Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham Əliyev: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur”

Prezident İlham Əliyev: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur”

Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına, Şirvan şəhərinə və Zərdab rayonuna  yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edən zamanı Prezident İlham Əliyevin verdiyi tapşırıqlar, ümumən qəbuldakı nitqi, istər cəmiyyətşünaslıq baxımından, istər konkret istimai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi dəyərlər baxımından diqqətəlayiq olub, özünə xəlqi, konstruktiv mü­nasibət tələb edir.

Xəlqi və konstruktiv münasibət sözlərini təsadüfdən işlətmirəm. Prezidentin yeni təyin etdiyi icra başçıları ilə görüşünün ardından, bəlli müxalif media orqanları öz şakərlərinə sadiq qalaraq, qarayaxma işindədir. Yenə yaxşıda yaman görmək, yenə uğur sözünü “suz” sözsonluğu olmadan təsəvvür edə bilməmək və s. Amma niyə axı?  Təkmilləşmə, inkişaf, tərəqqi, yeni təyinatlar və yeni kadrlarla yeni dövr… Bu gedişat azərbaycanlı olan kəsi niyə narahat etsin ki? Bəlkə hər yenilik onları öz siyasi hikkələrindən, iddialarından daha bir xeyli uzaqlaşdırır, ona görə? Bəlkə, məhz şakər dediyimiz nəsnə aktiv fazaya keçib? Yaxşı, hətta belə isə özünə jurnalist, tədqiqatçı, ziyalı, nə bilim, politoloq deyən kəs azca düşüncəyə dalıb da, öz sözünə çəki-düzən verəmməzmi? Kadr dəyişikliyi getmir – irad, giley eşidirik. Kadr islahatı gedir – yenə giley, irad…  Bəs necə olsun? Nə isə, söhbətin bu tərəfi suallarla bəzəkli olsa da, önəmli dərəcədə aydındır özlüyündə.  

Bəli, ölkədə kadr islahatları davam edir. Prezidentin sözləri ilə desək, “kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçən ilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, is­lahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir.”

İstər son təyinatlar, istər bundan bir qədər öncəki təyinatlar və təyinatlara verilən konstruktiv reaksiyalar, bir həqiqəti ortaya çıxardı: dövlət, cəmiyyət, bütövlükdə ölkəmiz yeniliklərə qərar­lıdır. Bunun üçün həm siyasi iradə mövcuddur, həm də cəmiyyətin istəyi, inamı.

Mən uzun illər gənclər sektorunda çalışmışam. Gənclərlə iş, dövlət qulluğunda və ictimai fəaliyyətimdə mənim üçün aparıcı xətt təşkil edib. Odur ki, istər-istəməz, gənc kadrların irəli çəkilməsi, onlara güvən olması, bir vətəndaş kimi də, necə deyərlər, gənclərlə iş sahəsində ixtisaslaşmış qardaşınız olaraq da, şəxsən mənim üçün çox xoşdur.

Gənclik enerjisinin, yeni təfəkkürün dünya tarixində, bizim öz tariximizdə, çağdaş zəmanədə nələr etdiyini az-çox bilirik. Onu da bilirik ki, Azərbaycan gəncliyinin böyük hissəsi şüurlu peşəkardır. Onlar çağdaş dövrün çağırışlarına biganə qalmayan, yeni dönəmin ritmini anlayan, milli ahəngi də gözləməklə irəli getməyin zəruriliyini başa düşən gənclərdir. Ən əsası, gənclərimiz bütün yabançı elektronik, dırnaqiçi sənət, dırnaqiçi musiqi, geyim-keçim, qida və s. təsirlərə baxmayaraq, cövhərdə, canda öz soykökünə bağlıdır, vətənpərvərdir. Yetər ki, onlarla düzgün iş qurulsun, onlarla ədalətli davranılsın, onların təşəbbüsləri diqqətə alınsın, müraciətləri vaxtlı-vaxtında cavab tapsın, gənc­lər-idman strukturları, gənclər evləri dövləti məsuliyyətin idrakında olsun. Bu planda, məsələn, gənclər hərəkatının veteranları fəxri ünvanını daşıyan həmkarlarımı, gənclər hərəkatında təmən­nasız xidmətləri olan dostları xatırlayıram. Onların bilik-bacarığı, vətənpərvərliyi bəllidir, təc­rübələri şübhə doğurmur və qəti əminəm ki, onların bu keyfiyyətləri məhz bu günümüzün dəyi­şiklikləri ilə çox səsləşir.

Bunları niyə yazıram? – Cənab Prezidentin gənclərlə işi vurğulaması, vətənpərvərlik tərbiyəsinin önəmini qeyd etməsi ürəyimizdən xəbər verir. Biz bu mövqenin, Prezident tapşırığının könül-könül, kollektiv-kollektiv, kənd-kənd, şəhər-şəhər, nəhayət, ölkə boyunca doğuracağı yeni dalğanı görürük, sevinirik. Və güvənirik!

Gəlin bir yerdə Prezidentin yeni təyin olunan icra başçıları ilə görüşdəki sözlərini xatırlayaq: “Müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır. Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar.”

Bəli, dövlət başçısı məhz təcrübə ilə yeniliyin sintezini uğurların əsas bazası kimi qiymətləndirdi. Dövlət başçısı məhz Vətənə bağlılığı ön plana çəkdi. Bu yalnız yeni icra başçılarına deyil, elə bilirəm, hamımıza, bütün cəmiyyətə verilən ismarıcdır. İdeoloji iş, gənclərlə iş, ümumən vətənpərvərlik işinin, dini maarifçiliyin və s. günümüzdəki önəmi məhz bu sözlərdə cəm olub. Hər kəs öz yerində, öz işində məsuliyyətli olsa, necə deyərlər, sabitqədəm olsa, bu, elə vətənpərvərlikdir! Bakıda, Şəkidə, Ləkidə - fərq etməz, insan öz işini yaxşı görür, məsu­liyyətini dərk edirsə, bu, Şuşaya, Laçına, Kəlbəcərə bayraq sancmağımıza xidmət dəyərindədir.

Hamı elliklə siyasətlə məşğul olmalı deyil. Hamı eyni işi görməli deyil. Hər kəs öz könlündə, öz yerində, öz işində ümumi işə töhvə versin, yetər.

Bu anlamda, Zərdabımız, Şirvanımız, Xətaili, Yasamallı, Suraxanılı Bakımız öz yeni başçıları ilə dövlətə, dövlətçiliyə, qüdrətli Azərbaycan strategiyasına töhfələrlə seçilsin, istəyirik və inamla gözləyirik.

Dövlətimizin bayrağı uca olsun!

 

Əkbər QOŞALI,
Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri

14 Noyabr 2019 12:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə