• RUB: 0.0260
  • TRY: 0.2990
  • EUR: 1.9649
  • USD: 1.7000
  • Bakı + 15.4 ° C / 96%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəran Dövlət Universitetindən ölkə təhsili üçün “ilk” sayılan addım

Lənkəran Dövlət Universitetindən ölkə təhsili üçün “ilk” sayılan addım

Universitet yeni -- 2018-2019-cu  tədris  ilinə ürəkaçan yeniliklərlə qədəm qoyub. Belə ki, kadr hazırlığı aparılan baytarlıq, qida mühəndisliyi, turizm və otelçilik, aqrokimya və torpaqşünaslıq, aqronomluq, meşəçilik, ekologiya və s. ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, maddi-texniki və tədris bazasını gücləndirmək , elm ilə təcrübənin  vəhdətinə nail olmaq məqsədi ilə universitetdə   müasir avadanlıqlarla təchiz edilmiş “Baytarlıq”, “Qida məhsulları texnologiyası” və “Qida təhlükəsizliyi və ekologiyası” və s. laboratoriyalar yaradılaraq müəllim və tələbələrin ixtiyarına verilib.

Universitet rəhbərliyinin təhsildə əyaniliyə nail olmaq məqsədi ilə  İngiltərədən, Rusiyadan, Çin və s. ölkələrdən sifariş etdiyi laboratoriyalar  ölkənin  ali təhsil müəssisələri arasında müasirliyi ilə seçilir və dünya standartlarına cavab verir. Xaricdən gətirilmiş  müasir avadanlıq və cihazların quraşdırılması və iş prinsipinin əməkdaşlara öyrədilməsi üçün  LDU-ya  ixtisaslı, peşəkar  əcnəbi mütəxəssislər dəvət edilib.

İlk olaraq Çin Xalq Respublikasından gəlmiş mütəxəssislər  10 gün  müddətində universitet əməkdaşları  üçün  treninqlər keçirmiş, onları avadanlıq və cihazların iş prinsipi ilə tanış etmişlər. Avropalı  və rusiyalı  mütəxəssislər də bir həftə  ərzində universitetə  gələrək, treninqlərə start verəcəklər.

Qeyd edək ki, həmin avadanlıq və cihazların əksəriyyəti kompyüter və internet şəbəkəsinə qoşulmaqla işləyəcəkdir ki, bu da alınan nəticələrin dəqiq və düzgünlüyünü təmin etməyə imkan yaradacaq. Göstərilən laboratoriyalarda qida məhsullarının kimyəvi tərkibi ilə yanaşı, bitki və heyvan mənşəli toxuma və hüceyrələrin quruluşu, onlarda ətraf mühitin təsiri ilə baş verən dəyişikliklər, xammal və qida məhsullarının tərkibindəki qida əlavələrinin və zərərli birləşmələrin, maddə və elementlərin miqdarı və s. tədqiq ediləcəkdir.

Maraqlı  yeniliklərdən  biri də ərzaq xammalları və qida məhsullarının, suyun, torpağın və s. tərkibində metalların ,  o cümlədən,  ağır metalların miqdarının təyinidir. Rusiya Federasiyasının “Texnoanalit” Elm- istehsalat mərkəzinin (Tomsk şəhəri) istehsalı olan voltampermetrik “TA- Ekolab” analizatoru bu tədqiqatlar üçün etibarlı vasitədir. Həmin qurğu artıq universitetin “Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyasına gətirilib. Yaxın vaxtlarda istehsalçı müəssisənin əməkdaşlarının iştirakı ilə müvafiq təlimlərin keçirilməsi  nəzərdə tutulub.

Tədris prosesində daha bir vacib məqam tədris vəsaitlərinin mövcudluğudur.Alınmış qurğu və avadanlıqların iş proseslərini öyrədilməsi istiqamətində yeni dərsliklər hazırlanır. LDU-nun professoru, texnika elmləri doktoru Mikayıl Məhərrəmovun rəhbərliyi  ilə  “Xammal və qida məhsullarının təhlükəsizliyi” adlı dərslik və eyniadlı laboratoriya praktikumu (dərs vəsaiti) bu qəbildən olan dərsliklər sırasına daxildir.

İki yeni – “Torpaqşünaslıq” və “Baytarlıq cərrahiyyəsi” laboratoriyalarının  quraşdırılması  yaxın günlərdə başa çatdırılacaq.Yeni laboratoriyaların işi ilə tanış olan professor Natiq İbrahimov bütün bunların son olmadığını,  universitetin maddi-texniki bazasının yenilənməsi istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyini deyib.

 

Esmira İSMAYILOVA,
Universitetin mətbuat xidmətinin rəhbəri

 

18 2018 15:45 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin