Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhali ilə birbaşa ünsiyyət icra orqanlarına etimadı daha da artırır

Əhali ilə birbaşa ünsiyyət icra orqanlarına etimadı daha da artırır

Biləsuvar rayonunun Zəhmətabad kəndinin ərazisindən keçən su kanalının üzərində nasosun olmaması sakinlər üçün müəyyən çətinliklər yaradır. Əsas küçənin çıxar sularının axıdılması üçün arxın qazılmasına ehtiyac var. Yararsız elektrik dirəkləri dəyişdirilməli, şor kollektorunun ətrafı qreyderlə hamarlanmalıdır. Bu və digər məsələlər rayon icra hakimiyyəti başçısının kənddəki səyyar görüş – qəbulu zamanı sakinlər tərəfindən qaldırılıb. 
Özündə 728 təsərrüfatı birləşdirən, ümumilikdə, 3985 nəfər əhalisi olan Zəhmətabad kəndi adına uyğun olaraq, zəhmətlə abadlaşan yaşayış məntəqələrindəndir. Nümayəndəlik üzrə tam orta məktəb, ümumi orta məktəb, müasir tələblər səviyyəsində həkim ambulatoriyası, uşaq bağçası, kitabxana, poçt fəaliyyət göstərir. Bu barədə məlumat verən inzibati ərazi dairəsi üzrə nümayəndə son dövrlədə kənddə görülmüş işlər və həllivacib məsələlər barədə məlumat verib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev görüşdə çıxış edib. O, Prezident İlham Əliyev tərəfindən respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Biləsuvar rayonunda aparılan abadlıq və yenidənqurma işlərindən bəhs edib. Qeyd olunub ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsində hər bir bölgədə,o cümlədən Biləsuvarda davamlı tikinti-abadlıq işləri aparılır, sosial layihələr həyata keçirilir, yeni-yeni iş yerləri açılır. Bütün bu tədbirlər yalnız bir amala xidmət edir: əhali yaxşı yaşasın, insanların həyat səviyyəsi daha da yaxşılaşsın. M.Quliyev tərəqqi meyllərinin bundan sonra da davam etdiriləcəyini, vətəndaşları narahat edən ən kiçik problemin belə diqqətdən kənarda qalmayacağını vurğulayıb.
Səyyar qəbul-görüşdə rayon rəhbərliyi kənd əhalisinin şəxsi problemlərini də dinləyib. Vətəndaşlar tərəfindən qaldırılan bir neçə məsələ yerindəcə həll edilib, həlli vaxt tələb edən məsələlər isə qeydiyyata götürülərək həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlar verilib.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri

15 Noyabr 2019 22:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə