Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın məhkəmə-hüquq sistemi keyfiyyətcə yeni mərhələyə daxil olub

Azərbaycanın məhkəmə-hüquq sistemi keyfiyyətcə yeni mərhələyə daxil olub

Biz istəyirik ki, dövlətimiz tam ­demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi ­aliliyin təmin olunması əsas vəzifəmizdir.
Heydər ƏLİYEV 
Ümummilli lider


Azərbaycanın müstəqilliyinin əbədiliyini, dövlətin sarsılmazlığını, demokratik yüksəlişini təmin edən ümummilli liderimiz Heydər Əliyev fəaliyyəti dövründə məhkəmə-hüquq sisteminə mühüm önəm verib, bu sahənin inkişafına xüsusi qayğı ilə yanaşıb. Dahi öndərin respublikamıza rəhbərliyinin bütün dövrlərində qanunların sistemləşdirilməsi və məcəllələşdirilməsi, eyni zamanda, məhkəmələrin təşkilati cəhətdən formalaşdırılması diqqət mərkəzində saxlanılıb.

Dövlətimizin başçısı İlham Əliyev Prezident kimi fəaliyyət göstərdiyi illər ərzində isə ölkəmizin ictimai-siyasi həyatının hər bir sahəsində, o cümlədən məhkəmə-hüquq sistemində islahatlar uğurla və hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq reallaşdırılıb, vətəndaşların ədalət mühakiməsi vasitələrindən daha səmərəli istifadə etmələri üçün zəruri islahatlar davamlı şəkildə gerçəkləşdirilib. Məhkəmə sisteminin təkmilləşdirilməsinə, Avropa standartlarına tam uyğunlaşdırılması məqsədilə müasirləşdirilməsnə böyük əhəmiyyət verilib. Məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan müstəqil qurum – Məhkəmə-Hüquq Şurası yaradılıb, məhkəmə fəaliyyəti ilə bağlı bütün məsələlər məhz onun səlahiyyətinə aid edilib. 
Prezident İlham Əliyev tərəfindən ötən dövr ərzində məhkəmə sisteminin təkmilləşdirilməsində mühüm önəm daşıyan “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” 19 yanvar 2006-cı il tarixli, “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” 17 avqust 2006-cı il tarixli, “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Qanunun təsdiq edilməsi barədə 22 iyun 2010-cu il tarixli fərmanlar imzalanıb. Bununla da əhalinin məhkəmələrə əlçatanlılığının yaxşılaşdırılması, bölgələrdə hüquq institutlarının inkişafı məqsədilə regional apellyasiya və ağır cinayətlər məhkəmələri yaradılıb, habelə dövlət orqanları tərəfindən vətəndaşların pozulmuş hüquqlarının bərpası ilə əlaqədar inzibati ədliyyə sistemi yaradılmaqla yeni inzibati məhkəmələr fəaliyyətə başlayıb. 
Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirilən hərtərəfli islahatların mühüm tərkib hissəsi olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli fərmanı ilə bu sahədə yeni bir mərhələnin əsası qoyulub. Yeri gəlmişkən, ölkə rəhbəri tərəfindən belə bir mühüm sənədin imzalanması dövlətimizin başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, bu sahədə həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir. Başqa sözlə, cənab Prezident tərəfindən imzalanan müvafiq fərman ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və məhkəmə-hüquq orqanlarının şəffaflaşdırılması ilə bağlıdır. 
Ədliyyə sisteminin inkişafının strateji prioritetlərini müəyyənləşdirməklə bu sahədə ən aktual məsələlərin və problemlərin həllini nəzərdə tutan adıçəkilən sənəd mühüm əhəmiyyətə malik proqram xarakterli “yol xəritəsi”dir. Bu “yol xəritəsi”nin əsas məqsədi müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirməklə onun keyfiyyətini və səmərəliliyini yüksəltmək, bütövlükdə məhkəmə hakimiyyətinə ictimai etimadı, əlçatanlığı və fəaliyyətində şəffaflığı artırmaqdır.
Fərman iqtisadi artımda mühüm əhəmiyyət daşıyan sahibkarlığın inkişafı, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmə fəaliyyətinə müdaxilələrin qarşısının alınması, icraatın səmərəliliyinin artırılması və süründürməçilik hallarının aradan qaldırılması, hakimlərin iş. yükünün azaldılması və s. problemlərin həllində qarşıya mühüm vəzifələr qoyub.
Burada mühüm bir məqamı da xatırlatmaq yerinə düşərdi. Ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, işlərə daha operativ baxılması və vətəndaş məmnunluğunun təmin olunması baxımından Azərbaycan Prezidentinin 2014-cü il 13 fevral tarixli sərəncamı ilə yaradılan “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. Yeri gəlmişkən, dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə ötən ilin dekabrında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanununda dəyişikliklər edilərək iqtisadi mübahisələr üzrə işlərə kağızsız, elektron qaydada baxılmasına keçilib, hakim və sahibkar arasında münasibətlərin tamamilə elektron qaydada tənzimlənməsi təmin olunub. Elektron məhkəmənin komponentlərindən olan “elektron şəxsi kabinet” vasitəsilə, həmçinin məhkəmələrə elektron qaydada iddia verilməsi, məhkəmə proseslərinin izlənilməsi, sənədlərin elektron mübadiləsi, məhkəmə qərarlarının elektron dərci, işlərin hakimlər arasında təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi mümkündür.
Ötən dövrdə sistemin tətbiqi üzrə məhkəmələr zəruri infrastrukturla təchiz olunub, Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində köhnə məhkəmə binalarında da uyğunlaşdırma işləri aparılaraq lazımi avadanlıq quraşdırılıb. Hazırda Məhkəmələrin Vahid Portalı, Məhkəmə Prosesi İştirakçısının Şəxsi Kabineti, Elektron İcra, Məhkəmə Qərarlarının Vahid Bazası və bir sıra alt sistem və modulları uğurla tətbiq olunur.
Dövlətimizin başçısının yuxarıda adıçəkilən 2019-cu il 3 aprel tarixli fərmanında da “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə respublikanın bütün ərazisinin əhatə olunmasına və sistemin bütövlükdə ahəngdar işləməsinin reallaşmasına yönələn tapşırıqlar öz əksini tapıb. Başqa sözlə, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərman elektron məhkəmənin tətbiqi ilə bağlı təşkilati işlərin yekunlaşdırılmasını, onun funksionallığının artırılmasını, fiziki və hüquqi şəxslərin bu sistemdən istifadəsinin təşviqini şərtləndirib.
Ədliyyə sistemində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqindən danışarkən, Azərbaycanın məhsulu olan “Mobil notariat qovluğu”nu da qeyd etmək istərdim. Belə ki, müvafiq proqramı telefona yükləməklə vətəndaşın elektron notariat kabineti yaradılır və notariat fəaliyyəti ilə bağlı bütün məlumatların yüklənməsi təmin edilir.
Bütün bu müasirləşdirilmə, yeniləşdirilmə tədbirləri nəticəsində Azərbaycan məhkəmələrində səmərəlilik, şəffaflıq, əlçatanlıq baxımından böyük nailiyyətlərə imza atılıb. Bir çox elektron ədliyyə xidmətlərinin artıq digər ölkələrdə tətbiqinə başlanılıb. Elektron məhkəmə texnologiyalarının istifadəsi məhkəmə strukturlarının məhsuldarlığını bir neçə dəfə artırıb, bu sahədə vəsaitin qənaət edilməsinə imkan verib. Bu uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, həmçinin ədliyyə sistemində özünü dünyaya tanıtdırmağa imkan verib. Yeri gəlmişkən, bir çox ölkələr ədliyyə sahəsində Azərbaycanın müsbət təcrübəsini bölüşməsi üçün Dünya ­Bankına müraciət edirlər.
Ədliyyə Nazirliyi Azərbaycanda informasiya texnologiyalarının tətbiqi sahəsində ən qabaqcıl qurumlardan biridir. Ədliyyə sistemində tətbiq olunan müasir informasiya texnologiyaları hər bir qurum üçün vacibdir. Hazırda Azərbaycan ədliyyəsində ən müasir texnologiyalar tətbiq edilir. Bu isə digər ölkələrin də diqqətini çəkir və müsbət qarşılanır. Məhz görülən işlərin nəticəsidir ki, Dünya Bankının “Doing Business 2020” hesabatında yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin rəqəmsallaşdırılması, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya institutunun tətbiqi üzrə görülən tədbirlər müsbət nəticələr kimi əks olunub.
Ədliyyə nazirinin ötən ay Strasburqa səfəri zamanı məhkəmə-hüquq sistemindəki islahatlar, xüsusilə dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli fərmanı və onun icrası üzrə qısa müddətdə intensiv işlərin görülməsi Avropa Şurasının yüksək rəsmiləri tərəfindən qeyd olunub və Azərbaycanın bu sahədə yaxşı təcrübəsinin Avropa Şurası tərəfindən yayıldığı bildirilib. Avropa ədliyyə nazirlərinin konfransında da məhkəmə-hüquq sahəsində Azərbaycan təcrübəsinə böyük maraq göstərilib.
Burada bir məqamı da xatırlatmaq istərdim. Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən son 16 il ərzində milli qanunvericiliyin beynəlxalq tələblər səviyyəsinə çatdırılması daim diqqət mərkəzində saxlanılıb. Bunun nəticəsidir ki, Azərbaycan bu müddətdə bir sıra mütərəqqi beynəlxalq təşəbbüslərə, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasına, Avropa Şurasının Korrupsiyaya ilə əlaqədar cinayət və mülki hüquqi məsuliyyət haqqında Konvensiyalarına qoşulub. Şübhəsiz ki, bütün bunlar korrupsiya ilə əlaqədar hüquqpozmaların aşkarlanması, qarşısının alınması, nəticələrinin aradan qaldırılması, sosial ədalətin bərpa edilməsi, əhalinin dövlətə etimadının möhkəmləndirilməsi, peşəkar kadrların dövlət orqanlarına və yerli özünü idarəetmə orqanlarına qulluğa qəbul olunmağa həvəsləndirilməsi, habelə vəzifəli şəxslərin fəaliyyətində şəffaflığın və səmərəliliyin artırılmasına öz müsbət təsirini göstərib. 
Yuxarıda qeyd edilənlərdən belə bir qənaət hasil olur ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi hərtərəfli inkişaf strategiyasını uğurla həyata keçirən Azərbaycan ­Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızın ictimai həyatında mühüm nailiyyətlərə imza atılıb, davamlı sosial-iqtisadi tərəqqiyə nail olunub. Bütün sahələrdə, o cümlədən ədliyyədə geniş islahatlar gerçəkləşdirilib, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması məqsədi ilə innovasiyalar tətbiq olunub, vətəndaşlara və sahibkarlara məhkəmələrə müraciət etmək üçün yaradılan elektron imkanlar, eləcə də şəxsi kabinet, elektron müraciət kimi uğurlu, sistemli və ardıcıl layihələr Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyini artırıb, məhkəmələrə olan inamı daha da gücləndirib. 

 

Zaur PİRVERDİYEV, 
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi

14 Noyabr 2019 01:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə