini liderlərinin II sammitinin gerçəkləşməsi də bunun bariz ifadəsidir.
Yeri gəlmişkən, xatırladım ki, beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsi aparılır. Bu baxımdan, Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə evsahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı sammiti də qarşılıqlı etimad mühitinin daha yaxşılaşdırılması işinin məntiqi davamıdır.

 

Arzuman MURADLI,
YAP Səbail rayon təşkilatının sədr müavini, politoloq

15 Noyabr 2019 02:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə