Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Basqalda arxeoloji tədqiqatlar davam edir

Basqalda arxeoloji tədqiqatlar davam edir

Basqal Azərbaycanda orta əsr şəhər mədəniyyəti elementlərini və ənənələrini özündə yaşadan tarixi yerlərimizdəndir. Xatırladaq ki, Basqalın yaxın ətrafında insanlar hələ eramızdan əvvəl V minillikdən etibarən məskunlaşaraq ənənəvi təsərrüfat sahələri ilə məşğul olublar. Eramızdan əvvəl I minilliyin sonu–bizim eranın əvvəllərində Basqalətrafı ərazilərdə, xüsusilə, intensiv həyat olub. Ötən əsrin 70–90-cı illərində Qırlartəpə, Qalalar və Kürdüvan ərazisində aparılmış arxeoloji qazıntı və kəşfiyyat işləri zamanı Basqalətrafı ərazilərin tarixini özündə yaşadan olduqca zəngin maddi mədəniyyət qalıqları aşkara çıxarılmışdır.

Əfsuslar olsun ki, yüzilliklər boyu nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın çox mühüm sənətkarlıq, xüsusən də ipək, boyakarlıq və dəmirçilik məmulatları istehsalı mərkəzi olan Basqalın tarixi bugünədək lazımı səviyyədə öyrənilməmişdir. Lakin bu gün xüsusi minnətdarlıq hissi ilə demək olar ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında” 3 oktyabır 2018-ci il tarixli sərəncamından sonra Vətənimizin bu dilbər güşəsinin də gözdən uzaq, könüldən iraq olduğu dönəm artıq keçmişdə qaldı. Artıq bir ildir ki, Prezidentimizin həmin sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq Basqalın nümunəvi turizm mərkəzinə çevrilməsi istiqamətində çox mühüm işlər görülməkdədir. Təbiidir ki, Basqalın orta əsr mənzərəsini canlandırmaq, zəruri bərpa və konservasiya işləri aparmaq üçün ilkin olaraq orada arxeoloji tədqiqatlar aparılmasına ehtiyac vardı. Elə bu məqsədlə də Dövlət Turizm Agentliyinin müraciəti əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən sentyabr ayının üçüncü ongünlüyündən başlayaraq, “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji tədqiqat işləri aparılmaqdadır. 
Basqalda arxeoloji tədqiqtlara ilkin olaraq qəsəbənin Qalabaşı,­ Bazar meydanı, hamam və məscid kompleksləri ərazisində başlanıldı. Məqsəd Basqal ərazisində yaşayışın nə zamandan başlandığını, ərazidə əhalinin məskunlaşma dinamikasını, tikinti və yaşayış qalıqlarının stratiqrafiyasını, şəhər elementlərinin tarixi inkişaf prossesində nə dərəcədə qorunduğunu, sakinlərin məişət və mədəniyyətini öyrənməkdir.
Arxeoloqlar artıq Basqalın şimal qala divarlarının bir hissəsini və Basqal hamamının kürəbənd qalıqlarını aşkara çıxararaq öyrənmişlər. Sovet dönəmində klub kimi istifadə olunan, yanğına məruz qaldıqdan sonrakı illərdə isə istifadəsiz qalan məscidin ərazisində aparılan tədqiqatlar zamanı xüsusilə maraqlı tapıntılar aşkar olunub. 
Ümumi sahəsi 161 kvadratmetr olan məscidin 111 kvadratmetrində artıq ilkin arxeoloji tədqiqatlar, əsasən, başa çatdırılmışdır. Nəticədə, orada XI əsrdən etibarən bu günədək formalaşan və 3,5 metr qalınlığı olan 6 tikinti qatı qeydə alınmışdır. Həmin tikinti qalıqlarının da ən möhtəşəmi 2 m x 2 m ölçüdə olan daş sütunlar üzərində inşa olunmuş və 32,4 kvadratmetr sahəni əhatə edən məscid binasıdır. 
Yonulmuş çay daşından olan sütunların inşasında bərkidici material kimi gəc məhlulundan istifadə olunmuşdur. 
Basqal binalarının, demək olar ki, hamısı yonulmuş çay və ya qaya daşından istifadə olunmaqla inşa edilib. Məscidin cənub-qərb tərəfindəki sütunun yanında kürsü aşkar olunub. Kürsünün altı bir neçə cərgədən ibarət daşla hörülərək üstü sarı torpaq və gəclə suvanıb. Maraqlıdır ki, kürsü ilə məscidin cənub-qərb sütunu arasında bişmiş kərpicdən inşa olunmuş vanna da qeydə alınıb. Görünür, həmin vanna məscidin təmiri zamanı palçıq və ya gəc məhlulu hazırlanması məqsədinə xidmət edib. Vanna içərisində böyük miqdarda daşlaşmış vəziyyətdə aşkar olunan gəc qalığı da bunu deməyə əsas verir. 
Məscidin döşəməsi təmizlənərkən orada üzərində 20 sm x 20 sm x 5 sm ölçüdə olan bişmiş kərpic töküntüsü qeydə alındı. Bu isə o deməkdir ki, məscid binasının üstü bişmiş kərpicdən ibarət minarə ilə tamamlanıb. Xatırladaq ki, məscidin eni 1,3 metr olan ilkin mehrabı, həm də eni 3 metr olan sonradan tikilmiş mehrabı da bişmiş kərpiclə inşa olunub. 
Məscidə giriş şərq tərəfdən olub. Giriş qapısının sağında və solunda 1m x 1m ölçüdə olan və bir-birindən 3 metr məsafədə bişmiş kərpicdən tikilmiş sütunları birləşdirən tağın da bişmiş kərpicdən inşa edildiyi ehtimal olunur. 
Xatırladaq ki, bir müddət öncə ərazi təmizlənərkən oradan məscidin kitabəsi də tapılıb. Həmin kitabədə Basqal məscidinin 1568-ci ildə “həqiqətlərin bürhanı Sufi-Dərvişin əmri ilə” inşa olunduğu bildirilir. Ötən əsrin 80-ci illərində məscid ərazisindən tapılaraq oradakı yardımçı binanın divarına bərkidilmiş digər bir kitabədə isə Şeyx Məhəmməd və onun oğlu Şeyx Səfainin adı çəkilir. Bütün bunlar isə yerli sakinlərin həmin məscidi heç də təsadüfən “Şeyx Məhəmməd məscidi” adlandırmadığından xəbər verir.
Tədqiq olunan ərazidə qeydə alınan 6 tikinti qatının hər biri orta hesabla 160 illik dövrü əhatə edir.Tikinti qatlarının əhatə etdiyi bütün tarixi dövrlərdə məscidin və digər tikililərin döşəməsi sarı torpaq və gəc qarışığından ibarət məhlulla suvanaraq hamar vəziyyətə gətirilib. Maraqlıdır ki, öyrənilən sahədə qeydə alınan tikinti qatlarının hamısı müxtəlif xarakterli və müxtəlif təyinatlı bina qalıqları ilə olduqca zəngindir. Qazıntı sahəsinin, demək olar ki, bütün səmtlərində bu və ya digər dərəcədə dağıntıya məruz qalan, yaxud da ən azı, bünövrəyə yaxın hissəsi nisbətən daha yaxşı mühafizə olunmuş tikinti qalıqlarının hamısı bir-birinin yanında və ya üstündə qeydə alınıb. Bu isə son 1000 il ərzində Basqal ərazisində həyatın nə dərəcədə intensiv olduğunun göstəricisidir.
Maraqlıdır ki, arxeoloji axtarışlar zamanı aşkara çıxan digər maddi mədəniyyət qalıqları, xüsusən də rəngarəng çeşidli keramika nümunələri də Şeyx Məhəmməd məscidinin məhz XVI əsrin ortalarında inşa olunduğunu təsdiqləyir. 
Diqqəti cəlb edən məqamlardan biri də odur ki, tədqiq olunan ərazidə Şeyx Məhəmməd məscidindən daha əvvəlki dövrlərə aid edilən digər tikinti qalıqları da aşkar olunub. Öyrənilən ərazinin mərkəzi hissəsində yer səthindən 2,3 metr dərinlikdə, şimal-cənub istiqamətində aşkar olunan möhtəşəm bina qalığı xüsusilə diqqəti cəlb edir. Uzunluğu 2,2 metr, salamat qalmış hissədə hündürlüyü 70 sm olan həmin divar qalığı səliqə ilə yonulmuş qaya daşlarından inşa edilib və daxili səthi gəc məhlulu ilə suvanıb. Aşkar olunan bina qalıqlarının abidənin stratiqrafiyası baxımından orada qeydə alınmış ayrı-ayrı tikinti dövrlərinə müvafiqliyi isə orta əsrlərdə Basqal ərazisində yaşayışın kifayət qədər intensiv olduğundan xəbər verir. Təbiidir ki, ərazidə bütün dövrlərdə yaşayışın davamlı və intensiv olması, bu səbəbdən də zaman-zaman köhnəlmiş tikintilərin yeniləri ilə əvəzlənməsi nəticəsində oradakı­ tikililərin əksəriyyəti çox ciddi şəkildə dağıntıya məruz qalmışdır. Yəni, sonrakı dövrlərə aid binalar dövr etibarı ilə onlardan 50-100 il əvvələ aid olan binaların dağıntıları üzərində inşa olunmuşdur. Bu cəhətdən Basqalın XI-XV əsrlərə aid binaları daha çox dağıntıya məruz qalmışdır. Həmin tikililər isə yuxarıda qeyd olunduğu kimi, xarakter və təyinatı etibarı ilə çox müxtəlifdir. Lakin dağıntılar içərisindən üzə çıxarılan irili-xırdalı tikinti qalıqlarının özü belə, bütövlükdə, ayrı-ayrı dövrlərdə Basqalın memarlıq görkəminin necə olması barədə təsəvvür formalaşdırmağa kifayət edir. 
Ərazidə aparılmış ilkin arxeoloji tədqiqatlar Basqalın, həqiqətən də, orta əsrlərdə Azərbaycanın çox mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olduğunu bir daha təsdiqlədi.
Arxeoloji axtarışlar zamanı oradan tapılan rəngarəng çeşidli keramika, dəmir, boyaq və daş məmulatı nümunələri, xüsusən də toxuculuq sənətinə aid artefaktlar Basqal ustalarının yaradıcı fantaziyasının hüdudlarının nə qədər geniş olduğundan xəbər verir. 
Göründüyü kimi, Basqalda yeni başlanan və qısa müddət ərzində davam etdrilən arxeoloji tədqiqatlar yetərincə uğurlu nəticələr verib. Bu isə ölkə Prezidenti cənab İlham Əliyevin 13 oktyabr 2018-ci il tarixli sərəncamı əsasında həyata keçirilməkdə olan Böyük Basqal layihəsinin elə tarixi baxımdan da nə dərəcədə aktual olduğundan xəbər verir. Əmin olmaq istərdik ki, Böyük Basqal layihəsinin icrası ilə bilavasitə məşğul olan Dövlət Turizm Agentliyi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birlikdə Basqal və ona bitişik ərazilərdə tarix və mədəniyyətimizin hələ də torpaq altında uyumaqda olan sirlərinin və dəyərlərinin aşkara çıxarılaraq öyrənilməsi üçün bundan sonra da səylərini əsirgəməyəcəklər. 

 

Qafar Cəbiyev, 
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı (Basqal) arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru

15 Noyabr 2019 22:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə