Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Sammiti: Azərbaycanın dinlərarası dialoq mərkəzi kimi mövqeyi güclənir

Bakı Sammiti: Azərbaycanın dinlərarası dialoq mərkəzi kimi mövqeyi güclənir

Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlərboyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. 
 

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya dini liderlərinin II sammitindəki nitqindən


Azərbaycan yenidən diqqət mərkəzindədir. Bu dəfə paytaxtımızda müxtəlif dini konfessiya və təriqət liderlərinin, müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Dünya dini liderlərinin II Bakı sammiti keçirilir. Sözsüz ki, son illər ərzində ardıcıl olaraq mədəniyyətlərarası və dinlərarası dialoq, milli-dini tolerantlıq üzrə beynəlxalq konfransların keçirilməsi, nüfuzlu din xadimlərinin paytaxtımıza səfərləri ölkəmizə göstərilən yüksək etimadın nəticəsidir və belə tədbirlər ölkələr arasında münasibətlərin daha da yaxşılaşmasına və dinlərarası dialoqun davamlı olaraq aparılmasına öz töhfəsini verir.

Ölkəmizdə müasir dövrdə millətlərarası münasibətlərin və din sahəsində həyata keçirilən dövlət siyasətinin beynəlxalq hüquq normalarına və zəngin tarixi köklərə əsaslanması danılmaz faktdır. Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan ölkəmizdə sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlər keçirilir və bu, artıq ənənə halını almışdır. Qürurla demək lazımdır ki, dünyanı narahat edən bir sıra humanitar problemlər 2008-ci ildən etibarən, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsi aparılır. Bu baxımdan 2010-cu ildə dünya dini liderlərinin Bakıda keçirilmiş sammitini sivilizasiyalararası dialoqun inkişafına, müxtəlif dini konfessiyaların əməkdaşlığının genişlənməsinə, eləcə də qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə hesab etmək olar. 
Hazırda dünyanın müxtəlif regionlarında cərəyan edən mürəkkəb etnik-dini proseslərin və qloballaşan dünyanın müasir çağırışlarının nüfuzlu dini-ictimai xadimlərin iştirakı ilə birgə müzakirəsi öz aktuallığını qoruyur və bu səbəbdən Azərbaycan Prezidenti İlham Əliyevin 11 aprel 2019-cu il tarixli sərəncamı ilə cari il noyabrın 14-15-də Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə yubiley tədbirləri çərçivəsində dünya Dini liderlərinin II Bakı sammitinin keçirilməsinə qərar verilmişdir. Xatırladaq ki, dini liderlərin I Bakı sammiti 2010-cu ildə keçirilmişdi.
Ümumiyyətlə, maddi-mədəniyyət nümunələrinin qorunub saxlanması, tarixi-dini abidələrimizin bərpası, milli-dini dəyərlər sistemimizin, ölkəmizin tarixi tolerantlıq ənənəsinin qorunaraq daha da zənginləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə müxtəlif din mənsublarının mənəvi ehtiyaclarını və fəaliyyət sahəsini leqallaşdıran qanunlar qəbul olunur, beynəlxalq hüquq normaları baxımından onlara əlavələr və dəyişikliklər edilir. Prezident İlham Əliyev çıxışlarında Azərbaycanın çoxmillətli, çoxkonfessiyalı ölkə olduğunu bildirir, milli dəyərlərimizə sadiqliyimizi vurğulayır.  Belə addımların nəticəsidir ki, ümumbəşəri dəyərləri bölüşən Azərbaycanda çalışmaq və yaşamaq üçün zəruri şərait yaradılmışdır. Fəxrlə qeyd etmək olar ki, bu gün yad dini təsirlərin Azərbaycanda möhkəmlənə bilməməsinin əsas səbəbi ölkəmizdə aparılan milli siyasətin müasir sosial-siyasi düşüncə tərzindən, müstəqil dövlətçilik ideyasına söykənərək, gələcəyə baxış və əsrlər boyu millətimizin içində yaşatdığı özgürlük və milli-dini dözümlülük hissindən qaynaqlanır. Məhz uğurlu milli-dini siyasətin aparılmasının nəticəsidir ki, bu gün Azərbaycan dünyanın nüfuzlu dini mərkəzlərinin, xadimlərinin və təşkilatların üz tutduğu məkana çevrilmişdir. 
Əlbəttə, Bakı sammitinin keçirilməsi zamanın tələbidir. Belə ki, qloballaşma şəraitində bəşəri dəyərlər sistemində ciddi dəyişikliklər baş verir. Qloballaşma zamanı bir tərəfdən dövlətlər arasındakı sədləri dağıdaraq yeni sosial münasibətlər formalaşdırır, digər tərəfdən istənilən xalqın inkişaf imkanları nəzərə alınmadan onlara müxtəlif ideologiyalar və proqramlar təlqin edilir. Bu da, öz növbəsində, xalqlar və dövlətlər, eyni zamanda, dinlər arasında müəyyən anlaşılmazlıqlara gətirib çıxarır. Bakıda başlayan sammitdə məhz multikulturalizm, tolerantlıq və dinlərarası həmrəylik məsələləri müzakirə olunacaq və müxtəlif tövsiyə və təkliflər irəli sürüləcək. Dünyanın beş qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafı, dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofibiya əleyhinə, qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti mövzuları ətrafında müzakirələr aparacaqlar. Bu baxımdan Bakı sammitinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrinin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfə verəcəyi danılmazdır.
Azərbaycan dövlətinin dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə II Bakı sammitinə evsahibliyi edir. Sammitin digər önəmli tərəfi budur ki, müxtəlif konfessiyaların nümayəndələri arasındakı dialoq qarşılıqlı hörmət prinsipləri əsasında keçir və imanla bağlı məsələlərə qətiyyən toxunulmur. Avropanın bəzi ölkələrində İslam dininə, onun ənənələrinə qarşı həqarətlərin yayıldığı bir vaxtda əhalisinin 96 faizi müsəlman olan Azərbaycanda milli-dini dözümlülük etalonu nümayiş etdirilməsi dünya miqyasında hiss olunur. Mütəxəssislərin sözlərinə görə, bu tədbirin keçirilməsi, bir tərəfdən Azərbaycanda dini tolerantlığa töhfə kimi qəbul olunacaq, eyni zamanda, müxtəlif ölkələrdən dini liderlər, ayrı-ayrı dini konfessiyaların nümayəndələri bəşəriyyəti narahat edən problemlər ətrafında fikir mübadiləsi apara biləcəklər. Bundan başqa, Bakı sammiti Azərbaycan üçün həm də Dağlıq Qarabağ problemini növbəti dəfə müzakirəyə çıxarmaq baxımından əhəmiyyətlidir. Bu mənada, siyasi analitiklər sammitin keçirilməsini Azərbaycana əlavə dividend gətirən təşəbbüs kimi qiymətləndirirlər. 
Qeydlərimizi möhtərəm Prezidentimiz İlham Əliyevin Dünya dini liderlərinin II sammitində söylədiyi fikirlərlə tamamlamaq istərdik: “Bütün bu nailiyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun bizə verdiyi dəstəkdir. Xalq-iqtidar birliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda, dinlərarası münasibətlər də bizim gücümüzü artırır”.

 

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”

 

 

15 Noyabr 2019 01:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə