Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan dünyaya tolerantlıq nümunəsi göstərir

Azərbaycan dünyaya tolerantlıq nümunəsi göstərir

Ötən il biz “Bakı prosesi”nin 10 illiyini qeyd etdik. Bu da bizim fəxr etdiyimiz bir təşəbbüsdür. Yadımdadır, ­2008-ci ildə bu təşəbbüs irəli sürülən kimi, o, dərhal beynəlxalq diqqəti özünə cəlb etdi. İlk dəfə məhz Azərbaycan ­Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini bir araya gətirdi. 100-dən artıq dövlətin nümayəndəsi Bakıda toplaşdı və əməkdaşlıq perspektivlərini müzakirə etdi. Biz eyni tərkibdə nazirlərin iştirakı ilə daha bir tədbiri 2009-cu ildə təşkil etdik. Bu təşəbbüs “Bakı prosesi” adlandırıldı və bu gün həmin proses Avropa ilə müsəlman dünyası ­arasında dialoq üçün mühüm vasitədir.
 İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti


Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan multikultural ənənələrə Azərbaycanda həmişə xüsusi önəm verilmiş, bu ənənələrin qorunması, inkişafı, təbliği məsələlərinə böyük diqqətlə yanaşılmışdır. Tolerantlığın, dini dözümlülüyün dövlətimizin siyasətinin əsas tərkib hissələrindən biri olduğu heç kəs üçün sirr deyildir. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq, hər bir millətin, hər bir etnik qrupun nümayəndəsi ölkəmizdə özünü son dərəcə rahat hiss edir, azərbaycanlılarla birgə Konstitusiyamızın imkanlarından maksimum səviyyədə yararlanır. Bütün bayramlarımızda, şənliklərimizdə, xeyir işlərimizdə birgə iştirak edir, sevincimizi, fərəhimizi bir-birimizlə bölüşür, kədərli, qəmli günlərimizdə bir-birimizə arxa-dayaq oluruq. 

Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyətinin, həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsi olaraq tolerantlıq, dini dözümlülük respublikamızda yaşayan xalqların, millətlərin, etnik qrupların birgəyaşayış normasına, prinsipinə çevrilmişdir. 
Ölkəmizdə İslam dininə hansı səviyyədə yanaşılırsa, necə qayğı göstərilirsə, digər dinlərə də eyni münasibət bəslənilir. Xalqımız üçün ən əziz, doğma bayramlardan biri olan, ürəklərə sevinc, qəlblərə hərarət, çöhrələrə nur bəxş edən Novruz bayramı özü elə tolerantlığın bir nümunəsidir. 
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə multikultural ənənələrin daha da inkişaf etdirilməsi istiqamətində görülən möhtəşəm işlər sayəsində bu gün Azərbaycan bütün dünyada tolerantlıq nümunəsi kimi qəbul edilir. Respublikamızda məscidlərlə yanaşı, kilsələrin, sinaqoqların da normal fəaliyyəti üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılmışdır. Onların öz dini mərasimlərini keçirmələri üçün heç bir çətinlik, maneə yoxdur. Lakin acı təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi Qərb ölkələrində “İslamofobiya”ya qarşı nəinki mübarizə aparılır, hansısa təsirli tədbirlər görülür, əksinə, bu meyillərin daha da gücləndirilməsinə səy göstərilir, rəvac verilir. Bəzi dövlətlər isə “İslamofobiya”nı özlərinin dövlət siyasətinə çevirmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən “Bakı prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində forumun coğrafiyası çox genişlənib. Nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. Sonrakı forumlara Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri qatılmışlar. Bu il mayın 2-də Bakıda keçirilən “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilmişdir. Həmin forumda 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak etmişlər.
Prezident İlham Əliyev forumda dərin məzmunlu nitq söyləyərək bildirmişdir ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkandır. Əsrlər boyu Azərbaycan dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur.
Azərbaycanın bugünkü sürətli inkişafı da məhz bu mədəni irsimizə və cəmiyyətimizin bütün nümayəndələrinin nümayiş etdirdiyi həmrəyliyə əsaslanır. Biz tariximiz, tarixi abidələrimizlə fəxr edirik. Onlar da əsrlər boyu müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda yaşayıb-yaratdıqlarını göstərir. Biz qədim tariximizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri qədim Şamaxı şəhərində yerləşir. Qafqazın ən qədim kilsələrindən biri olan Qafqaz Albaniyasına məxsus kilsə bizim qədim Şəki şəhərindədir.
Dövlət başçımız həmçinin əlavə etdi ki, bizim üçün multikulturalizm həm də siyasətimizin mühüm elementlərindəndir. Azərbaycanda multikulturalizm üzrə beynəlxalq mərkəz yaradılıb. Biz bu dəyərləri təşviq edir və multikulturalizmin böyük gələcəyinin olduğunu nümayiş etdiririk. Bilirik ki, bu mövzu ilə bağlı müxtəlif fikirlər var. Ancaq hesab edirəm ki, bizim forum və bu mövzuda Azərbaycanda və dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı səylər göstərdiyimizi aydın nümayiş etdirir.
Onu da qeyd edək ki, son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə evsahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmişik. Nizami Gəncəvi Mərkəzi tərəfindən təşkil edilən həmin forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Digər tədbirlər də təşkil edilir və bununla da biz dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələlərə yönəltməyə çalışırıq.
Ötən il biz “Bakı prosesi”nin 10 illiyini qeyd etdik. Bu da bizim fəxr etdiyimiz bir təşəbbüsdür. Yadımdadır, 2008-ci ildə bu təşəbbüs irəli sürülən kimi, o, dərhal beynəlxalq diqqəti özünə cəlb etdi. İlk dəfə məhz Azərbaycan Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini bir araya gətirdi. 100-dən artıq dövlətin nümayəndəsi Bakıda toplaşdı və əməkdaşlıq perspektivlərini müzakirə etdi. Biz eyni tərkibdə nazirlərin iştirakı ilə daha bir tədbiri 2009-cu ildə təşkil etdik. Bu təşəbbüs “Bakı prosesi” adlandırıldı və bu gün həmin proses Avropa ilə müsəlman dünyası arasında dialoq üçün mühüm vasitədir.
Məlumdur ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilmişdir. Azərbaycan neçə min illər həm Şərqdən Qərbə, həm də Şimaldan Cənuba gedən ipək yollarının üzərində yerləşdiyi üçün başqa millətlərin və xalqların nümayəndələri də özünün füsunkar təbiəti və xeyirxah, nəcib insanları olan bir ölkədə yaşamış, öz milli adət və ənənələrini qoruyub saxlamış, mədəniyyətlərini inkişaf etdirmişlər. Bu insanlar neçə yüz illər ərzində ölkəmizdə yaşasalar da, heç bir dini, irqi ayrı-seçkiliyə məruz qalmamış, assimilyasiyaya uğramamışlar. Əksinə, öz mədəniyyətlərini, potensial imkanlarını yüksəldərək Azərbaycanın idarəetmə orqanlarında, elm, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışaraq dövlətçiliyimizin möhkəmlənməsinə layiqli töhfələrini vermişlər. Elə təkcə onu göstərmək kifayətdir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda keçən əsrin 80-ci illərinin axırlarında – 90-cı illərin əvvəllərində erməni quldurları ilə ölüm-dirim savaşında azərbaycanlılarla yanaşı, ruslar, ukraynalılar, yəhudilər, ləzgilər, tatarlar qəhrəmanlıq nümunəsi göstərmiş, şəhidlik məqamına ­ucalmışlar. 
Azərbaycanın ­multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması xalqımızın tolerantlığına, alicənablığına, başqa xalqlara və millətlərə qarşı həssas və qayğıkeş münasibətinə yüzlərlə maraqlı faktı aşkara çıxarır. 
Bu baxımdan Salyan rayonunda da gözəl multikulturalizm ənənələri vardır. Salyanda neçə yüz illər ərzində ruslar, ukraynalılar, belaruslar, farslar, yəhudilər, ləzgilər, tatarlar, özbəklər, türkmənlər yaşamış və yaşamaqdadır. Xüsusi olaraq bir faktı qeyd etmək istəyirik ki, XIX əsrdə Azərbaycan Rusiyaya birləşdirildikdən sonra rus hökuməti siyasi baxışlarını, etiqad azadlığını bəyənmədiyi minlərlə rus əhalisini Azərbaycana sürgün etmişdir. Onların bir qismi də rayonun Qaraçala qəsəbəsində, indiki Pambıqkənddə, Kərimbəylidə, Yolüstü, Yeni Uluxanlı, Düzənlik kəndlərində məskunlaşmışdı. Hakim dairələr elə bilirdi ki, “vəhşi qafqazlılar” həmin ruslara divan tutacaq, hökumətin acığını onlardan çıxacaqlar. Lakin Azərbaycan xalqı bu insanlara normal yaşamaq üçün hər cür şərait yaratdı və heç bir münaqişə yaranmadı. Əksinə, qeyri-millətlərin kompakt yaşadığı ərazilərdə beynəlmiləl məktəblər fəaliyyət göstərirdi. Rus dilində təhsil almaq üçün hər cür şərait yaradılırdı. 
Rəhbər vəzifədə ­çalışanlar arasında da həmin millətlərin nümayəndələri var idi. Keçən əsrin axırlarından başlayaraq onlar daha böyük şəhərlərə köçdükləri üçün indi onların sayı bir qədər azalmışdır. Lakin azərbaycanlılarla isti münasibət yenə də davam edir. Onlar bir-biri ilə dostluq münasibətləri saxlayırlar.
Multikulturalizm və tolerant ənənələrə sadiqlik tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik yaşam tərzinə çevrilib. Bu cür yüksək milli keyfiyyətlərmizin insanlar tərəfindən daha dərindən mənimsənilməsinin bir səbəbi də Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətdir. Bu gün Azərbaycan vətəndaşlarının dilindən, dinindən və milliyyətindən asılı olmayaraq mütləq əksəriyyəti cənab Prezidentin ətrafında sıx birləşməklə bu siyasəti dəstəkləyir. Bu birlik bizi daha güclü, daha inamlı, daha qətiyyətli edir!

 

Lalə Həmzəyeva,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi

 

14 Noyabr 2019 01:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə