Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentlər jurnalistlərin suallarını cavablandırıblar

Prezidentlər jurnalistlərin suallarını cavablandırıblar

“Reuters” agentliyinin yaydığı məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda birgə mətbuat konfransı keçiriblər.

Mənbənin məlumatına görə, Ağ evdə jurnalistlərlə görüşdən əvvəl prezidentlərin rəhbərliyi ilə hər iki ölkəni təmsil edən geniş tərkibli heyətlər işçi naharında bir araya gəliblər. Sonra dövlət başçıları birlikdə ABŞ Senatının üzvləri ilə görüşüblər.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, görüşdə Suriya böhranını gözdən keçiriblər. Tərəflər Yaxın Şərqdə sülhün bərqəraar olması üçün tədbirlərin görülməsini qarşıya məqsəd  qoyublar. 
Səfərin nəticələrini yüksək qiymətləndirən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rəsmi Ankara və Vaşinqton Suriyada sülhə nail olmaq üçün əməkdaşlığı davam etdirə bilərlər. PKK/YPG terror təşkilatları Türkiyə–ABŞ arasında təhlükəsiz bölgə məsələsində əldə etdikləri razılaşmaya zərbə vurmaq üçün silahlı təxribatlar törətməkdə davam edirlər. Bütün bunlara baxmayaraq, Türkiyənin Suriya ərazisində həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatı uğurlu nəticələr verməkdədir. Türkiyə heç bir milli və dini ayrı-seçkiliyə yol vermədən ancaq terror təşkilatları ilə mübarizə aparır.
ABŞ Konqresi Nümayəndələr Palatasının qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamənin Türkiyəni ciddi narahat etdiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, onun ölkəsi dialoq tərəfdarıdır və erməni tərəfinə ortaq komissiya yaratmaq təklifini qüvvədə saxlayır. Tarixçilər Türkiyə Silahlı Qüvvələrinin arxivindəki 1 milyondan çox sənədi birgə araşdıra bilərlər. O, həmçinin FETÖ və İŞİD terror təşkilatları, eləcə də qaçqınlar məsələsi, terrorçuların öz ölkələrinə deportasiya edilməsi ilə bağlı vəziyyətdən də bəhs edib. Qeyd olunub ki, Türkiyə qəti şəkildə FETÖ-nun ABŞ-dakı mövcudluğuna son qoyulmasını tələb edir.
Dövlət başçıları diqqətə çatdırıblar ki, iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyard ABŞ dolları məbləğinə çatdırılması nəzərdə tutulur. Bundan başqa, Türkiyənin NATO üçün önəmli bir üzv olduğu vurğulanıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edib. Səfərdən əsas məqsəd Suriya böhranı, o cümlədən Türkiyənin təhlükəsizliyi ilə bağlı məsələləri həll etmək olmuşdur.

 

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

15 Noyabr 2019 00:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə