Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gələn ilin dövlət büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək

Gələn ilin dövlət büdcəsi Azərbaycanın sosial-iqtisadi inkişafını daha da sürətləndirəcək

Azərbaycanda iqtisadi fəallığın hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərir, makroiqtisadi sabitlik qorunur. Həmçinin, yüksək iqtisadi inkişaf amilləri iqtisadiyyatın qeyri-neft sektoruna böyük həcmdə investisiyaların yatırılmasına imkan verir. Xarici sərmayələrin üstünlük təşkil etməsi isə onu göstərir ki, Azərbaycan investisiyalar üçün cəlbedici ölkədir və xarici sərmayə respublikamızda lazımi səviyyədə nəzarətdə saxlanılır. 

Bütün bunlarla bərabər, son illər ölkəmizdə makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, ixrac potensialının artırılması, sosialyönümlü siyasətin prioritetliyinin qorunub saxlanılması, maliyyə intizamı və şəffaflığın gücləndirilməsi kimi məsələlərə daha çox önəm verilir. Eyni zamanda, büdcənin sosialyönümlü xarakter daşıması da diqqət mərkəzində saxlanılır. Bu da təsadüfi deyil. Çünki indiyədək respublikamızda əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlər milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin azaldılmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkəmizin məşğulluq strategiyasının səmərəliliyinə əlverişli şərait yaradıb. 
Milli Məclisdə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi də aydın göstərir ki, gələn ilin dövlət büdcəsi əvvəlki illərdə olduğu kimi, sosialyönümlü olacaq. Başqa sözlə, dövlət büdcəsinin sosialyönümlüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq saxlanılacaq. 
Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu inkişaf strategiyası 2019-cu ilin ötən dövründə iqtisadiyyatın yüksəlişini təmin edib. Ölkənin bütün makroiqtisadi göstəricilərində artım müşahidə olunur.
Xatırladaq ki, ötən ilin aprelində Prezident İlham Əliyev andiçmə mərasimindəki çıxışında müəyyənləşdirdiyi strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar iqtisadi inkişafımıza yeni dinamika gətirib. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sahəsində, xüsusən vergi və gömrük sistemində islahatlardan sonra bu gün genişmiqyaslı struktur islahatları aparılır, dövlət idarəçiliyinə yeni yanaşmalar tətbiq edilir, o cümlədən gəncləşdirmə siyasəti həyata keçirilir.
Dünya Bankının hazırladığı sonuncu “Doing Business” hesabatına əsasən, Azərbaycan dünyanın 20 ən islahatçı ölkəsindən biri olub. Biznesə başlama göstəricisinə görə, ölkəmiz dünyada 9-cu yeri tutur. Azərbaycanda ardıcıl xarakter daşıyan islahatlar iqtisadi inkişaf üçün əvvəlki illərdə yaradılmış potensialı daha da möhkəmləndirir və artırır.
Ötən 9 ayda ümumi daxili məhsulun artımı 2,5 faiz təşkil edib. Burada diqqəti çəkən məqam qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının sürətlə artmasıdır.
Oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi, “...son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər”.
Ölkəmizin valyuta ehtiyatları son 1 ildə 9 faizdən çox artaraq 48,5 milyard dollar təşkil edib. Ötən 9 ayda ölkə iqtisadiyyatına 10 milyard manatdan çox investisiya yatırılıb. Bu vəsaitin 60 faizindən çoxu qeyri-neft sektoruna yönəldilib. Bu müddət ərzində əhalinin gəlirləri 8,9 faiz artıb, inflyasiya isə 2,6 faiz təşkil edib. Bunlar əhalinin sosial rifahının daha da yüksəlməsinin mühüm göstəriciləridir.
“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsindən aydın görünür ki, iqtisadi göstəricilərin artımı 2020-ci ildə də davam edəcək. İlk növbədə, gələn il dövlət büdcəsinin gəlirləri 24,1 milyard manat, xərcləri 26,9 milyard manat olacaq. Bu, cari ilin göstəricilərindən müvafiq olaraq 4,2 faiz və 6,8 faiz çoxdur.
Proqnozlara görə, əsas iqtisadi göstərici olan ümumi daxili məhsul 3 faiz, o cümlədən qeyri-neft sektorunda yaradılacaq məhsul 3,8 faiz artacaq. Bunun nəticəsində ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 70 faizə yaxınlaşacaq.
Hər il olduğu kimi, 2020-ci ilin dövlət büdcəsi də əhalinin sosial rifahının yüksəlməsinə, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin güclənməsinə, iqtisadiyyata investisiya qoyuluşunun daha da artmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, dövlət borcu üzrə öhdəliklərin icrasına möhkəm maliyyə əsasları yaradır.
Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturunda diqqəti çəkən mühüm məqamlardan biri cari xərclərin həcminin artmasıdır. Belə ki, 2020-ci ildə cari xərclərin həcmi bu ilə nisbətən ciddi şəkildə, yəni 40 faizə yaxın artacaq.
Ölkə üçün strateji sahələr olan təhsil xərcləri 38 faizdən çox, elm xərcləri 42 faiz, müdafiə və təhlükəsizlik xərcləri 21 faiz artırılacaq. Digər strateji sahələrdə də ciddi artımlar nəzərdə tutulur.
Büdcə sənədlərindən göründüyü kimi, 2020-ci ilin büdcəsi də sosialyönümlü olacaq. Gələn il sosial müdafiə və sosial təminat xərcləri 31 faiz artırılacaq. Nəticədə dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 39 faizə yaxınlaşacaq.
Bu il həyata keçirilmiş iki sosial paketin icrasının gələn il davam etdirilməsi üçün 4 milyard manatadək əlavə vəsait nəzərdə tutulub. Qeyd edək ki, bu sosial paketlərin əhatə dairəsinə 4 milyon 200 min nəfər, bütövlükdə isə hər bir azərbaycanlı ailəsi düşür. 2020-ci ildən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq səhiyyə xərcləri 1 milyard 369 milyon manata çatdırılır. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına göstərilən daimi diqqət gələn il də davam etdiriləcək.

 

“Xalq qəzeti” 

14 Noyabr 2019 01:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə