Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yardımlı: Sonra gec olmasın deyə…

Ucqar bölgədə qışa hazırlıq görülür

Yardımlı: Sonra gec olmasın deyə…

Yardımlı dağ yeridir. Buranın yazı ilə yayı nə qədər sərin olursa, payızı və qışı bir o qədər sərt keçir. Yağışlar günlərlə kəsmir, lopa-lopa qar yağır, hər yanı qatı duman bürüyür. Buna görə hər il avqust, sentyabr aylarından başlayaraq, rayonda təbiətin sərt sınaqlarına hazırlıq işlərinə start verilir. 

Biz də bir payız günü dağlar diyarına üz tutduq ki, qış tədarükünün vəziyyətini öyrənək. Təbiət minbir rəngə boyanmışdı. Tez-tez qoyun sürüləri, yaylaqdan arana tələsən köçlər yolumuzu kəsirdi.  Zirvələrdən yaxınlaşan qışın nəfəsi duyulurdu.
İlk həmsöhbətimiz dağların şair oğlu Fikrət Şahbazlı oldu:
–Biz rayonumuzda heç zaman qarşıdan gələn qışın mülayim keçəcəyini, havaların yaxşı olacağını gözləmirik. Buna görə də hamı bacardığı qədər qışa hazır olmağa çalışır. Odun və yem tədarükü, isti paltar və sair. Ovçular tüfənglərini silib təmizləyirlər. Əhali ailə təsərrüfatında, kommunal qurumlar xidmət sahələrində, təhsil, səhiyyə, mədəniyyət müəssisələri məktəb, xəstəxana, muzey və klublarda vaxt varkən qış qayğılarını həll edirlər ki, sonra gec olmasın. Mənə gəlincə isə etiraf edim ki, dağlarda qış həm də məhsuldar yaradıcılıq mövsümüdür. Qışın qış günü soba yanında oturub, “ağsaqqallaşan” dünyanın  özəlliklərini kağıza köçürməkdən gözəl nə var?..    
Sentyabrın 27-də icra hakimiyyətində keçirilmiş şura iclasında rayon üzrə qış aylarında baş verə biləcək xüsusi hallar zamanı hər bir təşkilatın vəzifələri bir daha dəqiqləşdirilib. İcra başçısı Ayaz Əsgərov idarələrin rəhbərlərinə konkret fəaliyyətlə bağlı tövsiyələr verib. Zəruri tədbirlər planlaşdırılıb.  
Təhsil şöbəsinin müdiri Manaf Səmədzadənin dedikləri:
–Tədris ocaqlarını qış mövsümünə maksimum hazırlamaq əzmindəyik. Məktəblərdə  və körpələr evi-uşaq bağçalarında istilik sistemləri işlək vəziyyətə gətirilib. Rayonumuzda olan 80 ümumtəhsil məktəbinin 3-ü mavi yanacaq, 4-ü elektrik enerjisi, 23-ü maye yanacaq, 50-si isə odun yanacağı ilə qızdırılır. Əlavə 120 ədəd odun sobasının alınması təmin edilib. Maddi-texniki bazamız da daim möhkəmləndirilir. Elə ötən ay Şıxlar, Bilnə və Avun kəndlərində yeni tikilmiş 176 şagird yerlik ümumi orta məktəblərin açılışını etmişik. Çalışacağıq ki, soyuq havalarla əlaqədar dərsə davamiyyət heç vəchlə aşağı düşməsin.
Səhiyyə sahəsində də qışa hazırlıq tədbirləri görülməkdədir. Mərkəzi xəstəxanada, ­Çayüzü, Avaş, Honuba-Şıxlar və Hamarkənd həkim məntəqələrində mövcud olan istilik sistemləri qaydaya salınıb. Bərcan kənd sahə xəstəxanasının və 31 tibb məntəqəsinin dizel yanacağı ilə təmin olunması üçün nəzərdə tutulan vəsait müqavilə üzrə müəyyənləşdirilmiş müəssisənin hesabına köçürülür. Bu günlərdə Porsova kəndində Yaponiya hökumətinin sosial yardım proqramı üzrə tikilmiş müasir tibb məntəqəsi istifadəyə verilib.   
Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev:
–Rayon Tarix-Diyarşünaslıq Muzeyində və Mədəniyyət Mərkəzində quraşdırılmış kondisionerlər, eləcə də Heydər Əliyev Mərkəzi, Rəsm Qalereyası və Uşaq Musiqi Məktəbindəki müasir istilik sistemləri saz vəziyyətə salınıb. Kənd mədəniyyət müəssisələrində də qışa hazırlıq məqsədilə müəyyən təmir işləri aparılıb.
Yardımlı Rayon Qaz İstismarı Xidmət Sahəsi 13 yaşayış məntəqəsində əksəriyyəti əhali qrupuna aid olmaqla 2772 abonentə xidmət edir. Mövsümi hazırlıqla əlaqədar olaraq bu sahədə komissiya yaradılıb. Ayrı-ayrı yaşayış məntəqələrində istehlakçıların təbii qazla normal təchizatı üçün təmir işləri görülüb. Müəssisənin balansında olan texnika və aqreqatlar sazlanıb. Mənzillərdəki qaz cihazlarının tüstü bacaları yoxlanılıb.
Yardımlının elektrik təminatı ümumi gücü 25,2 MVA olan 2 yarımstansiya vasitəsilə həyata keçirilir. Şəbəkə 8603 abonentə xidmət göstərir. Hazırda dayanıqlığın təmin olunması, əhaliyə fasiləsiz elektrik enerjisi verilməsi məqsədilə işlər davam etdirilir. Hər iki yarımstansiyadan qidalanan xətlərdə təmir aparılıb və sıradan çıxmış transformatorlar yeniləri ilə əvəz edilib. Allar, Şıxhüseynli, Ostayır, Dəlləkli, Tilə, Şovut, Zeynələzir, Honuba-Şıxlar kənd yaşayış məntəqələrində və Yardımlı şəhərində abonent xətlərinin xeyli hissəsində SİP kabelləşdirilməsi aparılıb. 
Rayonda 1 mərkəzi və 24 kənd elektron avtomat telefon stansiyası var ki, bunlar da 4 mindən artıq abonentə xidmət göstərir. Geniş zolaqlı internet sistemindən 2 min abunəçi istifadə edir. Ümumilikdə, 52 yaşayış məntəqəsində provayderlərin sürətli internet xidmətindən istifadə olunur. Geniş zolaqlı internet sistemini həyata keçirmək məqsədilə 20 kənd EATS-i üçün avadanlıq gətirilib və qurulub. Qovşağa daxil olan 3,1 kilometrlik müxtəlif markalı magistral kabel, eləcə də 20 kilometrlik naqil, 150 ədəd dəmir və beton dayaq dəyişdirilib. Bundan başqa, qovşaq üçün UAZ markalı yeni avtomobil alınıb. Masallı və Yardımlı rayonları arasında uzunluğu 53 kilometr olan beynəlxalq rabitə xətti təsərrüfatında təmir aparılıb, istismara yararsız hala düşmüş 20 dirək yenisi ilə əvəz edilib. Rayonun Vərgədüz, Qaraqaya, Telavar, Avaş, Osnakəran, Hamarkənd, Çayüzü, Porsova, Astanlı, Vəlixanlı, Ərsilə, Köryədi və Kürəkçi kəndləri istiqamətindəki xətt təsərrüfatlarında qismən təmir işləri görülüb, 60 abonentə telefon xətti çəkilib. Hazırda üç yaşayış məntəqəsinin  – Deman, Qarovuldaş və Arvana kəndlərinin əhalisi müasir peyk rabitəsindən istifadə edir.
Yardımlı əhalisinin içməli su problemi də həllini tapır. Rayon mərkəzində bu iş yekunlaşıb, 1647 abonent tam sayğaclaşdırılıb. Sineyir-Separadi magistral su xəttindən 653 abonent – 6500 nəfərlik əhali istifadə edir. Yolocaq və Honuba kəndlərində suyun verilməsində yaranan çətinliklər tam aradan qaldırılıb. Alçabulaq, Qabaqdibi və Gavran kəndlərində artezian quyuları qazılıb və elektrik şəbəkəsinə birləşdirilib.
Bölgənin hərtərəfli inkişafına zəmin yaradan infrastruktur sahələrindən biri də yollardır. Prezident İlham Əliyevin sərəncamları ilə Cəlilabad–Yardımlı, eləcə də Sırıq–Vərgədüz–Bilnə–Osnağaran yolları əsaslı şəkildə tikilərək istismara buraxılıb. Yollar yenidən qurulduqdan sonra bir neçə yaşayış məntəqəsində turizm və rekreasiya obyektləri salınıb, sahibkarlıq subyektlərinin sayı artırılıb. Daxili imkanlar hesabına Şıxhüseynli avtomobil yolu ağır texnika ilə genişləndirilib. Cirenbel kəndində 2,2 kilometr məsafədə yol çınqıl örtüklə sahmana salınıb. Şıxlar, Bərcan və Musa kəndlərində 5 kilometrlik yol asfaltlanıb. Bürzünbül kəndi sakinlərinin müraciətinə əsasən, kəndin aşağı hissəsindəki  yol lazımi qaydaya salınıb. 35 kilometrlik Separadi–Yolocaq–Allar yerli əhəmiyyətli avtomobil yolu da genişləndirilir. Viləş çayı üzərində yükgötürmə qabiliyyəti 100 ton olan körpü salınır. Eyni zamanda, rayon üzrə 200 kilometr uzunluğunda asfaltlaşdırılmamış yolun tikintisi üçün ilkin sxem hazırlanaraq aidiyyəti orqanlara göndərilib. Yol tikintisi mərhələli şəkildə davam edir. Qışda hərəkətin rahatlığı üçün yol kənarlarına lazımi qədər qum və duz daşınıb. Təmir texnikası saz vəziyyətdədir, əlavə olaraq bir avtoqeyder alınıb.
Əlbəttə, Yardımlının qışa hazırlığında müəyyən çatışmazlıqlar da var. Onların aradan qaldırılması üçün səylər göstərilməsi nikbinlik yaradır.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

16 Noyabr 2019 22:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə