Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezident İlham ƏLİYEV: Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur

Prezident İlham ƏLİYEV: Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur

Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir.

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Prezident İlham Əliyevin həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli məqsədini daşıyır.
Dövlətimizin başçısı Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçıları ilə görüşündə də bu barədə deyib: “Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçənilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir”.
Ölkə rəhbəri nitqində son 16 il ərzində Azərbaycanın bütün sahələrində sürətli inkişaf dövrü yaşandığını, respublikamızın beynəlxalq nüfuzunun böyük dərəcədə artdığını, hazırda dünya miqyasında çox böyük hörmətə layiq ölkə kimi tanındığını diqqətə çatdırıb. Bildirib ki, Qoşulmama Hərəkatının bu yaxınlarda Bakıda keçirilən Zirvə Görüşü bunu bir daha təsdiqlədi: “Biz artıq BMT-dən sonra dünya miqyasında ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edirik və üç il ərzində sədrliyi davam etdirəcəyik. Bu sədrlik 120 ölkənin rəyi əsasında yekdil qərarla əldə edilibdir. Yəni, bu, onu göstərir ki, dünya birliyinin ən azı üçdəiki hissəsi Azərbaycanı dəstəkləyir və bizim siyasətimizə böyük qiymət verir”.
Prezident İlham Əliyev çıxışında, eyni zamanda, ölkədə son illərdə demokratiyanın inkişafı, insan haqlarının qorunması ilə bağlı mühüm nailiyyətlər əldə edildiyini, siyasi və iqtisadi islahatların davamlı olaraq həyata keçirildiyini vurğulayıb. Fikrini konkret faktlarla əsaslandıran dövlətimizin başçısı 2003-2018-ci illərdə Azərbaycan iqtisadiyyatının üç dəfədən çox artdığını, yoxsulluğun təxminən 50 faizdən 5 faizə düşdüyünü, xarici dövlət borcunun ən aşağı səviyyədə olmasını, başqa sözlə, ümumi daxili məhsulun cəmi 17 faizini təşkil etdiyini, bu göstəriciyə görə ölkəmizin dünya miqyasında doqquzuncu yerdə qərarlaşdığını diqqətə çatdırıb. 
Ölkə rəhbəri nitqində digər iqtisadi uğurları da qeyd edib. Bildirib ki, ötən illər ərzində böyük infrastruktur layihələri gerçəkləşdirilib, qazlaşdırmanın səviyyəsi 96 faizə çatdırılıb, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycanı Davos Ümumdünya İqtisadi Forumunun hesabatında dünya miqyasında ikinci yerə layiq görülüb. Bundan başqa, 15 ildə 15 min kilometr yol çəkilib, o cümlədən magistral, şəhərlərarası, kənd yolları salınıb. Digər infrastruktur layihələri, o cümlədən sosial infrastrukturla bağlı layihələr uğurla gerçəkləşdirilib, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib, yenidən qurulub, yaxud təmir edilib. 
Vətəndaşların sosial şəraitinin yaxşılaşması da diqqət mərkəzində saxlanılıb. Belə ki, təkcə cari il 4 milyon 200 mindən çox insan geniş sosial paketlə əhatə olunub, minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faizdən çox, müavinətlər 2 dəfə, orta əməkhaqqı 35 faiz (hazırda Azərbaycanda orta əməkhaqqı 723 manat təşkil edir) artıb.
Prezident İlham Əliyev çıxışında bir sıra beynəlxalq layihələrin də uğurla reallaşdırıldığını diqqətə çatdırıb. Bildirib ki, son illər ərzində energetika, nəqliyyat sahələrində qarşıya qoyulan bütün vəzifələr uğurla yerinə yetirilib. Çox mürəkkəb geosiyasi vəziyyətdə həm Bakı-Tbilisi-Ceyhan, həm də Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara buraxılıb. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinə artıq start verilib. Cənub Qaz Dəhlizinin icrasının yekunlaşmasına, demək olar ki, bir il vaxt qalıb. 
Azərbaycanda nəqliyyat infrastrukturunun da müasirləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Bu, beynəlxalq səviyyələrdə, o cümlədən Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında da öz ifadəsini tapıb. Belə ki, adıçəkilən sənəddə dəmir yollarının səmərəliliyinə görə, Azərbaycanın dünya miqyasında 12-ci yerdə, hava nəqliyyatının səmərəliliyinə görə 11-ci yerdə qərarlaşdırıldığı göstərilib. Avtomobil yollarının keyfiyyətinə görə isə Azərbaycan dünya miqyasında 27-ci yeri tutub. 
Dövlət başçısı haqlı olaraq qeyd edib ki, bütün bu müsbət nəticələri qorumaq və onları artırmaq üçün mütləq kadr islahatı da aparılmalıdır: “Bu məqsədlə Azərbaycanda hazırda çox ciddi kadr islahatları aparılır. Həm təcrübə qazanmış kadrlar daha da səmərəli öz işlərini qururlar, eyni zamanda, gənclərə də böyük meydan verilir. Bu, təbiidir, çünki gələcəkdə ölkəmizi bugünkü gənclər idarə edəcəklər. Onlar gərək həm təcrübə toplasınlar, peşəkar olsunlar, eyni zamanda, Vətənə bağlı olsunlar. Ona görə gənclərə vətənpərvərlik hissləri aşılamaq hər birimizin borcudur ki, onlar gələcəkdə Vətənə bağlı olsunlar və hər hansı bir xarici təsirdən azad olsunlar. Çünki ölkəmizin nüfuzu artır, imkanları artır. Bizim iştirakımız, razılığımız olmadan regional müstəvidə heç bir təşəbbüs, yaxud da ki, layihə icra edilə bilməz. Əlbəttə, belə olan halda bizə həm maraq artır, həm də ki, bəzi dairələr tərəfindən təzyiqetmə cəhdləri də arta bilər”. 
Ölkə rəhbəri çıxışında yeni təyin olunan icra başçılarına dəyərli tövsiyələrini də verib. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə almalarının və təcrübə toplamalarının zəruriliyini diqqətə çatdırıb. Yerlərdə çatışmayan cəhətlərin üzə çıxarılmasının və mövcud problemlərin həlli üçün səy göstərilməsinin, xalqa ləyaqətlə xidmət missiyasının önəmini vurğulayıb: “Xalqa xidmət etmək hər bir dövlət məmurunun borcudur və dəfələrlə demişəm ki, mən Prezident kimi öz vəzifəmi bunda görürəm – xalqa xidmət etmək. Məhz bu xidmətə görə Azərbaycan əhalisi bizə çox böyük dəstək göstərir”.
Prezident İlham Əliyev icra başçılarının peşəkar olmalarının mühüm önəm daşımasını xatırlatmaqla bərabər, onlara işlədikləri rayonlarda, şəhərlərdə nüfuz qazanmalarının, vətənpərvərlik, dürüstlük, şəffaflıq, vətəndaşlara xidmət, dövlətçilik prinsiplərinin əsas tutmalarının, habelə investorları cəlb etməyin, rayonların sosial-iqtisadi inkişafınını gerçəkləşdirməyin zəruriliyini də xatırladıb. Eyni zamanda, icra başçılarının yerlərdə xoşagəlməz hallara, korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparmalarının vacibliyini diqqətə çatdırıb: “Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik…”.
Ölkə rəhbəri çıxışının sonunda Azərbaycanın ümumi inkişafının müsbət olduğunu və gələcəkdə də siyasi, sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə ediləcəyinə, eyni zamanda, icra başçılarına göstərilən yüksək etimadı doğruldacaqlarına və rayon və şəhərlərdə inkişafın daha da sürətlənəcəyinə əminliyini ifadə edib. 

 

“Xalq qəzeti”

14 Noyabr 2019 01:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə