Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müavinət və uşağa qulluq edənə təqaüdün təyinatı elektronlaşdırılıb

Müavinət və uşağa qulluq edənə təqaüdün təyinatı elektronlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat sistemi üzrə xidmətlərin avtomatlaşdırılması istiqamətində daha bir addım kimi, sağlamlıq imkanları məhdud uşağa müavinət və ona qulluq edənə təqaüdün elektron təyinat mexanizmi işə salınıb. DOST Agentliyində keçirilən mətbuat konfransında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov dövlət başçısının tapşırığına əsasən, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçildiyini bildirib. Qeyd edib ki, il ərzində pensiyaya çıxan vətəndaşlarımızın 80 faizi e-pensiya sistemi ilə əhatə olunur və cari ilin ötən dövründə artıq 15 min şəxsə e-qaydada pensiya təyin olunub.

H.Məmişov 2019-cu ilin ilk aylarından sosial müavinət və təqaüdlərin də elektron təyinatı infrastukturunun qurulmasına başlandığını deyib. Bildirib ki, e-qaydada 7 minədək təyinat aparılıb. Daha iki sosial təminat növü -- sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdünün elektron təyinatı mexanizmi hazırlanaraq işə salınıb. İl ərzində bu e-xidmət  təqribən 7,5 min uşağa müavinətin və onlara qulluq edən həmin sayda da şəxsə təqaüdün avtomatlaşdırılmış şəkildə   təyinatı üzrə 15 minədək insanı əhatə edəcək. Beləliklə, il ərzində 15 min insanın artıq heç bir yerə müraciət etməsinə, sənəd təqdim etmələrinə ehtyac qalmadan, həmin müavinət və təqaüdlər onlara proaktiv şəkildə təyin ediləcək. Bildirilib ki, uşağa aylıq müavinət də avtomatik müəyyən ediləcək. Nazirliyin “Əlillik” altsistemində hər hansı bir uşağa sağlamlıq imkanları məhdudluq təyin edildikdən sonra bu barədə məlumat digər altsistemə -“Sosial ödənişlər” altsisteminə ötürülür. Həmin altsistem uşağa aylıq müavinəti və ona qulluğa görə valideyninə təqaüdü avtomatik təyin edir və bu barədə, həmçinin ödəniş kartını hansı bankdan alacağına dair sms-məlumat göndərir. İlin sonuna kimi 19 müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşdırılacaq.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

14 Noyabr 2019 11:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə